Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Beynəlxalq təhsil xəbərləri

 

Məzunları dünyanın ən iri şirkətlərinə rəhbərlik edən universitetlərin adları açıqlanıb 

QS World University Rankings reytinq agentliyi məzunları dünyanın ən iri şirkətlərinə rəhbərlik edən ali məktəblərin siyahısını dərc edib.  Reytinq cədvəli tərtib olunarkən  işəgötürənlərin rəyi əsas götürülüb. Beləliklə, işəgötürənlərin fikrincə, 2013-2014-cü dərs ilində dünyanın 10 ən nüfuzlu universitetlərinin siyahısında hansı universitetlər yer aılb?

1.Oksford Universiteti (Böyük Britaniya),  2.Kembric Universiteti (Böyük Britaniya), 3.Harvard Universiteti (ABŞ), 4.LSE-London İqtisadiyyat və Siyasi Elmlər İnstitutu (Böyük Britaniya), 5.Massaçusets Texnologiya İnstitutu (ABŞ), 6.Stenford Universiteti (ABŞ), 7.London İmperial Kolleci (Böyük Britaniya), 8.Melburn Universiteti (Avstraliya), 9.Mançester Universiteti (Böyük Britaniya), 10.Kaliforniya Berkli Universiteti (ABŞ).

Siyahıdan göründüyü kimi, Oksford tələbə hazırlığı və  beynəlxalq təhsil xidmətləri sahəsində əzəli rəqibləri olan Kembric və Harvard universitetləri ilə dünya əmək bazarında da öndə gedir. Ötənilki siyahıya isə Harvard rəhbərlik edib.  Böyük Britaniya universitetləri 10-luğun tam yarısını təşkil edirlər. Ekspertlər Böyük Britaniya universitetlərinin əmək bazarında rolunu və tələbə mübadilə proqramlarındakı səylərini yüksək qiymətləndiriblər.

Reytinq cədvəli gələcək tələbələrə daha güclü beynəlxalq nüfuza malik  olan universitetlərlə tanış olmağa və uğurlu seçim etməyə imkan verir. 

Siyahıda dünyanın digər reytinqli  ali məktəblərindən Kanadanın Toronto,  Makginli, Britaniya Kolumbiyası, Vaterloo universitetləri, Avstraliyanın Sidney, İsveçrənin Sürix Federal Politexnik İnstitutu, Almaniyanın Münhen Texniki Universiteti yer alıblar.   İşəgötürənlərin nəzərincə, Asiya kontingentində Çin ali məktəbləri ötənilki siyahıdan fərqli olaraq  Honq-Konq universitetlərini üstələyiblər. Pekin və Sinxua universitetləri daha yaxşı mövqedədir. Onlar Sinqapurun Milli Universitetindən öndədirlər.  Yaponiya siyahıda Tokio Universiteti ilə  təmsil olunur.     Latın Amerikasından siyahıda gələcək istedadlı rəhbərlərin hazırlığında rolu olan ali məktəblərdən Argentinanın  Buenos-Ayres və Sao Palo universitetlərinin adları çəkilir.


Amerikalı Odri Krebtri 99 yaşında attestat alıb 

Amerikanın Ayova ştatının sakini  Odri Krebtri orta təhsil haqqında şəhadətnamə almadığından ömür boyu şikayətlənib. Lakin oxumaq heç vaxt gec deyil fikrini əsas götürən  Odri 99 yaşında attestat almağa müvəffəq olub.  "Uçitelskaya qazeta"nın yazdığına görə,  Odri 1932-ci ildə orta məktəbdə təhsilini yarımçıq qoyub. O zaman dərslərini tez-tez buraxdığından attestat almaq üçün tələb olunan balı toplaya bilməyib.

Amerika KİV-in məlumatına görə, idman dərslərinin birində Odri ayağından zədə alıb. Sonra xəstə nənəsinə qulluq etdiyindən məktəbə getməyib. Ailə həyatı qurduqdan sonra isə uşaqların tərbiyəsi ilə məşğul olub. 1957-ci ildə əri Çak Qerds gül mağazası açıb. İki aydan sonra əri vəfat edib və Odri tam 28 il ərzində mağazanı idarə edib. Hazırda onun 5 nəfəsi və 4 nəticəsi var. Nəvələrindən Şelli Xofmanın sözlərinə görə, Odrinin təəssüfləndiyi bircə şey varsa, o da vaxtında attessat ala bilməməsi olub. Məhz Şelli məktəb rəhbərliyinə müraciət edərək nənəsinə attestat verilməsini xahiş edib.

Nəhayət, bir neçə gün əvvəl Odrinin çoxdan gözlədiyi an yetişib, ona attestat  təqdim ediblər. "Onun biznes sahəsində təcrübəsi bizə düşünməyə əsas verir ki, Odri attestat almağa layiqdir", - deyə məktəbin nümayəndəsi bildirib. Vaterloo şəhərində keçirilən attestatın təqdimolunma mərasimində çıxış edən "məzun" "indi mən özümü daha çox ağıllı hiss edirəm, mən heç kimə məktəbi atmağı məsləhət görməzdim"deyib.    


Keçmiş məzundan gözlənilməz hədiyyə 

Yel Universitetinin keçmiş məzunu doğma təhsil ocağına 250 milyon dollar hədiyyə edib.  Bu barədə universitetin rəhbəri Piter Salovey məlumat verib.   Hədiyyə Franklin Resources şirkətinin direktorlar şurasının keçmiş rəhbəri, Yel Universitetini 1954-cü ildə bitirmiş Çarlz Consondan gəlib.  Conson əvvəllər də universitetə yardımlar göstərib. Onun pulları ilə ali təhsil ocağında Amerika diplomatiyası tarixini öyrənən Conson Mərkəzi  yaradılıb.  Mərkəzdə keçmiş dövlət katiblərindən Henri Kissincerə aid  unikal sənədlər saxlanılır. Conson keçmiş prezidentlərdən Bencamin Franklinin şəxsi arxiv materiallarını almaqda da universitetə kömək edib.

Yel Universiteti Consonun son hədiyyəsi ilə iki yeni kollecin inşasını nəzərdə tutub. Sonuncu dəfə Yeldə kollec 1961-ci ildə açılıb. Hazırda universitetin 12 kolleci fəaliyyət göstərir. Yeni kollecin açılması universitet tələbələrinin sayını 15 faiz artırmağa imkan verəcək.

Qeyd edək ki, Yel Universiteti Amerikanın ən nüfuzlu ali məktəblərindən biridir. Çarlz Consonun sərvəti 5,6 milyard dollar təşkil edir. O, Amerikanın 100 ən varlı insanlarından biridir.


Rusiyada məktəbəqədər təhsilin inkişaf etdirilməsi üzrə müsabiqə başlanıb 

Rusiyanın Təhsil və Elm Nazirliyi məktəbəqədər təhsilin inkişaf etdirilməsi ideyası üzrə müsabiqəyə start verib. "Uçitelskaya qazeta"nın  məlumatına əsasən, müsabiqənin keçirilməsində  məqsəd məktəbəqədər təhsilin  federal dövlət standartına keçidi ilə əlaqədar valideynlərə və tərbiyəçilərə uşaqların inkişafına dair faydalı və maraqlı ideyaları bölüşməyə imkan verməkdir. Müsabiqədə iştirak etmək üçün məktəbəqədər tədrisin oyun metodlarına dair videoçarx və ya şəkil, essenin oktyabrın 30-a qədər təşkilat komitəsinə göndərilməsi tələb olunur. 

Oyunlar dedikdə həm  məktəbəqədər təhsil ocaqlarında nəsildən-nəslə keçən ənənəvi oyunlar, həm də  müasir texnologiyalardan istifadəni təkflif edən yeni metodlar nəzərdə tutula bilər. Noyabrın 10-da başa çatacaq müsabiqə 3 nominasiyada keçirilir: "Oyunlar - dünyanın dərkolunma vasitəsi  kimi",  "Məktəbəqədər uşaqlar üçün müasir inkişafetdirici oyunlar" və "Tamaşaçı simpatiyası mükafatı". 

Birinci iki nominasiyada qaliblər müsabiqənin ekspert şurası tərəfindən seçiləcək.  "Tamaşaçı simpatiyası mükafatı" üzrə qalib isə onlayn-səsvermə nəticəsində müəyyən olunacaq.

Qeyd edək ki, sentyabrın 27-də Rusiyada ilk dəfə olaraq məktəbəqədər təhsil işçilərinin peşə bayramı qeyd olunub.  Məktəbəqədər təhsil işçilərini təbrik edən təhsil və elm naziri Dmitri Livanov qeyd edib ki, ölkənin məktəbəqədər təhsil sistemi yeni inkişaf mərhələsinə başlayıb. Məktəbəqədər təhsilin yeni dövlət standartları işlənib hazırlanmış və bu standartlar uşaqların rəngarəng inkişafının dəstəklənməsinə və hər bir uşağın fərdi qabiliyyətlərinin inkişafına xidmət edir.  

Əlavə edək ki, Rusiyada son 150 ildə ilk dəfə olaraq məktəbəqədər təhsil işçilərinin birinci qurultayı keçirilib.   

Xarici mətbuat materialları əsasında hazırladı: 
Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov