Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc
Hüquqşünaslar Birliyinin təşkilatçılığı ilə oktyabr
ayından gələn ilin mart ayınadək "Orta məktəblərdə insan
hüquqlarının tədrisi" layihəsi həyata keçiriləcəkdir.
Birlikdən AzərTAc-a bildirmişlər ki, layihənin başlıca
məqsədi orta ümumtəhsil məktəblərində insan hüquqları
üzrə tədrisin forması kimi gənclərin qeyri-formal
tədrisinin dəyərini qiymətləndirmək və inkişaf etdirmək,
habelə insan hüquqlarını bir mədəniyyət kimi
aşılamaqdır. Bu çərçivədə layihə insan hüquqlarının
tədrisində qeyri-formal təhsil strukturu ilə formal
təhsil strukturunun əməkdaşlığını gücləndirməyi
planlaşdırır. Layihə çərçivəsində Bakı, Mingəçevir və
Yevlax şəhərlərində Konstitusiya hüququ və oxşar fənləri
tədris edən müəllimlər, habelə orta məktəblərdə işləyən
sosial işçilər - psixoloq, uşaq birliyi rəhbərlərindən
ibarət 25 nəfər üçün "Orta məktəblərdə insan
hüquqlarının tədrisi" mövzusunda üçgünlük təlimin
keçilməsi və "Orta məktəblərdə insan hüquqlarının
tədrisi" mövzusunda metodik vəsaitin hazırlanması
nəzərdə tutulur.
Ümumilikdə layihədən birbaşa 75 gənc müəllimin
faydalanması, habelə 1000 nəfərə metodik vəsaitin
paylanılması nəzərdə tutulur. |