Oktyabrın 16-da Yekaterinburq rəhbərinin kitabxanasında
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi
ilə "Azərbaycan Respublikası" mövzusunda daimi
fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi
keçirilmişdir.
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğundan
AzərTAc-a bildirmişlər ki, bu, Yekaterinburq rəhbəri
kitabxanasının Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan
Respublikasının Yekaterinburqdakı baş konsulluğunun və
Yekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə
həyata keçirilən yeni layihəsidir.
Ekspozisiyada respublikanın həyatının müxtəlif
sahələrini əks etdirən ədəbi nəşrlər, videomateriallar
və CD-disklər, ümummilli lider Heydər Əliyev, Azərbaycan
dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında
kitablar və s. nümayiş olunmuşdur. Ekspozisiyanın
kitabxanaya gələnlərə Azərbaycan Respublikası ilə
tanışlıq imkanı yaradan fondu gələcəkdə müntəzəm şəkildə
təkmilləşəcəkdir.
Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu
Sultan Qasımov mərasimi açaraq qeyd etmişdir ki, yeni
ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında
dostluq münasibətlərinin genişlənməsinin növbəti
mərhələsi olmuşdur. O, respublikamız və vilayət arasında
iqtisadi və humanitar sahələrdə münasibətlərin
inkişafından danışmışdır.
Diplomat xüsusilə vurğulamışdır ki, bu il
respublikamızın ictimai-siyasi həyatında əsas hadisə
prezident seçkiləri olmuşdur. S.Qasımovun sözlərinə
görə, seçkilərdə İlham Əliyevin inamlı qələbəsi ölkənin
fəaliyyətdə olan Prezidentinə xalqın yüksək etimadının
növbəti təsdiqidir.
Son 10 ildə Azərbaycanın inkişaf tempindən danışan
S.Qasımov bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin
əvəzsiz rolunu vurğulamışdır. Baş konsul demişdir: "Bu
gün Azərbaycan dünya arenasında, o cümlədən Cənubi
Qafqaz regionunda layiqli yer tutmuşdur. Ölkənin
regionları fəal inkişaf edir. Ölkənin əldə etdiyi bütün
siyasi, iqtisadi və humanitar nailiyyətlər Prezident
İlham Əliyevin yürütdüyü müdrik və çevik daxili və
xarici siyasətinin nəticəsidir".
Baş konsul Heydər Əliyev Fondunun çoxşaxəli
fəaliyyətindən və bu qurumun humanitar sahədə həyata
keçirdiyi geniş əhatəli layihələrdən söz açmışdır. O həm
də Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya
nümayəndəliyinin RF ərazilərində layihələrin
reallaşdırılmasına töhfəsini qeyd etmişdir.
S.Qasımov demişdir: "Yekaterinburqlular iki il əvvəl
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
şəhərimizə gəlişini və 1 nömrəli vilayət kliniki
xəstəxanasının uşaq onkohematoloji mərkəzinə baş
çəkməsini, Fond tərəfindən mərkəzə müasir xüsusi tibbi
avadanlıqla təchiz olunmuş "Sobol" təcili yardım
maşınının hədiyyə edilməsini xüsusi minnətdarlıq hissi
ilə xatırlayırlar. Bugünkü ekspozisiyanın açılışı Fondun
Sverdlovsk vilayətindəki fəaliyyətinin parlaq
nümunəsidir".
Açılış mərasimində RF Xarici İşlər Nazirliyinin
Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr
Xarlov, Sverdlovsk vilayəti qubernatoru administrasiyası
rəhbərinin müavini Vadim Dubiçev, Yekaterinburq Şəhəri
Administrasiya rəhbərinin müavini Sergey Tuşin,
Sverdlovsk vilayətinin beynəlxalq və xarici ticarət
əlaqələri naziri Andrey Sobolev, YUNESKO-nun Ural-Sibir
Mərkəzinin baş direktoru Yuri Borisixin, Fransanın,
Ukraynanın və Macarıstanın Yekaterinburqdakı baş
konsulları çıxış etmişlər.
Açılış mərasiminin sonunda furşet və konsert olmuşdur.
Tədbirin bütün iştirakçılarına milli suvenirlər təqdim
edilmişdir. |