Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Xarici tələbələr Azərbaycanda təhsil almalarından məmnundurlar

 

     Azərbaycandan  müxtəlif xarici ölkələrə ali təhsil almaq üçün gedən gənclərimizin sayı ildən-ilə artdığı kimi, xarici ölkələrdən  də respublikamızın müxtəlif ali məktəblərində  oxuyan tələbələrın sayı xeyli çoxalıb. Biz ölkəmizdə təhsil alan əcnəbi  tələbələrlə görüşmək üçün   Bakı Slavyan Universitetində  və  Azərbaycan Dillər Universitetində  olduq. Söhbət zamanı  xarici tələbələr   Azərbaycanda yaşamalarından və bu ölkədə təhsil almalarından  çox məmnun olduqlarını bildirdilər.   


"Biz bir millət, iki dövlətik"

Efkan SAVRAN,

Türkiyə Respublikasının vətəndaşı, Azərbaycan Dillər Universitetinin V kurs  tələbəsi  

Türk dünyasının böyük oğlu Heydər Əliyev demişdir: "Biz bir millət, iki dövlətik". Bu dərin  və  çox  mənalı fikir daim  mənim qəlbimdədir. Mən Türkiyə və ya Azərbaycanda təhsil almağımın fərqli olmayacağını  fikirləşərək burada təhsil almaq qərarına gəldim. Arzum universiteti qurtardıqdan sonra   vətəndaşı olduğum ölkəyə qayıdıb orada diplomatik sahədə  işləməkdir.

Türkiyəyə gedəndən sonra  Bakı şəhəri üçün, xüsusən dostlarım və sevimli müəllimlərim üçün darıxacağam. Amma söz vermişəm ki, Azərbaycandan çox-çox uzaqlarda  olsam belə,  təhsil aldığım  universiteti və dostlarımı  heç vaxt unutmayacağam. 

 


"Özümü evimdəki kimi hiss edirəm"

Ejaz HAMİD,

Pakistan İslam Respublikasının vətəndaşı, Bakı Slavyan Universiteti jurnalistika və Azərbaycan filologiyası fakültəsinin III kurs tələbəsi 

Təhsil almaq üçün Azərbaycanı ona görə seçmişəm ki,  Pakistan dünyada Azərbaycanın müstəqilliyini ilk tanıyan  dövlətlərdən biri olmuşdur. Mən düşündüm ki, xalqlarımız arasında elə doğma tellər var ki, bu səbəbdən mənim ölkəm Azərbaycanı  tanıyanlardan biri olub.  İkinci səbəb  isə eşitmişdim ki, Azərbaycan xalqı Pakistan xalqını çox sevir.

Azərbaycan universitetlərinin hamısı təhsil baxımından çox yaxşıdır. Amma mən rus dilində təhsil almaq istədim və jurnalistika fakültəsini seçdim.  Burada   rus dili   çox yaxşı tədris olunur.

Universitetimizin rəhbərliyi, müəllimləri və əməkdaşları mənim çox xoşuma gəlir. Mən heç hiss etmirəm ki, Pakistanda oxuyuram, ya xarici ölkədə. Özümü evimdəki kimi hiss edirəm. Bura gəlməmişdən əvvəl çox həyəcan keçirirdim ki, xarici ölkəyə gedirəm, dili  və qayda-qanunu bilmirəm. Amma gələndən sonra gördüm ki, vəziyyət tam ayrıdır. Universitet rəhbərliyi, dekanlıq, müəllimlərim  çox mehriban və diqqətcildirlər. Hazırda mən çox böyük uğurla təhsilimi davam etdirirəm.


"Azərbaycan mənim ikinci vətənimdir"

Uz  DİLARA,

Türkiyə Respublikasının vətəndaşı,  Bakı Slavyan Universiteti hazırlıq şöbəsinin tələbəsi (rus dili üzrə)  

- Azərbaycana rus dili və ədəbiyyatı  fənnini öyrənməyə gəldim. Türkiyədə oxumaq istəmədim, çünki Türkiyədə rus topluluğu yoxdur. Gəldiyim üçün də xoşbəxtəm.  Türkiyədə apardığım araşdırmalardan bu fikrə gəldim ki, rus dilini öyrənmək və ədəbiyyatını oxumaq istəyirsənsə, mütləq Bakı Slavyan Universitetini seçməlisən. Müəllimlər və rəhbərlik  hamısı bizimlə ciddi maraqlanırlar.

Universitetdə qayda-qanun yerindədir, dərs proqramları düzgün tərtib olunub. Ən vacibi  budur ki, buradakı müəllimlərin fikri "dərsimi danışım gedim" düşüncəsi deyil, onlar elm öyrətmək üçün tələbələrlə ayrı-ayrılıqda da məşğul olurlar.

Rəhbərliyin tələbələrə qarşı münasibəti, rəftarı  çox yaxşıdır. Aramızda  maraqlı, gözəl dialoqlar olur. Yeri gəlir dost kimi, yeri gəlir psixoloq kimi, yeri  gəlir valideyn kimi bizimlə söhbət edirlər. Buradan bütün tələbə yoldaşlarıma səslənirəm. "Həqiqətən  daxilinizdə oxumaq eşqi varsa və yaxşı  təhsil almaq istəyirsinizsə, Bakı Slavyan Universitetini seçin".

Azərbaycan mənim ikinci vətənimdir. Burada olmaqdan çox məmnunam.


"Azərbaycanda yaşamaq və işləmək istəyirəm"

Lee HEEJUNG,

Cənubi Koreya Respublikasının vətəndaşı, Bakı Slavyan Universiteti jurnalistika və Azərbaycan filologiyası fakültəsinin I kurs tələbəsi 

Azərbaycan hazırda çox inkişaf etmiş ölkədir. Gələcəkdə  bu ölkədə imkanlar daha  da çox olacaq. Bundan əlavə, Azərbaycan xalqından xoşum gəlir. Ona görə də Azərbaycanda yaşamaq və işləmək istəyirəm.  Azərbaycana gəldikdən sonra  fikirləşdim ki, hansı sahədə oxuyum.  Qərara aldım ki, Azərbaycan dilini  öyrənmək  dəyərlidir.  Mən çox ali məktəb axtardım ki, onlardan hansı yaxşı dil təhsili verir. Öyrəndim ki,  BSU-nun təhsili yüksəkdir. Bu səbəbdən bu universiteti seçmişəm. Burada rus dilini öyrənmək üçün  yaxşı şərait var. Bizimlə  dekanlıqda  mehriban rəftar edirlər. Problemlərimizi dinləyir və həll etməyə çalışırlar. Dərs otaqlarımız səliqəlidir. Müəllimlərimiz bacarıqlı, məsuliyyətli və tələbələrə qarşı mehribandırlar. Eyni zamanda BSU-da müəllimlər böyük sevgiylə dərs keçirlər.


"Seçimimdən razıyam"

Seyid Əli HUSEYİN,

Əfqanıstan Respublikasının vətəndaşı,  Bakı Slavyan Universiteti filologiya fakültəsinin  (ingilis dili və ədəbiyyatı) IV kurs tələbəsi  

Azərbaycan bütün sahələrdə inkişaf etmiş ölkədir.  Hətta Şərqi Avropa ölkələrinin çoxundan da inkişaf baxımından irəlidədir. Mən  istərdim ki, gələcəkdə Azərbaycan  və Əfqanıstan arasındakı əlaqələrin inkişafında  fəaliyyət göstərim.  Bu səbəbdən də gələcəkdə hansı vəzifədə olsam, iki ölkə arasında  əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyəm.

Mən burada çox araşdırmalar, təhlillər apardım və belə bir nəticəyə gəldim ki, Bakı Slavyan Universiteti dövlət universitetləri arasında ən yaxşılarından biridir. Daha sonra universitetə müraciət etdim  və əvvəlki fikirlərimin doğruluğuna bir daha əmin oldum.  Tədrisin ilk günlərində  dərslərin ciddi keçirildiyinin  və eyni zamanda tələbə-müəllim münasibətlərinin  səmimi olduğunun şahidi oldum. Günlər keçdikcə, öz seçimimdən razıyam. Hazırda universitetin daxili və xarici proqramlarında yaxından iştirak edirəm.

