Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük
diqqət və qayğı göstərən dövlət başçısı ənənəyə uyğun
olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup
təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə
görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə
təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Təltif
olunanlar əməklərinə verilən qiyməti yüksək
dəyərləndirir, ölkə başçısına minnətdarlıq edirlər.
Onların bir qrupunun bu barədə redaksiyamıza
ünvanladıqları yazıları oxuculara təqdim edirik.
Halal zəhmətin bəhrəsi
Bu
günlər sevinc içindəyəm. Çünki ölkə başçısı tərəfindən
zəhməti yüksək qiymətləndirilərək fəxri ad və "Tərəqqi"
medalı ilə təltif olunan təhsil işçiləri sırasında mən
də varam. Bu il 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü
ilə əlaqədar Sumqayıtdan iki müəllim təltif olunub. Mən
"Əməkdar müəllim" fəxri adına, həmkarım Həqiqət Abbasova
isə "Tərəqqi" medalına layiq görülüb. Hər ikimiz bu
mükafatı təkcə bizə deyil, Sumqayıtın bütün təhsil
işçilərinin əməyinə verilən yüksək qiymət hesab edirik.
Biologiya müəllimiyəm. 1959-cu ildə Zəngəzur mahalının
Qafan şəhərində ziyalı ailəsində anadan olmuşam.
Ailəmizin Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçməsi
ilə əlaqədar 1966-cı ildə buradakı məktəbdə birinci
sinfə getmişəm. 1976-cı ildə orta təhsilimi başa vurmuş,
1984-cü ildə Bakı Dövlət Universitetini bitirib
kimya-biologiya müəllimi ixtisası almışam. 1990-cı ildə
Sumqayıtdakı Gənc Turistlər Mərkəzində diyarşünaslıq
dərnəyinin rəhbəri kimi əmək fəaliyyətinə başlamışam.
1994-cü ildə Sumqayıtdakı 31 nömrəli tam orta məktəbə
müəllim kimi işə qəbul olunmuş və 8 il burada
çalışmışam. 2006-cı ildən isə fəaliyyətimi Sumqayıtın ən
yaxşı ümumtəhsil müəssisələrindən biri kimi tanınan
texniki və təbiət elmləri liseyində davam etdirirəm.
2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olaraq möhtərəm Prezidentimizin
sərəncamı ilə 5 min manat pul mükafatı ilə
mükafatlandırılmışam. Dərs dediyim şagirdlərin
göstəriciləri 2010-2011-ci tədris ilində 77%,
2011-2012-ci tədris ilində 85%, 2013-cü ildə isə 88%
olub. Son 3 ildə yetirmələrimin 7 nəfəri fənn
olimpiadalarının respublika turunun, 4 nəfəri isə
respublika və beynəlxalq müsabiqə və yarışların qalibi
olub.
Son illər ölkəmizdə böyük inkişaf gedir. Bu inkişaf
fonunda təhsilimiz də öz uğurlarını ildən-ilə artırır.
Möhtərəm Prezidentimizin təhsil işçilərinə göstərdiyi
qayğı biz müəllimləri daha yaxşı işləməyə ruhlandırır.
Əməyimi yüksək qiymətləndirdiyinə, peşə bayramımız
ərəfəsində mənə böyük sevinc bəxş etdiyinə görə dövlət
başçısına dərin minnətdarlığımı bildirirəm.
Xalidə NƏZƏROVA,
Sumqayıt şəhər texniki və təbiət elmləri liseyinin
biologiya müəllimi, əməkdar müəllim
"Əməkdar müəllim" adına layiq görülməyim bayram
sevincimi daha da artırdı
Bütün
peşə sahibləri kimi müəllimlər də hər il oktyabrın 5-də
öz peşə bayramlarını təntənəli surətdə qeyd edirlər.
