Naxçıvan Özəl Universitetində 5 oktyabr - Beynəlxalq
Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə universitetin tədris və elmi işlər üzrə
prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim
Kazımbəyli çıxış edərək müəllimləri bayram münasibətilə
təbrik etmiş, şərəfli peşə sahiblərinə göstərilən
qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, müəllim
əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı,
bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik
insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da
inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin
möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim
əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət
quruculuğunun memarlarıdır. Hər birimizin layiqli
vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz
xidmətləri olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev
həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim
haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini
minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında
ürəkdolusu danışardı. Vurğulanmışdır ki, ölkəmizdə son
illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən
kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili
dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil
etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz
gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər
verir. Sevindirici haldır ki, şərəfli peşə sahiblərinə
göstərilən qayğı ölkəmizin ayrılmaz tərkib hissəsi olan
muxtar respublikamızdan da yan keçməyib. Göstərilən
qayğının nəticəsidir ki, təhsildə fərqlənən
müəllimlərimiz fəxri adlarla təltif edilir, onların
əməyi yüksək qiymətləndirilir. Bundan başqa, bu gün
Naxçıvan şəhərində keçirilən təhsil yarmarkaları, orada
kadrların yerləşdirilməsində şəffaflığın təmin olunması
və digər sahələrdə aparılan işlər müəllim əməyinə
göstərilən qayğıdan xəbər verir.
Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının baş
müəllimi Mədəd Səfərov, pedaqogika və psixologiya
kafedrasının müdiri Solmaz Həsənli çıxışlarında
müəllimləri bayram münasibətilə təbrik etmiş, onlara
uğurlar diləmişlər.
Sonda tələbələrin ifasında səsləndirilən bir-birindən
rəngarəng musiqi nömrələri, şeirlər, şən-hazırcavablar
klubunun çıxışı tədbir iştirakçıları tərəfindən
alqışlarla qarşılanmışdır.
Nuray ƏSGƏROVA
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri |