Son
illər respublikamızda şagirdlərin vahid məktəbli
formasına keçidi müvəffəqiyyətlə həyata
keçirilib. Hazırda gündəmdə olan məsələlərdən
biri isə müəllimlərin vahid formaya keçidi ilə
bağlıdır. Qeyd edək ki, bir çox inkişaf etmiş
ölkələrdə müəllimlərin xüsusi geyim forması var.
Azərbaycanda da müəllimlərin vahid geyim
formasına keçidi ilə bağlı tez-tez təkliflər
səsləndirilir. Artıq paytaxtın 20-dən artıq
məktəbində könüllü olaraq müəllimlər vahid geyim
formasına keçiblər. Pedaqoqların sözügedən
məsələ ilə bağlı fikirlərini öyrənmək məqsədilə
paytaxtın bir neçə məktəblərində olduq. |
|
Sinfə daxil olan müəllim geyimi ilə nümunə
olmalıdır |
İradə
MURQUZOVA,
171 nömrəli tam orta məktəbin direktoru
- Məktəbimizdə müəllimlərin vahid forması artıq
6 ildir ki tətbiq olunur. Bir dəfə tənəffüs
zamanı iki şagirdin söhbətinə şahid oldum.
Şagirdlər maddi cəhətdən imkanlı və imkansız
müəllimlərin geyimlərini müzakirə edirdilər. Bu,
mənə çox pis təsir etdi və Pedaqoji Şurada
məsələ ilə bağlı müzakirə apardıq. Demək olar
ki, müəllimlərin 90-95%-i vahid formaya keçidi
dəstəklədi. Sonra biz parçalar aldıq və hər bir
müəllim özü üçün forma tikdirdi. Hazırda
məktəbimizdə fəsillərə uyğun olaraq hər
müəllimin 4 müxtəlif forması var. Bu gün artıq
bizim məktəbdə müəllimlərin geyimi nə
şagirdlərdə, nə valideynlərdə, nə də
ictimaiyyətin digər nümayəndələrində narazılıq
yarada biləcək tərzdədir. Düşünürəm ki, sinfə
daxil olan müəllim geyimi ilə nümunə olmalıdır,
müəllim adına xələl gətirməməlidir. Bundan
başqa, müxtəlif peşə sahiblərinin
nümayəndələrinin vahid forması mövcuddur. Bu
forma onları ictimaiyyət arasında da
fərqləndirir. Müəllim əgər bir ictimai
nəqliyyatda və ya digər yerlərdə formada
olarsa özünü daha məsuliyyətli hiss edər.
|
|
Müəllimlərin hamısının eyni geyim formasında
olması yaxşı haldır |
Xatirə
ZEYNALOVA,
171 nömrəli tam orta məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi
- Vahid formaya keçid müəllimlərin şəxsi
təşəbbüsü idi. Şəxsən mən buna müsbət yanaşıram
və vahid geyimin tərəfdarıyam. Ona görə ki,
vahid geyim forması müəllimin şagirdlər arasında
imicinin daha da güclənməsinə xidmət edir. Eyni
zamanda, bunun digər müsbət tərəfləri də var.
Məsələ ondadır ki, müəllimlər də şagirdlər kimi
eyni imkana malik deyil. Elə müəllim var ki,
məktəbə gündə bir paltar geyməyə imkanı yoxdur.
Bəzən bu amil müəllimdə kompleks yaradır,
şagirdlər arasında sıxılır. O da ola bilər ki,
müəllim dəbdəbəli paltar geydiyi üçün
şagirdlərin dərsə olan diqqəti yayınsın. Bütün
bu və buna bənzər digər problemlərin aradan
qaldırılması baxımından müəllimlər üçün vahid
geyim formasının tətbiqinin tərəfdarıyam.
Müəllim vahid geyim formasında sinfə girsə,
şagirdlər qarşısında yaxşı görsənər. O baxımdan,
müəllimlərin hamısının eyni geyim formasında
olması yaxşı haldır. |
|
Hər bir məktəbin özünün xüsusi forması olsa daha
yaxşı olar |
Süsən
SALMANOVA,
201 nömrəli tam orta məktəbin direktoru, əməkdar
müəllim
- Hazırda bizim məktəbdə müəllimlərin vahid
forması tətbiq olunmayıb. Lakin buna baxmayaraq
müəllimlərin geyimi məktəb rəhbərliyi tərəfindən
daim diqqətdə saxlanılır. Düşünürəm ki, müəllim
geyimi, davranışı ilə hər bir şəxsə örnək
olmalıdır. Biz məktəbdə müəllimlərin vahid
forması ilə bağlı müxtəlif müzakirələr aparırıq
və bu məsələ ilə bağlı hazırlıq dövründəyik.
Bildiyiniz kimi, bu məsələyə bir az da həssas
yanaşmaq lazımdır. Çünki vahid formaya keçid
məcburi deyil və pedaqoji kollektivin istəkləri
ön planda tutulmalıdır. Lakin mən bunun
tərəfdarıyam və müəllimlərimizin də demək olar
ki, böyük əksəriyyəti vahid formaya keçməyi
istəyirlər. Müasirliyi və klassikanı özündə əks
etdirən bir forma seçməyi planlaşdırırıq. Məncə
vahid forma müəllimlərdə öz peşələrinə qarşı
əlavə stimul yaradar. Bu, şagirdlərin müəllimə
qarşı olan hörmət və ehtiramını daha da artırar.
Həm də müəllimlər maddi cəhətdən də böyük bir
yükdən azad olarlar. Fikrimcə, hər bir məktəbin
özünün xüsusi forması olsa daha yaxşı olar.
Müəllimlər öz işlədikləri məktəblərə görə
fərqlənsələr rəngarənglik olar. |
|
Məktəbimizdə 2 ildir ki, müəllimlər vahid forma
geyinirlər |
Gülnarə
VƏLİYEVA,
38 nömrəli tam orta məktəbin kimya müəllimi
- Məktəbimizdə müəllimlər üçün vahid forma artıq
2 ildir ki, tətbiq olunur. Vahid formaya keçid
müəllimlərin şəxsi təşəbbüsü idi. Biz müəllimlər
bu formalara keçməklə həm şagirdlərə bir nümunə
olmağı, həm də müəllimlər arasında maddi
cəhətdən fərqlənməyi aradan götürməyi
düşünürdük. Bu məqsədlə forma seçimi üçün ilk
öncə parçalar aldıq və məsləhətləşərək vahid bir
forma seçdik. Sonra hər bir müəllim şəxsi
dərzisində bu formanı tikdirdi. Həmin forma bizə
çox ucuz qiymətə başa gəldi. Artıq hər gün işə
gələndə fikirləşmirik ki, bu gün məktəbə hansı
geyim ilə gedək. Bilirik ki, bizim məktəbə
geyməyə vahid formamız var. Düşünürəm ki, vahid
forma müəllimləri daha da məsuliyyətli edir və
onlarda bu müqəddəs peşəyə qarşı sevgini
artırır. Bundan başqa, şagirdlər də qarşılarında
səliqə ilə geyinmiş müəllim görürlər. Digər
tərəfdən, şagirdin qarşısında müəllimin vahid
formada olması özü də bir tərbiyəvi əhəmiyyət
kəsb edir. |
Niyazi
RƏHİMOV |