Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

Azərbaycanda yeni təhsilalma forması - distant (məsafədən) təhsil bizə nə verəcək?

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə aparılmış tədqiqatların nəticələri

Tətbiqi Tədqiqatlar Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi  "Azərbaycanın ali və orta ixtisas təhsili sistemində distant təhsilin perspektivləri: problemin tədqiqi, müzakirəsi, təbliği" layihəsi başa çatdırılmışdır. Layihə cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan təhsil sahəsinin aktual problemlərindən birinə həsr edilmişdir.

Azərbaycan təhsil sistemi zamanın tələblərinə uyğun olaraq böyük islahatlar və yeni mühitə adaptasiya dövrünü yaşayır. Təhsilin, o cümlədən ali və orta ixtisas təhsilinin forma və məzmununda hazırkı ictimai-iqtisadi mühitin tələblərinə uyğun olaraq addımlar atılır. Avropanın və dünyanın sosial-iqtisadi və mədəni  məkanına inteqrasiya edən Azərbaycan bu məkanın əmək bazarının standartlarına cavab verən kadrlar hazırlamaq, öz böyüyən nəslinin rəqabətqabiliyyətliliyini təmin etmək üçün məqsədyönlü şəkildə iş aparır.

Təhsil sahəsində yerinə yetirilən bu işlərin uğurla aparılması və arzu olunan nəticələrin əldə edilməsi üçün cəmiyyətin bütün qüvvələrinin gücünün birləşdirilməsinə böyük ehtiyac vardır.  Bu cəhətdən təhsil ictimaiyyətinin, təhsil problemləri üzrə mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının görə biləcəyi işlər kifayət qədər çoxşaxəlidir. Cəmiyyətin özündən gələn təşəbbüslərə böyük ehtiyac vardır ki, bu işdə də qeyri-hökumət təşkilatlarının rolu əvəzsizdir.      

Layihə çərçivəsində distant təhsil üzrə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinin öyrənilməsi, bu təhsil formasının tətbiqi baxımdan Azərbaycan təhsil mühitinin və perspektivlərinin araşdırılması, distant təhsilin maddi-texniki bazasının tələblərinin dəqiqləşdirilməsi, distant təhsilin informasiya  texnologiyaları təminatı imkanlarının analizi, elmi metodik təminat problemlərinin aşkarlanması, nəzarət və sertifikatlaşma, akkreditasiya problemlərinin araşdırılması və s.  istiqamətində işlər görülmüşdür.

Aparılan tədqiqatlar əsasında  çıxarılmış nəticə və  təklifləri təqdim edirik:

* Distant təhsil dünyanın inkişaf etmiş ölkələrində son onilliklər dövründə geniş yayılmış təhsil formalarından biri olmaqla böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Texnika və texnologiyaların müasir dövrdə inkişaf tempinin yüksəlməsi, nəzəri elmi fikrin və uyğun olaraq praktikanın genişlənməsi sürəti təhsilin bütün mərhələlərinin, xüsusən də ali, orta ixtisas və peşə təhsilinin də sürət templərini qəbul etməsini, onlarla ayaqlaşmasını tələb edir. Əldə olunan biliklər bu inkişaf tempinə uyğun olaraq sürətlə köhnəlir və onların təzələnməsinə, yeniliklərin vaxtaşırı və fasiləsiz olaraq mütəxəssislərə çatdırılmasına ehtiyac yaranır. Belə bir şəraitdə bütün yaş kateqoriyasından olan insanları əhatə etmək, onları elmin və texnologiyanın son nailiyyətləri ilə tanış etməyin ən sərfəli və əlverişli formalarından biri distant təhsildir.

* Müasir dövrün tələbi olan "ömür boyu təhsil" ehtiyaclarını  ödəməyin ən optimal forması distant təhsildir. İnsanların öz işlərindən ayrılmadan  ixtisaslarını artırmaq imkanı cəlbedicidir və bu məsələ onların ixtisasını artırmaq və bunun hesabına gəlirlərini artırmaq imkanı verməsi distant təhsilin əlverişliliyini  əyani şəkildə göstərir. 

* Aparılan tədqiqatlar göstərir ki, distant təhsil ali, orta ixtisas və peşə təhsilinin bütün formaları üçün məqbuldur və onların müəyyən zaman kəsiyində tamamilə tətbiqi labüddür. Lakin bu işi başlamaq üçün daha münasib, daha konkret təhsil proqramlarının seçilməsi məqsədəuyğundur. Bu həm təcrübə toplamağa, həm başlanan işi addım-addım təkmilləşdirməyə, həm də prosesin özündə bu sahədə olan nəzəri bilikləri praktikada sınaqdan keçirməyə imkan verir.

* Distant təhsilin uğurunda modul texnologiyasının tətbiqi əvəzsizdir. Belə ki, konkret ixtisas üzrə və konkret məqsədlər üçün təşkil edilmiş modul əsasında proqramların reallaşması ilə daha çevik, daha azsaylı qruplarla lazım olan vəzifələrin həlli və yüksək nəticələr əldə etmək mümkündür.

* Distant təhsildə biliklərin qiymətləndirilməsi və yekun attestasiya məsələləri, alınan ixtisasın sertifikatlaşdırılması bu sahədə diqqət tələb edən və Azərbaycan şəraitində hələ müəyyənləşdirilməmiş problemlərdən biridir. Distant təhsilə nəzarət, onun keyfiyyətinin təmin edilməsi,  məsafədən əlaqə şəraitində şəxsiyyətin identifikasiyası problemi  bütün dünya təhsil sistemində çətin həll olunan məsələlərdəndir. Bunun üçün geniş araşdırma və hazırlıq işlərinin aparılmasına, bu sahədə Azərbaycan reallıqlarının da nəzərə alınmaqla  dəqiq əsasnamənin, norma və qaydaların müəyyənləşdirilməsinə ehtiyac vardır.

* Aparılan sorğunun nəticələrinə görə distant təhsilin mahiyyəti, onun fərqli və oxşar cəhətləri, əhəmiyyəti, üstünlükləri, yaratdığı imkanlar barədə bilgilər tam aydın deyildir. Cəmiyyətdə müəyyən qədər təsəvvür olsa da onun barəsində geniş maarifləndirmə işinin aparılmasına ehtiyac vardır. Nəzərə almaq lazımdır ki, təhsil ictimaiyyəti həmin təhsilin tətbiqində bilavasitə iştirak edən mütəxəssislər kimi bu işi dərindən bilməlidirsə, geniş əhali kütləsinin həmin xidmətin istifadəçiləri kimi məlumatlı olmaları vacibdir. Ölkənin hər bir vətəndaşının distant təhsilin xidmətinə ehtiyacı ola bilər və o bu xidmətdən istifadə imkanına malik olmalıdır.

* Distant təhsilin Azərbaycan şəraitində üzləşə biləcəyi problemlərdən biri dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, elektron tədris materiallarının azlığı, bəzi ixtisaslar üzrə isə ümumiyyətlə olmamasıdır. Nəzərə almaq lazımdır ki, informasiya cəmiyyətlərinin formalaşdığı elm və texnologiya sahəsində sürətli inkişaf getdiyi müasir dövrdə mövcud vəsaitlər də sürətlə köhnəlir.  Dərs materiallarının, xüsusən,  elektron  tədris vasitələrinin hazırlanması və istifadəçiyə çatdırılması işi həmin inkişafla ayaqlaşmalıdır. Bu vəzifə qüvvələrin tam səfərbər edilməsini tələb edir. Buna görə də həmin işin görülməsinə məxsusi  diqqət və vəsaitin ayrılmasına ehtiyac vardır.

* Sorğunun və aparılan digər tədqiqatların nəticələrinə görə distant təhsil qaydasında xaricdə təhsil Azərbaycanda rəğbətlə qarşılanır. Bütövlükdə isə xaricdə təhsil böyük perspektivə malikdir. Bu bir tərəfdən Azərbaycan üçün zəruri olan ixtisaslar üzrə kadr hazırlığı problemini həll etməyə kömək edirsə, digər tərəfdən Azərbaycanın təhsil sisteminin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyasına, onun həmin məkanın rəqabət mühitinə daxil olaraq öz səviyyəsini yüksəltməsinə təkan verir. Bu sahədə çatışmayan cəhət məlumatın kifayət qədər olmaması, dil biliklərində olan çatışmazlıqlar və sairədir.

* Aparılan tədqiqatların nəticələrinə istinad edərək təklif edərdik ki, distant təhsilin uğurlu tətbiqi və onun dəyərli cəhətlərindən maksimum bəhrələnmək üçün:

a) Distant təhsilin tətbiqi və müxtəlif cəhətdən təmin edilməsi üçün vahid mərkəzin yaradılmasına ehtiyac vardır.

b) Distant təhsil haqqında maarifləndirmə işinin genişləndirilməsi üçün aidiyyəti dövlət orqanlarının, geyri-hökumət təşkilatlarının, cəmiyyətin digər qurumlarının gücü vahid istiqamətdə səfərbər edilməli, bu iş planlı şəkildə, məqsədyönlü formada aparılmalıdır.

c) Xaricdə distant formada təhsilin təbliği, təşkili və istiqamətləndirilməsi üçün dövlət əsaslı mərkəzin yaradılması zəruridir.  

İbrahim ƏLİYEV,
Tətbiqi Tədqiqatlar Fondunun sədri, layihənin işçi qrupunun rəhbəri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov