Hörmətli
həmvətənlər!
Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və
qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı
münasibətilə ürəkdən təbrik edir, xalqımıza və
Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün
soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm
səhifəsini təşkil edən islamın bir din kimi
tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer
üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu
əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra
etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa
hazır olmanın və uca Yaradana yaxınlığın sevinc və
fərəhini yaşayırlar.
Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı
kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında
bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir,
cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın,
humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət
duyğularının təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin
əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz
qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə
bir daha hər birinizə bayram təbriklərimi yetirir,
ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət
arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2013-cü il |