YUNESKO-nun qərarı ilə 1994-cü ildən dünyanın əksər
ölkələrində keçirilən 5 oktyabr - Beynəlxalq Müəllimlər
Gününü hər il ölkəmizdə bir hadisə xüsusilə əlamətdar
və yaddaqalan edir: bu gün ərəfəsində ölkə başçısı
təhsilin inkişafında xüsusi xidmətləri olan
müəllimlərdən böyük bir qrupunu fəxri adlarla, orden və
medallarla mükafatlandırır. Artıq ənənə halını almış bu
hadisə ölkəmizdə çox haqlı olaraq müəllim əməyinə
yüksək dəyər verilməsinin, təhsilə və təhsil işçilərinə
göstərilən diqqət və qayğının ən bariz təzahürü kimi
qiymətləndirilir. Bu il də ənənəyə uyğun təltiflər oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 3 oktyabr 2013-cü il tarixli sərəncamları ilə
bir qrup təhsil işçisi "Əməkdar müəllim" fəxri adına və
"Tərəqqi" medalına layiq görüldü. Pedaqoji
ictimaiyyətimizin böyük rəğbətlə qarşıladığı bu
təltiflər çoxlu sayda müəllimin - ən müqəddəs və şərəfli
peşə sahiblərinin bayram sevincini daha da artırdı.
Onlardan biri də mənəm. Belə ki, mən də möhtərəm
Prezidentimizin sərəncamı ilə "Əməkdar müəllim" fəxri
adı almışam.
1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini
bitirdikdən sonra əmək fəaliyyətinə başlamışam. Uzun
illərdir ki, təhsil sahəsində çalışıram. Binəqədi
rayonunun tam orta məktəblərində müəllim işləmişəm.
2000-ci ildə isə bu rayondakı 135 nömrəli tam orta
məktəbə direktor təyin olunmuşam. Pedaqoji sahədə
səmərəli fəaliyyətimə, dövlətçiliyimizə sədaqətlə
xidmətimə görə müxtəlif təşkilatlar, dövlət qurumları
tərəfindən mükafatlandırılmışam. Lakin "Əməkdar müəllim"
fəxri adı bunların hamısından yüksəkdir. Mən müəllim
üçün ən uca ada layiq görüldüyümə, eləcə də daim
təhsilimizə, müəllimlərimizə göstərdiyi böyük qayğı və
diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə
dərin minnətdarlığımı bildirirəm. Belə yüksək
mükafatları biz məktəb rəhbərləri və müəllimlər həm də
dövlətin bizə etimadı kimi qəbul edir və daha yaxşı
çalışmaq üçün stimul sayırıq.
Əlbəttə, aldığım fəxri adı həm də bir kollektiv rəhbəri
kimi məktəbimizin fəaliyyətinə, son illər qazandığımız
uğurlara verilən yüksək qiymət hesab edirəm. Belə
uğurlarımız isə az deyil. Əvvələn onu qeyd edim ki, son
illər respublikamızda gedən vüsətli və geniş quruculuq
işləri məktəbimizə də təsirsiz ötüşməyib. 1970-ci ildən
istifadəyə verilmiş, lakin bu vaxta qədər təmir
olunmamış məktəbimizin binasında bu il əsaslı təmir
işləri aparılıb. Qış idman zalımız olsa da əlavə yeni
idman meydançası tikilib. Eyni zamanda məktəbimiz yeni,
müasir tədris avadanlıqları və vəsaitləri ilə,
kimya, fizika və biologiya laboratoriyaları lazımi
avadanlıq və cihazlarla təmin edilib. Məktəbimizdə
mövcud olan 3 kompüter otağı İKT-nin tədrisdə tətbiqinə
tam imkan verir.
Son 2-3 il ərzində məktəbimizin müəllimləri də bir sıra
diqqətəlayiq uğurlara imza atıblar. Belə ki, coğrafiya
müəllimi Rafiq İslam oğlu Məmmədov möhtərəm
Prezidentimizin sərəncamına əsasən keçirilən "Ən yaxşı
müəllim" müsabiqəsinin iki dəfə qalibi olub. O, 2009-cu
ildə ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı
ilə təltif edilib. Məktəbimizin fizika müəllimi Aybəniz
Zahid qızı Tağıyeva, kimya müəllimi Sədaqət Qnyaz qızı
Əbdürəhimova cənab Prezidentin sərəncamları ilə
"Əməkdar müəllim" fəxri adına layiq görülüblər. Tarix
müəllimimiz Leyla Əhliman qızı Hüseynova da "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibidir.
