Övladının yüksək biliyə sahib olması, geniş dünyagörüşü,
bacarığı ilə fərqlənməsi hər bir valideynin arzusudur.
Bu arzunu reallaşdırmaq üçün valideynlər uşaqlarının
məktəb yaşı çatdıqda, hətta 1-2 il daha erkəndən
tanış-bilişindən, qohumlarından yaxşı məktəb kimi
tanınan, özünün yüksək təlim-tərbiyə prosesi ilə seçilən
təhsil ocaqlarını soruşur, qabaqcadan uşaqlarını qoymaq
istədikləri təhsil müəssisəsinə gedərək onunla yaxından
tanış olurlar. Əlbəttə ki, bu, təbii bir prosesdir və
valideyn öz övladı üçün həyatda hər bir şeyin
mükəmməlini, yaxşısını istəyir. Ailələrdə məktəbin
seçimi ilə yanaşı, ata-ana tərəfindən uşağının hansı
dildə təhsil alması məsələsi də gündəmdə durur. Elə
valideynlər var ki, nəinki öz ailəsində, eləcə də onu
tanıyanlar, əhatə edən insanlar, qohumları ilə yalnız
Azərbaycan dilində danışmasına baxmayaraq, uşaqlarının
məktəbdə təhsilini rus dilində almasını istəyirlər.
Valideynlərdən bəziləri bunu uşaqları rus dilində təhsil
alarsa onların daha intellektli, həyatda özünü
təsdiqləməsində daha sərbəst olmaları ilə, həmçinin bu
dildə tədris vəsaitlərinin çox olması və yaxud digər
amillərlə izah etsələr də, bəziləri "şan-şöhrət"
xatirinə və ya atalar misalında deyildiyi kimi,
"qonşudan geri qalmamaq" üçün edirlər. Öz övladı ilə
doğulduğu gündən məktəb yaşına qədər yalnız Azərbaycan
dilində danışan, rus dilində tək bir kəlmə belə bilməyən
və həmin dildə danışılan ən sadə sözləri başa düşməyən
valideynlərin əslində, uşağının bu dildə təhsil alması
ilə bağlı seçimini nə dərəcədə düzgün saymaq olar?
Doğrudanmı, belə ailələrin uşaqları onların
ata-analarının dediyi kimi, təkcə məktəbdə təhsillərini
rus dilində almaqla nəinki bu dili çox rahat şəkildə,
asanlıqla öyrənər, hətta fikirlərini sərbəst şəkildə
bildirə bilərlər? Bu məsələ ilə bağlı pedaqoq və
psixoloq fikrini bilmək düşünürük ki, valideynlərimizlə
yanaşı, oxucularımız üçün də maraqlıdır.
Belə şagirdlərlə məşğul olarkən çoxlu problemlərlə
üzləşirik
Nailə ŞÜKÜROVA,
Bakı Avropa Liseyinin rus bölməsinin ibtidai sinif
müəllimi
-
Əslində ailəsində hər zaman Azərbaycan dilində danışan,
rus dilini bilməyən valideynlərin övladlarının məhz rus
dilində təhsil almaq istəməsi rus bölməsində dərs deyən
müəllimləri də düşündürür. Biz müəllimlər tədris
prosesində valideynləri rus dilində danışa bilməyən
ailələrdən olan şagirdlərlə məşğul olarkən bir çox
çətinliklərlə üzləşirik. Mən bunlardan bir neçəsini qeyd
etmək istərdim. Məsələn, tapşırıqları icra edərkən evdə
uşağa yardım olunmur; uşaq çalışmanın və verilən
tapşırığın, dərsliyin mənasını anlamır; mətnin yazılı,
şifahi nəqlində və mənasında çətinlik çəkir; isim və
sifətlərin sonluqlarında orfoqrafik və üslub səhvləri
buraxır; imlaların yazılışı zamanı səsləri eşitdiyi kimi
yazdığı üçün tez-tez səhvlər edir. Beləliklə,
həmyaşıdları ilə müqayisədə rusdilli olmayan uşaqların
nitqinin inkişafı ləng gedir. Uşaq proqramdan geri
qalmağa başlayır və təlimə marağı itir. Nəticədə o,
proqramı mənimsəmir.
Bilirsiniz, ailəsində rus dilindən istifadə edilməyən,
ata-anası, onu əhatə edənlərlə yalnız Azərbaycan
dilində danışan, ünsiyyət quran uşaq rus dili üçün bir
növ "xariciyə" çevrilir, yəni heç nə başa düşmür.
Fikrimcə, uşağın rus dilində ünsiyyət qurması üçün
rusdilli mühitdə olması mütləq şərtdir. Məktəbəqədər
dövrdə dil vərdişləri formalaşdığı üçün uşağın
inkişafında bu mühitin yaradılması xüsusilə vacibdir.
Məhz bu dövrdə uşaq onu əhatə edən mühitlə tanış olur,
sözləri, söz birləşmələrini və şeirləri asanlıqla yadda
saxlayır. Mən həmin uşaqlarla məşğul olarkən müxtəlif
forma və üsullardan istifadə edirəm. Məsələn, şeirlərin
əzbərlənməsi uşaqlarda yaxşı danışıq və normal
intonasiya əldə etmək üçün ən yaxşı üsullardandır. Söz
ehtiyatının çoxaldılması söz düzəltmək üçün vacibdir.
Uşaqlar yeni söz yaratmağı sevir. Şagirdlər şifahi xalq
ədəbiyyatı - nağıllar, əfsanələr, atalar sözləri ilə
tanış olmalıdırlar. Onlar kino və cizgi filmlərinə
tamaşa etməli, audio diskləri dinləməli və öz sözləri
ilə öyrəndiklərini nəql etməlidirlər. Rus dilində olan
uşaq tamaşalarını izləmək də uşaqların bu dili
öyrənməsində effektiv nəticə verir. Belə ki, burada uşaq
təkcə rus dilində düzgün nitqi eşitmir, həm söz
ehtiyatını artırır, həm də estetik inkişaf əldə edir. Bu
uşağın inkişafında motivasiya olur, rus dilini
öyrənməsində əhəmiyyətli rol oynayır. Yazı
bacarıqlarını formalaşdırmaq üçün isə mən tədris
prosesində izahedici, xəbərdaredici imlalardan və yaddaş
üzrə məktubdan istifadə edirəm.
Valideynlərdən heç olmazsa biri uşaqla rus dilində
ünsiyyət qura bilməlidir
Bahar KƏRİMOVA,
Bakı Avropa Liseyinin psixoloqu
-
Doğrudan da bir sıra ailələrdə valideynlər övladlarının
orta məktəbin rus bölməsində təhsil almalarına üstünlük
verirlər. Bu hal hətta valideynlərdən heç birinin rus
dilini bilmədikləri ailələrdə də müşahidə olunur.
Valideynlərlə bunun səbəbini araşdırdıqda onlar bir sıra
arqumentlər gətirirlər. Məsələn, rus dilində resurslar
daha genişdir; bu dildə vəsaitlər daha mükəmməldir; rus
dilində təhsil alan uşaqların dünyagörüşü daha geniş
olur; bu dildə təhsil almaq daha prioritetlidir və s.
Əslində hər bir valideyn övladının orta məktəbdə
təhsilini hansı dildə alacağını müəyyənləşdirərkən
birinci növbədə bu barədə uşağın özü ilə də söhbət
etməlidir. Təəssüf ki, bir çox valideynlər belə hesab
edirlər ki, uşaq çox balacadır və hələ onun bu məsələ
ilə bağlı fikrini soruşmaq düzgün deyil. Ata-ana düşünür
ki, altı yaşında uşaq özünün hansı dildə təhsil almasını
bilə bilməz, o hələ hər hansı bir qərarı verə biləcəyi
yaşda deyil. Lakin hörmətli valideynlər, unutmayın ki,
hər uşaq körpə yaşlarından bir şəxsiyyət kimi
formalaşmağa başlayır. Hər bir uşaq bu yaşda nəyin onun
xoşuna gəlməsini və ya nəyin gəlməməsini söyləyə bilər.