Universitet  rəhbərliyi - rektor, dekan və dekanlıq əməkdaşları  çox təcrübəli, həm də anlayışlıdırlar. Hər hansı bir problemlə qarşılaşdığımızda onlara dərhal müraciət edirik və  onlar əllərindən gələni əsirgəmirlər.  Müəllimlərim elm sahəsində həqiqətən də təcrübəlidirlər.  Mən onları  heç vaxt unutmayacağam, xüsusən də ingilis dili və fəlsəfə müəllimlərimi. Gələcəkdə harada olursam olum, universitetimlə əlaqələrimi kəsməyəcəyəm.


"İnsanlar olduqca qonaqpərvərdir"

Scheach RHİNE,

ABŞ vətəndaşı, Azərbaycan Dillər Universitetinin hazırlıq fakültəsinin tələbəsi 

2009-cu ildən ailəmlə  birgə  Azərbaycanda yaşayıram. Bu vaxt ərzində dil kurslarında ingilis dili  müəllimi işləmişəm. Buna baxmayaraq, Azərbaycan dilini öyrənməyə vaxtım olmayıb. Mənim üçün yaşadığım ölkənin dilini öyrənmək çox vacibdir.  Amerikaya kimsə səfər etsə, ümid edirəm ki, onlar da ingilis dilini öyrənəcək. Mən Azərbaycanda  yaşayır,   işləyir və oxuyuram. Buna görə də Azərbaycan dilini öyrənmək və bu dildə danışmaq  mənə çox vacibdir.

Qeyd edim ki, Azərbaycan sonsuz potensialı olan böyük ölkədir. Ən əsası insanları  olduqca qonaqpərvərdir. Burada dağlar meşələrlə örtülüb və minillik ənənələri qoruyub saxlayan  kəndlər çoxdur. Xüsusən, İsmayıllı rayonunun Lahıc kəndində  sənətkarlar öz qədim peşələrini davam etdirirlər.

Bu gün Azərbaycan dili üzrə ixtisas təhsili aldığım Azərbaycan Dillər Universitetində çoxlu dostlarım və sevimli müəllimlərim var. Vətənimə qayıdanda da  onları heç vaxt unutmayacağam.


"ADU-da təhsil almaq mənim çoxdankı arzum idi"

Jidde JACOBİ,

Niderland Krallığının vətəndaşı, Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi 

Mən  "Erasmus  Mundus" tələbə mübadiləsi proqramı üzrə Niderlanddan Azərbaycana gələrək ADU-da oxuyuram. Bizim burada oxumağımız üçün hər cür şərait yaradılıb. Universitetin  kitabxanasında bizə lazım olan bütün dərsliklər var. Mən hər gün  bu kitablardan lazımınca istifadə edərək müəllimlərimin tapşırıqlarını vaxtında, özü də keyfiyyətlə  yerinə yetirirəm.

Doğrusu, müəllimlərimdən çox razıyam. Burada təhsil almaq mənim çoxdankı arzum idi. Həyatımda bir neçə dəfə Avropa ölkələrinə səyahət etmişəm, amma Azərbaycana gəlməmişdim. Deməliyəm ki, Azərbaycanda  yaşadığım  ölkədən fərqli olaraq qadınlara münasibət tam fərqlidir. Azərbaycanda  oğlanlar avtobuslarda qızlara yer vermək üçün ayağa qalxırlar. Bizim ölkədə isə bu belə deyil. (Hətta yaşlı  olsa belə...) Bir sözlə, Azərbaycanda  qadınlara  daha çox  hörmət edirlər.

