Naxçıvan
Muxtar Respublikasının hər bir bölgəsində olduğu kimi,
Sədərək rayonunda da uğurlu quruculuq işləri aparılır.
Hər il rayonda yeni inzibati binalar, istehsal sahələri
və sosial obyektlər tikilərək istifadəyə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, oktyabrın 8-də
Sədərək rayonunun Heydərabad qəsəbə uşaq bağçasının yeni
binası istifadəyə verilmişdir.
Ali Məclisin sədri Vasif Talıbov açılış mərasimində
iştirak etmişdir.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin
başçısı Həbib İbrahimov bildirmişdir ki, sosial-iqtisadi
inkişaf istiqamətində görülən tədbirlər rayonun simasını
başdan-başa dəyişmiş, yeni inzibati binalar və sosial
obyektlər inşa edilmiş, yollar salınmış, əhalinin rifah
halı yüksəlmişdir. Bu il də rayonda tikinti-quruculuq
işləri davam etdirilir. Hazırda Sədərək kənd tam orta
məktəbinin binasında yenidənqurma işləri aparılır,
yaşayış məntəqələrinə içməli su və kanalizasiya xətləri
çəkilir. Rayonda məktəbəqədər tədris müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi də diqqət
mərkəzindədir. Bu gün Heydərabad qəsəbə uşaq bağçasının
istifadəyə verilməsi bu sahəyə göstərilən dövlət
qayğısının daha bir nümunəsidir.
Ali
Məclisin sədri Heydərabad qəsəbə uşaq bağçasının yeni
binasının istifadəyə verilməsi münasibətilə kollektivi
və sakinləri təbrik etmiş, ümummilli liderimiz Heydər
Əliyevin "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə
cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin,
millətimizin, dövlətimizin gələcəyi bundan asılı
olacaqdır", - fikrini xatırladaraq demişdir: Hər bir
ölkənin gələcəyini təmin etmək üçün ilk növbədə
uşaqların hərtərəfli böyüməsinə ciddi diqqət yetirmək
lazımdır. Bu mənada uşaqların məktəbəqədər tərbiyəsinin
düzgün təşkili, onların hərtərəfli təhsil alması
vacib məsələlərdəndir. Bu gün Heydərabad qəsəbəsində
istifadəyə verilən uşaq bağçasında da gələcəyimiz olan
uşaqlar tərbiyə olunacaqdır.
Ali Məclisin sədri demişdir: Məktəbəqədər təhsil
uşaqların intellektual inkişafında, məktəbə
hazırlanmasında, bacarıq və vərdişlərin
formalaşdırılmasında mühüm rol oynayır. Ona görə də
ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir,
məktəbəqədər təhsil müəssisələrində lazımi şərait
yaradılır, uşaq bağçaları dövlətimiz tərəfindən ərzaq və
lazımi avadanlıqlarla təmin olunur. Heydərabad qəsəbə
uşaq bağçası da müasir avadanlıqlarla təmin edilmiş,
uşaqların sağlam böyüməsi üçün hərtərəfli şərait
yaradılmışdır. Yaradılan şərait intellektli və bacarıqlı
gəncliyin yetişməsinə imkan verəcəkdir.
"Bu işlərin görülməsi üçün ölkədə iqtisadi inkişaf və
sabitlik təmin edilməli, dövlət siyasəti sosialyönümlü
olmalıdır", - deyən Ali Məclisin sədri bildirmişdir ki,
ölkəmizin ən qiymətli sərvəti olan insanlara qayğı
sosial sahədə həyata keçirilən tədbirlərin əsasını
təşkil edir. Gələcəyimizi təmin etmək üçün uşaqlar
vətənpərvər və sağlam böyüməlidirlər. Bununla yanaşı,
təlim-tərbiyənin səmərəliliyinin artırılması, uşaqların
hərtərəfli hazırlanması üçün müəllim və tərbiyəçilər
valideynlərlə birlikdə səy və bacarıqlarını
əsirgəməməlidirlər.
Ali Məclisin sədri yeni uşaq bağçasında ölkəmiz üçün
sağlam gəncliyin yetişdiriləcəyinə əminliyini bildirmiş,
kollektivə işlərində uğurlar arzulamışdır.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra binaya
baxış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3
mərtəbədən ibarət olan binada tikinti işləri yüksək
keyfiyyətlə aparılmış, müxtəlif yaş qrupunda olan
uşaqların məktəbəqədər tərbiyəsinin günün tələbləri
səviyyəsində qurulması üçün lazımi şərait yaradılmışdır.
Binada yataq otaqları, yeməkxana, tədbirlər və oyun
zalları, valideynlər otağı, metodist otağı, mətbəx,
ərzaq anbarı, camaşırxana və fərdi qazanxana vardır.
144 yerlik bağçada 8 qrup fəaliyyət göstərir. Uşaqların
təlim-tərbiyəsi ilə 15 tərbiyəçi məşğul olur. Pianino və
mebel avadanlıqları ilə təchiz olunmuş tədbirlər və
şənliklər zalında uşaqların ifasında ədəbi-bədii
kompozisiya təqdim edilmişdir. Uşaqlar vətənimizə, ulu
öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş,
mahnı oxumuşlar.
Ali Məclisin sədri uşaqlarla xatirə şəkli çəkdirmişdir.
Uşaq bağçası ilə tanışlıqdan sonra Heydərabad qəsəbə
sakinləri ilə görüşən Ali Məclisin sədri demişdir:
Heydərabad qəsəbəsi ümummilli liderimiz Heydər Əliyevin
adını daşıyan ilk yaşayış məntəqəsidir. Son illər
Heydərabad qəsəbəsində yaradılan müasir infrastruktur
yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun
təmin olunmasına və məskunlaşmanın artmasına imkan
vermişdir. Bu gün istifadəyə verilən uşaq bağçası da
qəsəbənin sosial həyatında mühüm hadisə olmaqla yanaşı,
əhalinin rahatlığına xidmət edəcəkdir. Ali Məclisin
sədri Sədərək rayonunun inkişafı istiqamətində həyata
keçirilən tədbirlərin bundan sonra da davam
etdiriləcəyini bildirmiş, sakinlərə firavan həyat
arzulamışdır.
Rayon sakinləri Sədərəkdə gedən kompleks inkişafı yüksək
qiymətləndirmiş və bildirmişlər ki, bu gün ölkəmizdə
sabitlik, sürətli sosial-iqtisadi inkişaf vardır. Bu da
bütün yaşayış məntəqələri kimi Sədərək rayonunun
inkişafına da təkan vermişdir. Hər bir sədərəkli
göstərilən dövlət qayğısını iftixar hissi ilə
qarşılayır.
Binanın həyətində də geniş abadlıq işləri aparılmış,
uşaq-əyləncə meydançası yaradılmışdır. |