Sülh üzrə Nobel mükafatı laureatı
Təşkilat
adından təbrikləri qurumun baş katibi, türkiyəli
diplomat Əhməd Üzümçü qəbul edib. Əhməd Üzümçü
1951-ci il avqustun 30-da Türkiyənin Armutlu
vilayətinin Yalova şəhərində anadan olub. Ankara
Universitetinin siyasi elmlər fakültəsinin
xarici əlaqələr şöbəsinin məzunudur. Türkiyənin
İsraildəki diplomatik nümayəndəliyinin keçmiş
rəhbəri, 2002-2004-cü illərdə Türkiyənin
NATO-dakı daimi nümayəndəsi olub. 2006-2010-cu
illərdə Türkiyənin BMT-dəki daimi
nümayəndəliyinin rəhbəri işləyib. Ə.Üzümçü
2008-ci ildə Cenevrədəki Diplomatiya Məktəbində
tərksilah və silahlara nəzarət sahəsindəki
görkəmli xidmətlərinə görə fəxri doktor elmi
adına layiq görülüb.
Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı
1997-ci il aprelin 29-da yaradılıb, müstəqil
beynəlxalq təşkilatdır. Təşkilat Suriya
münaqişəsinin nizamlanmasında birbaşa iştirak
edib. OPCW hələ sentyabr ayında vətəndaş
qarşıdurması şəraitində olan Suriyada kimyəvi
silahların ləğv olunması planını təsdiq edib.
Dünya birliyi təşkilatın Nobel mükafatına layiq
görülməsini razılıqla qarşılayıb. Təşkilatda isə
hesab edirlər ki, yüksək mükafat bütün ölkələri
kimyəvi silahları ləğv etməyin zəruriliyinə
inandırmağa kömək edəcək.
"Mən inanıram ki, Nobel sülh mükafatı qarşıdakı
aylarda bizə kimyəvi silahlardan istifadənin
qadağan olunması konvensiyasını bütün dövlətlərə
yaymaqda kömək edəcək. Ümid edirik ki, biz buna
tezliklə nail olacağıq", - deyə Əhməd Üzümçü
bildirib. Nobel Mükafatları Komitəsinin rəsmi
saytına verdiyi eksklüziv müsahibəsində Ə.Üzümçü
mükafatın təşkilatın fəaliyyətinə yeni stimul
verəcəyini vurğulayıb.
Qeyd edək ki, bu il sülh mükafatına rekord sayda
- 250 namizəd göstərilib ki, onlardan 50-si
beynəlxalq və ictimai təşkilatdır. Nobel
komitəsinin üzvləri isə Əhməd Üzümçünün
rəhbərlik etdiyi təşkilata səs veriblər.
|