Oktyabrın
4-də "JW Marriott Absheron" mehmanxanasında Təhsil
Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunmuş 7-ci
Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi
çərçivəsində "Azərbaycanda əmək bazarının inkişafı
naminə yeni təşəbbüslər" adlı "dəyirmi masa"
keçirilmişdir.
"Dəyirmi masa"nın məqsədi ölkəmizin ali təhsil
müəssisələri ilə işəgötürən təşkilatlar arasında
əməkdaşlığın inkişafına nail olmaq, insan resursları
bazarında mövcud problemləri müzakirə etmək, iş
sektorunun ali təhsil müəssisələri ilə əlaqələrini
genişləndirməkdən ibarətdir. Tədbirdə əmək bazarına aid
işçi qüvvəsinin tələblərə uyğunluğu, kadrların
peşəkarlıq səviyyəsinin artırılmasında istifadə olunan
yeni yanaşmalar, təhsillə əmək bazarı arasında
uyğunluğun təmin edilməsi sahəsində təcrübələr, təhsildə
rəqabət, yeni tədris metodlarından istifadənin
əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr
aparılmışdır. Tədbirdə ali təhsil müəssisələrinin
nümayəndələri biznes sektoru ilə əməkdaşlıq
perspektivləri, o cümlədən istək və tələbləri barədə
təmsil etdikləri qurumların mövqeyini ifadə etmişlər.
"Dəyirmi masa"da Azərbaycanın dövlət və özəl sektorundan
iri şirkət və holdinqlərinin insan resursları
departamentlərinin rəhbərləri, ali təhsil
müəssisələrinin tədris üzrə prorektorları və karyera
mərkəzləri rəhbərlərinin iştirakı konstruktiv və
effektiv dialoq mühiti yaratmışdır. Təhsil və iş
dünyasının təmsilçiləri "dəyirmi masa"nın bu qəbildən
ilk belə tədbir olduğunu vurğulamış və Təhsil
Nazirliyinin bu təşəbbüsünün universitetlərdə də davam
etdirilməsinin əhəmiyyətini nəzərə çatdırmışlar. |