Övladını məhz hərtərəfli inkişaf etmiş, müstəqil
fikirli, özünəinamlı və s. keyfiyyətlərə malik bir
şəxsiyyət kimi formalaşdırmaq hər bir valideynin əsas
məqsədi olmalıdır. Bu nəyə görə vacibdir? Təcrübə
göstərir ki, uşaq onun istəyinin əksinə olaraq rus
bölməsində təhsil almağa məcbur edildikdə bu, onlarda
bir sıra problemlərə səbəb ola bilər. Belə ki, uşaq
tamamilə məktəbə getməkdən imtina edə bilər, sinif
yoldaşları ilə ünsiyyətdə bir sıra problemlər yaranar,
aqressiya halları müşahidə olunar, xüsusilə əgər uşaqda
emosional şəxsi sahədə artıq hər hansı problemlər
mövcuddursa. Valideynlərdən heç birinin rus dilini
bilməməsi isə ailədə bu problemləri daha da
dərinləşdirir.
Uşağın hər hansı bir dili öyrənə bilməsi, o dildə
ünsiyyət qurması üçün birinci növbədə onun mühiti düzgün
təşkil olunmalıdır. Valideynlərdən heç olmazsa biri bu
dildə uşaqla ünsiyyət qura bilməlidir. Övladının
təhsilini rus dilində almasını planlaşdıran valideynlər
yaxşı olar ki, tez-tez onu teatra aparsınlar, rus
dilində inkişafetdirici cizgi filmlərinə birlikdə
baxsınlar, müxtəlif oyunlar oynasınlar, şəkilli nağıl
kitablarını müzakirə etsinlər.
Sual oluna bilər ki, bunları nəyə görə etmək vacibdir?
Bilirsiniz, teatrda, cizgi filmlərində, oyunlarda
emosionallıq var, onlar uşaq üçün maraqlı olur. Bununla
da onun şüuraltı sahəsinə təsir olur, şagird dili
asanlıqla öyrənir, o dildə ünsiyyətdə olmağı xoşlayır.
Əgər valideynlər uşağın rus dilində təhsil almasını bir
məqsəd kimi qarşılarına qoyublarsa yaxşı olar ki, bu cür
mühit uşaq məktəbə getməmişdən əvvəl yaradılsın. Əks
halda həm uşaq, həm də valideyn bir sıra çətinliklərlə
rastlaşa bilər. Bu səbəbdən də hər bir valideyn
övladının hansı dildə təhsil alması üzərində düşündükdə
rus dilində tədrisin daha prioritetli olmasını və sair
üstünlüklərə malik olmasını deyil, ilk növbədə övladının
emosional, intellektual, fiziki inkişafının və
hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmağın
daha prioritetli bir məsələ olduğunu düşünməlidir.
Şagirdin idrak prosesləri düzgün inkişaf etdirildikdə,
dərin, çevik təfəkkür formalaşdıqda hər hansı bir dilə
yiyələnməsi və həmin dildə olan resurslardan faydalanmaq
onun üçün problem yaratmır.
Sonda məni həm valideyn, həm də psixoloq kimi artıq neçə
illərdir ki, narahat edən bir mühüm məsələni də xüsusilə
qeyd etmək istərdim. Bu nədir? Çox təəssüflə qeyd etmək
istərdim ki, cəmiyyətimizdə daha çox uşağın intellektual
sahəsinin inkişaf etdirilməsinə diqqət verilir, lakin
onun emosional sahəsinin inkişafına demək olar ki,
diqqət yetirilmir. Əslində şəxsiyyətin hərtərəfli
formalaşması, öz bilik və bacarıqlarını lazımi səviyyədə
göstərə bilməsi, özünü həyatda xoşbəxt sanması üçün bu
iki sahənin bərabər səviyyədə inkişaf etdirilməsi
vacibdir.
Mən fikirlərimi bütün valideynlərə ünvanladığım sualla
yekunlaşdırmaq istərdim: "Gəlin düşünək, emosional,
mənəvi sahəmizdə problemlər olduqda həqiqətənmi biz
həyatda yüksək nailiyyətlər əldə edə bilmişik və özümüzü
xoşbəxt hesab etmişik?". Məncə, bu barədə bir daha
dərindən fikirləşməyə dəyər.
Söhbəti qələmə aldı:
Samirə KƏRİMOVA |