Məzunlarımızın ali məktəblərə qəbulu üzrə məktəbimizin
göstəriciləri kifayət qədər yüksəkdir. Belə ki, bu il
məktəbimizi bitirmiş 43 gəncdən 34-ü ali məktəblərə
qəbul üçün sənəd vermiş, onlardan 26-sı tələbə adını
qazanmışdır. 5 məzunumuz 500-dən yüksək bal toplamışdır.
Builki məzunlarımızdan biri - Nərmin Bayramlı isə ali
məktəblərə qəbul imtahanında 687 bal toplayaraq Bakı
Dövlət Universitetinin hüquq fakültəsinə qəbul
olunmuşdur.
Fikrimcə, digər təhsil müəssisələri kimi bizim də
qazandığımız uğurların əsasında dövlətimizin, möhtərəm
Prezidentimizin təhsilə və təhsil işçilərinə diqqət və
qayğısı, kollektivimizin gərgin əməyi durur.
Məktəbimizin kollektivi bu diqqət və qayğını yüksək
qiymətləndirir, bütün qüvvəsini təhsil ocağımızın
nəticələrini yüksəltməyə səfərbər edir.
Sadəgül HƏSƏNOVA,
Bakı şəhəri, Binəqədi
rayonu
135
nömrəli
tam orta məktəbin
direktoru,
əməkdar
müəllim
Fəxri ad qarşımda böyük məsuliyyət qoyur
Ulu
öndərimiz Heydər Əliyev fəxrlə deyirdi: "Mən həyatda
qazandığım bütün uğurlara görə müəllimimə borcluyam!
Müəllim şəxsiyyət yetişdirən peşə sahibidir". Ulu öndər
həmçinin deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad
tanımıram!". Çünki bəşəriyyət uşaqların tərbiyəsini ona
etibar edir. Müəllim yeganə peşə sahibidir ki, cəmiyyəti
idarə edən insanı idarə edir, onlara elm, bilik öyrədir.
25 sentyabr 1956-cı ildə Bərdə rayonu Qaradəmirçi
kəndində anadan olmuşam. 1973-cü ildə həmin kənddəki
orta məktəbi əla qiymətlərlə bitirib H.Zərdabi adına
Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika - riyaziyyat
fakültəsinə daxil olmuşam. 1977-ci ildə univetsiteti
bitirib təyinatla doğma məktəbimizdə riyaziyyat müəllimi
kimi əmək fəaliyyətinə başlamışam. İnformatika və
elektron hesablama maşınlarının əsasları fənninin
tədrisi ilə əlaqədar qabaqcıl iş təcrübəm müəllimlər
arasında yayılmışdır. Buna görə rayon təhsil şöbəsinin
fəxri fərmanı ilə təltif edilmişəm. 2003-cü ildə Bərdə
rayonu F.Sadıqov adına Qaradəmirçi kənd tam orta
məktəbinə direktor təyin olunmuşam. Direktor təyin
olunduğum gündən məktəbdə güclü nizam-intizam
yaradılması, şagirdlərin dərsə davamiyyətinin
yaxşılaşdırılması, onlara hərtərəfli biliklərin
verilməsi, müəllimlərin öz işlərini günün tələbləri
səviyyəsində qurmalarını həmişə diqqət mərkəzində
saxlamışam. Bunun nəticəsidir ki, 2002-2003-cü tədris
ilində məktəbin 1 nəfər məzunu belə ali məktəbə qəbul
olmamışdırsa, 2012-ci ildə məktəb üzrə 45 məzundan 24
nəfəri, 2013-cü ildə isə 30 məzundan 18 nəfəri ali
məktəblərə qəbul olunmuşdur ki, bu da məktəbi bitirən
məzunların 60 faizini təşkil edir. 2008-ci ildə
Azərbaycan müəllimlərinin XIII qurultayının nümayəndəsi
olmuşam, 2009-cu ildə Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş
nişanına layiq görülmüşəm. 2010-2011-ci tədris ilində
məktəbimiz "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində
uğurla iştirak etmiş və qalib olmuşdur.
Rayon təhsil işçilərinin builki sentyabr konfransında
Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndə
seçilmişəm.
Ölkəmizdə təhsilə, müəllimə verilən böyük qiymət,
göstərilən qayğı hər kəsə yaxşı məlumdur. Bu sahədə ulu
öndərin yeritdiyi siyasət bu gün Azərbaycan dövləti
tərəfindən uğurla davam etdirilir.
Məktəb tikintisi, məktəblərin əsaslı təmiri və
maddi-texniki bazasının möhkəmləndirilməsi, "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsi, hər il müəllimlərin
əməyinin qiymətləndirilməsi, onlara fəxri adların
verilməsi fikrimizin əyani təsdiqidir.
3 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" adına
layiq görülmüşəm. Mən bu təltifi Bərdə rayon
müəllimlərinin əməyinə verilən yüksək qiymət kimi
dəyərləndirirəm və bu işdə rolu olan bütün insanlara,
xüsusilə müəllim əməyinə daim yüksək qiymət verən
ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı İlham Əliyev cənablarına dərin təşəkkürümü
bildirirəm. Əməyimə verilən yüksək qiymət mənim üçün
sevindirici olduğu kimi həm də gözlənilməz oldu. Belə
ki axşam saatlarında həmkarlarımın təbrik zəngindən
sonra bildim ki mənə "Əməkdar müəllim" fəxri adı
verilib. Bu təltif mənim qarşımda böyük məsuliyyət
qoyur. Bundan sonra da təhsilimizin səviyyəsinin
yüksəlməsində bütün qüvvə və bacarığımı səfərbər
edəcəyəm.
Hakim ƏLƏKBƏROV,
Bərdə rayon F.Sadıqov adına Qaradəmirçi kənd tam orta
məktəbinin direktoru
"Tərəqqi" medalı almağımı həmkarımdan eşitdim
Həmkarım
zəng edib dedi ki, "Tərəqqi" medalı ilə təltif
olunmusan, adın təltif olunanların siyahısındadır. Bu
xəbəri eşidəndə sevincimdən nə edəcəyimi bilmədim.
Sevinirdim ki, ölkə rəhbərinin imzası ilə bu mükafata
layiq görülmüşəm.
Mən ömrümün 21 ilini müəllimlik peşəsinə həsr etmişəm.
1987-ci ildə Ucar şəhər 2 nömrəli tam orta məktəbini
bitirmişəm. Həmin il Azərbaycan Pedaqoji Rus dili və
Ədəbiyyatı İnstitutuna daxil olmuşam. 1992-ci ildə
institutu müvəffəqiyyətlə bitirib Ucar şəhər 2 nömrəli
orta məktəbə müəllim təyin olunmuşam. İlk dəfə əlimə
jurnal alıb sinfə daxil olanda özümü dünyanın ən
xoşbəxt adamı hiss etmişəm. Çünki artıq tələbə deyil,
hamının hörmətlə yanaşdığı müəllim idim. İxtisasımı çox
sevirəm. Dərslərim o qədər maraqlı keçir ki, zəngin nə
vaxt vurulduğunu hiss etmirəm. Bütün dərslərimdə
interaktiv təlim metodlarından həvəslə istifadə
edirəm. Bunun nəticəsidir ki, şagirdlərim özləri də
keçdiyim dərslərdən razı qalırlar.
1999-cu ildən Azərbaycan Milli Konservatoriyasının
nəzdində olan İncəsənət Gimnaziyasında çalışıram.
Həyatımda təhsillə bağlı yaddaqalan hadisələr çoxdur.
Keçdiyim "açıq dərs"lər, qatıldığım müsabiqələr, aldığım
fəxri fərmanlar əməyimə verilən qiymətlər olub.
2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi olmuşam. Təhsildə
qazandığım uğurlar, tədris illərində əldə etdiyim
nailiyyətlər məni daha da yaxşı işləməyə ruhlandırır.
Yeri gəlmişkən onu da qeyd edim ki, uşaqlarla işləmək
əslində o qədər də asan məsələ deyil. Gərək onların hər
birinin dilini biləsən. Çalışıram onların hər birinin
müəllimi olmaqla bərabər, həm də dostu olum. Həm elmi
biliklər öyrədim, həm də vətənpərvərlik tərbiyəsinin
düzgün təşkil olunmasına nail olum, xalqımızın tarixi,
incəsənəti, mədəniyyəti haqqında onlara ətraflı məlumat
verim, milli dəyərlərimizi aşılayım. Yeri gəlmişkən,
milli vətənpərvərlik tərbiyəsi məsələsi bu gün biz
müəllimlər qarşısında qoyulan ən vacib məsələdir. Bizim
ən ümdə borcumuz ondan ibarətdir ki, uşaqlara bilik
verməklə yanaşı, onların vətənə layiqli övladlar kimi
böyüməsinə də nail olaq.
Peşə bayramımız hamı kimi mənə də əzizdir. Çünki bu
bayram ərəfəsində mənə də "Tərəqqi" medalı almaq nəsib
oldu. Ümummilli lider Heydər Əliyevin və onun layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı
pedaqoji kollektivimizi, bizim hər birimizi daha da
yaxşı çalışmağa ruhlandırır. Sevincimi bütün
həmkarlarımla bölüşürəm və hamısını təbrik edirəm. Bu
sevinci mənə bəxş edən möhtərəm cənab Prezidentimiz
İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Etimadı
gələcək fəaliyyətimdə doğrultmağa çalışacağam.
Leyla ƏSGƏROVA,
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət
Gimnaziyasının müəllimi
Bu şad xəbəri mənə vaxtilə şagirdim olmuş müəllim
yoldaşım çatdırdı
1987-ci
ildə ADPU-nin filologiya fakültəsini fərqlənmə diplomu
ilə bitirmişəm. Müəllim olmaq uşaqlıq arzum olub.
Çalışqanlığım sayəsində arzuma qovuşdum. Bütün
varlığımla şagirdlərimi öyrətməkdən yorulmuram, bilik və
bacarığımdan səmərəli istifadə edirəm. Mütaliəni çox
sevirəm. Hər gün təzə fikir, təzə söz, təzə şeir
oxumasam narahat oluram. 1988-ci ildən 190 nömrəli tam
orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini
tədris edirəm. Azərbaycan dili və ədəbiyyatı
metodbirləşməsinin sədriyəm. Məktəbin ictimai işlərində,
müəllim yaradıcılığı ilə, fəaliyyəti ilə bağlı
keçirilən tədbirlərdə, yarışlarda, müsabiqələrdə daim
iştirak edirəm. 2001-2002-ci tədris ilində "Təhsildə
keyfiyyət ili" çərçivəsində keçirilən "İlin ən yaxşı
müəllimi", "Pedaqoji mühazirələr", "Müasir təlim
metodlarının tətbiqinə dair ən yaxşı metodik tövsiyə"
müsabiqələrində I yerə layiq görülmüşəm. "Abdulla Şaiq"
mükafatı ilə təltif olunmuşam. Dəfələrlə əmək kitabçama
yazılmaqla rəhbərlik tərəfindən təşəkkürlər almışam.
2005-2006-cı tədris ilindən ümumtəhsil məktəblərinin
5-ci və 6-7-ci sinifləri üçün "Azərbaycan dili"
dərsliklərinin, "Ədəbiyyat dərsləri interaktiv təlim
metodlarında" adlı dərs vəsaitinin müəlliflərindən
biriyəm. 2007-2008-ci tədris ilində keçirilmiş "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi olmuşam. Onlarla məqalənin
müəllifiyəm. Yenicə fəaliyyətə başlayan "İşıq qadın"
jurnalının redaktoruyam və s.
İş masamın arxasında əyləşəndə özümü xoşbəxt hiss
edirəm. Şagirdlərim iç dünyalarını mənə açanda ruhən
sakitləşirəm, yaşamaq istəyirəm. Hər gün özümə
haqq-hesab verirəm. Bir sözlə, müəllimlik peşəsinin
vurğunuyam. Yetişdirdiyim şagirdlərimlə fəxr edirəm.
Vaxtilə dərs dediyim şagirdlərdən hazırda mənimlə
çiyin-çiyinə çalışanlar da var. Onlardan biri mənimlə
bir məktəbdə işləyən ibtidai sinif müəllimi Nərgiz
Məmmədovadır. Zəng edib "Əməkdar müəllim" fəxri adını
aldığım barədə şad xəbəri də mənə o bildirdi. Uğurum
barədə şagirdim mənə xəbər verdiyinə görə ikiqat
sevindim. Fəxri ad alan bütün təhsil işçilərini təbrik
edirəm. Əməyimə, fəaliyyətimə verilən böyük qiymətə görə
möhtərəm cənab Prezidentimiz İlham Əliyevə
minnətdarlığımı bildirirəm.
Qənirə ƏMİRCANOVA,
O.Mirzəyev adına 190 nömrəli tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqogika
üzrə fəlsəfə doktoru
Müəllimlik sənətini seçdiyimə görə taleyimdən razıyam
Orta
məktəbdə oxuyarkən həkim olmaq arzusu ilə yaşayırdım.
Ancaq tale məni Bakı Dövlət Universitetinə yönləndirdi.
Bioloq oldum. Müəllimlik sənətini seçdim. Peşman da
deyiləm. İxtisasımı, peşəmi, şagirdlərimi ürəkdən
sevirəm. Bütün varlığımla onlara bağlıyam. Qazancım
dünyalar qədərdir. Şagirdlərimə verə bildiyim savadı,
bilik və bacarıqları, onların mənə sonsuz sevgilərini,
layiq görüldüyüm mükafatları, dövlətin, ölkə başçısının
diqqət və qayğısını nəzərdə tuturam. Şagirdlərimə də
deyirəm ki, Allah eləsin, istədiyiniz peşəyə sahib
olasınız.
1961-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışam.
Şəhərdəki 10 nömrəli tam orta məktəbin məzunu olmuşam.
1986-cı ildə BDU-nun biologiya fakültəsini bitirmişəm,
pedaqoji fəaliyyətə 1989-cu ildə başlamışam. 2000-ci
ildə yaxşı müəllim kimi nəinki gənclik şəhərinin, eyni
zamanda respublikamızın ən qabaqcıl təhsil ocaqlarından
biri olan Təbiət elmləri təmayüllü gimnaziyaya dəvət
edilmişəm. Şəhərin istedadlı və bacarıqlı müəllimlərini
arayıb-axtaran, dəvət edən, onlara hər cür şərait
yaradan bu məktəb mənim də peşəkar bir pedaqoq kimi
yetişməyimdə mühüm rol oynayıb. Buradakı işgüzar mühit,
maddi-texniki təminat, tələb və qayğının düzgün
uzlaşdırılması nəticəsiz qalmayıb.Uğur dalınca uğur
qazanmışam. Əvvəlcə məktəb və şəhər miqyaslı yarış və
müsabiqələrdəki qələbələrim sonralar respublika
miqyasına çıxmağa başlayıb. Elə son nailiyyətlərin
nümunəsi kimi 2012-ci ildə 43 ölkənin iştirakı ilə
keçirilən "İnepo Auroasiya" Beynəlxalq ekologiya
müsabiqəsində şagirdlərim iki qızıl, bir bürünc medal
qazanıblar. Keçən il iki, bu il bir şagirdim orta
məktəbi qızıl medalla bitirib. Bir şagirdim biologiya
üzrə fənn olimpiadasının respublika turunda birinci yerə
layiq görülüb. Şagirdlərim 2012-ci ildə ali məktəblərə
qəbul zamanı biologiya fənni üzrə abituriyentlərin
düzgün cavablarına görə 87,60 faizlə ikinci yerə
yüksəlmişlər.
Sənətimə vurğunluq, gərgin zəhmət, müntəzəm öyrənmək və
axtarışlar, yenilikləri öyrənib işimə tətbiqim hər zaman
uğurlarımı təmin edib. Əməyim həm şagirdlər, həm
işlədiyim pedaqoji kollektiv, həm də dövlət tərəfindən
layiqincə qiymətləndirilib. "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşam. Bu günlərdə təltif
edildiyim "Tərəqqi" medalını isə təhsilə, məktəbə,
müəllimə həmişə yüksək qiymət verən cənab Prezidentimiz
İlham Əliyevin xüsusi qayğısı kimi qiymətləndirirəm.
Bunu təkcə özümə yox, bütün iş yoldaşlarımın əməyinə
verilən layiqli mükafat hesab edir və biz təhsil
işçilərinə göstərdiyi bu qayğıya görə dövlətimizin
başçısına təşəkkürlərimi bildirirəm.
Həqiqət ABBASOVA,
Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyanın
müəllimi |