Digər bir məsələni  də qeyd etmək yerinə düşər. Təhsil aldığım  ADU-da müəllimin tələbələrlə ünsiyyət qurması  adi bir haldır. Niderlandda  isə əksinə, tələbələr müəllimlə  dərs prosesində  fəaldır və s.

Azərbaycanda görməli-gəzməli yerlər də çoxdur. Niderlandda isə heç dağ yoxdur. Buna görə də  burada yaşayan insanların çoxu velosipeddən istifadə edirlər.


"Qız qalası, Şirvanşahlar sarayı,  İçərişəhər mənə çox maraqlı gəlir"

Merve KUZUCU,

Türkiyə Respublikasının vətəndaşı, Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi  

Azərbaycan haqqında televizorda baxardım, radiolarda dinləyərdim və internet saytlarında məlumatlar  oxuyardım. Fikirləşərdim ki,  Azərbaycanda yaşlı və cavan nəsillərin həyat tərzi  necədir? Məni maraqlandıran Xəzər dənizi və Azərbaycanın qədim  tikililəri olmuşdur. Onlardan Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər və s. mənə çox  maraqlı gəlir.

Bu gün Azərbaycan təhsil sahəsində çox böyük uğurlar əldə edib və etməkdədir. Belə bir ölkədə,  ADU-da təhsil aldığıma görə çox məmnunam.

Təhsilimi başa vurub vətənimə qayıdanda da Azərbaycandan-qardaş dövlətdən dostlarıma ürəkdolusu danışacağam. Bu gün  sevinirəm ki, iki  qardaş dövlətin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurları   artır və əlaqələri daha da genişlənir. Fürsətdən istifadə edib mənə dərs deyən bütün müəllimlərimə, xüsusən xarici tələbələr dekanlığında çalışan Zülfiyyə xanıma və İlham müəllimə öz  minnətdarlığımı bildirirəm.


"Məqsədim Azərbaycan dilini mükəmməl öyrənməkdir"

Jongwook BYON,

Cənubi Koreya vətəndaşı, Azərbaycan Dillər Universitetinin hazırlıq fakültəsinin tələbəsi 

Azərbaycan çox maraqlı ölkədir. Azərbaycana gələn kimi uşaqlığımla bağlı   çoxlu xatirələr yadıma düşdü. Azərbaycan sürətlə inkişaf edir.  Təbii ki, mən Koreyanı bütün ölkələrdən çox sevirəm, həm də Azərbaycanı...

Burada  azərbaycanlılar mehriban, alicənab insanlardır. Başqalarına kömək etməyi sevir və cəmiyyətin önəmini anlayırlar. Bəzi Qərb  dövlətləri isə  bu dəyəri itirib.

Bu gün mən Azərbaycan Dillər Universitetinin hazırlıq fakültəsinin tələbəsiyəm. Məqsədim Azərbaycan dilini mükəmməl  öyrənməkdir. Çünki Azərbaycan dilində danışmaq mənə xoş gəlir. Təhsil aldığım universitetin  mehriban müəllimləri var. Onlar bizim üçün əllərindən gələni əsirgəmirlər.  


"Bakı gözəl və təmiz şəhərdir"

Han YATİNG,

Çin Xalq Respublikasının vətəndaşı, Azərbaycan Dillər Universitetinin hazırlıq fakültəsinin tələbəsi 

Mənim adım Han Yatingdir. Mən Çindənəm. Çin dostlarımın olduğu ölkədir. Bu gün yaşadığım Bakı çox gözəl və təmiz şəhərdir.  Mənim ən çox xoşuma gələn  cəhət insanların mehribanlığıdır. ADU-da təhsil almağım üçün mənə dərs deyən müəllimlər yaxından kömək edir,  Azərbaycan dili ilə  yanaşı, rus  dilini də öyrənirəm. İndi  rus  dili dünyada daha  önəmlidir  və  həmçinin  Çində də...

Azərbaycan Çinin dostudur. Buna görə də mən burada təhsil almaq və çoxlu dostlar  qazanmaq istəyirəm. Özümə bu yolda yeni uğurlar arzulayıram.

 Hazırladı:  Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov