Oktyabrın
5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllimlər Gününə
həsr olunmuş tədbir keçirilmişdir.
Öncə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli
lider Heydər Əliyevin və akademik Zərifə xanım
Əliyevanın məzarlarını ziyarət etmiş, məzarları önünə
gül dəstələri qoymuşlar.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl
Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamları ilə 5 oktyabr - Beynəlxalq
Müəllimlər Günü ərəfəsində "Əməkdar müəllim" fəxri adı
və "Tərəqqi" medalı ilə təltif olunmuş təhsil işçilərini
təbrik etmişdir. Nazir qeyd etmişdir ki, təhsil
cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir.
Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyinin,
ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətlərin təhsilin
inkişaf səviyyəsi ilə müəyyən olunduğunu söyləyən təhsil
naziri sürətlə inkişaf edən ölkəmizdə təhsil sisteminin
daim yenilənməli, dünya təhsilindəki sürətli tərəqqi
proseslərindən geri qalmamalı olduğunu nəzərə
çatdırmışdır. Bütün bu məqsədlərə çatmaq üçün ölkə
Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı
proqram və layihələrin həyata keçirildiyinə diqqət çəkən
nazir qarşıda duran əsas hədəflərə çatmaqda müəllimlərin
üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulamışdır.
Təhsil
naziri müəllimlərin öz yetirmələrinə elmi biliklərlə
yanaşı, həm də yüksək mənəvi keyfiyyətlər aşıladığını
nəzərə çatdırmışdır. Müəllim əməyinin ən yüksək ehtirama
layiq olduğunu söyləyən nazir dövlət başçısının
rəhbərliyi ilə son illər təhsil sahəsində əldə olunmuş
nailiyyətlərdən söhbət açmışdır.
Təhsil sahəsinin davamlı inkişafda olduğunu vurğulayan
nazir cəmiyyətin perspektiv inkişafı ilə bağlı
hədəflərinin gerçəkləşməsi işinin müəllimlərin öz
missiyasına necə əməl etməsindən asılı olduğuna diqqət
çəkmişdir.
Dövlət başçısının Azərbaycan təhsilinə, təhsil
işçilərinə daim böyük diqqət və qayğı göstərdiyini
bildirən nazir ənənəyə uyğun olaraq, builki peşə
bayramları ərəfəsində də bir qrup təhsil işçisinin
təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar
müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif
edildiyini nəzərə çatdırmışdır. Təhsil naziri təltif
olunanları təbrik etmiş, onlara yeni-yeni uğurlar
arzulamışdır.
Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə
görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal
və vəsiqələr təqdim edilmişdir. |