Görkəmli
elm xadimi, akademik Azad Xəlil oğlu Mirzəcanzadə 29
sentyabr 1928-ci ildə Bakıda anadan olub.
1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun
neft-mədən fakültəsində ali təhsil alaraq dağ mühəndisi
ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə
namizədlik, 1957-ci ildə doktorluq dissertasiyası
müdafiə edib. 1959-cu ildə professor adı alıb. 1962-ci
ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,
1968-ci ildə isə həqiqi üzvü seçilib.
Azad Mirzəcanzadənin aldığı mükafatlar
1.Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1970);
2.SSRİ-nin fəxri neftçisi (1971);
3.SSRİ EA-nın Qubkin adına mükafatçısı (1977 və 1982);
4.SSRİ qaz sənayesinin fəxri işçisi (1978);
5.Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980);
6. İki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni;
7.Azərbaycan Respublikasının "İstiqlal" ordeni.
Akademikin
elmi və pedaqoji fəaliyyəti
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətlə də məşğul olmuş,
ixtisaslı kadrların yüksək səviyyədə hazırlanmasında,
Azərbaycan iqtisadiyyatının inkişafı üçün güclü elmi
potensialın yaradılmasında əvəzsiz xidmətlər
göstərmişdir.
O, müəllim kimi pedaqoji fəaliyyətə Bakı şəhərindəki
44 nömrəli orta məktəbdə, 1944-cü ildə başlayıb.
1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin
nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu
illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək
Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri
işləyib.
Pedaqoji fəaliyyəti ilə yanaşı, Azad müəllimin elmi
fəaliyyəti də müstəsna əhəmiyyət kəsb edir. O,
1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının
Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant,
kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri
vəzifələrində çalışıb. 1958-1968-ci illərdə Azərbaycan
Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat
Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə
SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri
İnstitutunda laboratoriya müdiri, 1969-1973-cü illərdə
SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin
müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş
Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz
dinamikası laboratoriyasının müdiri işləyib. 1992-ci
ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz
Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat
İnstitutunun direktoru vəzifəsində çalışıb.
Akademik Azad Mirzəcanzadə 1992-2001-ci illərdə
Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub,
1993-2001-ci illərdə isə Dövlət Elm və Texnika
Komitəsinə rəhbərlik edib.
Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də 78
yaşında vəfat edib.
Elm sahəsindəki xidmətləri
Akademik Azad Mirzəcanzadənin Azərbaycan elminin
inkişafında müstəsna xidmətləri var. O, elm xadimləri
arasında tətbiqi mexanika və neft-mədən işləri
sahəsindəki qiymətli araşdırmaları ilə məşhurlaşmışdı.
Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası,
riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə
bağlı problemlər məhz Azad Mirzəcanzadə tərəfindən
fundamental elmin nəzəri məsələləri səviyyəsində
araşdırılırdı.
Alimin neft və qaz-kondensat yataqlarının
mənimsənilməsinin və istismarının əsaslarına həsr
olunmuş elmi tədqiqatlarında neft sənayesinin qazma,
istehsal və neft maşınqayırması kimi sahələrinin aktual
problemləri öz həllini tapmışdı.
Azad Mirzəcanzadə 400-ə yaxın elmi əsərin, 50-dən artıq
ixtira və patentin müəllifidir. O, özünün elmi
fəaliyyətində neft və qaz çıxarılması proseslərinin
qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirirdi.
Dəniz neft yataqlarının işlənilməsi sahəsində dinamik
metodların hazırlanması və tətbiq edilməsi Azad
Mirzəcanzadənin başlıca elmi nailiyyətlərindəndir.
Alimin yaradıcılığında elmi tədqiqatlarının son
dövrünün əsas istiqamətlərini neft-qaz yataqlarının
sinergetik analizi təşkil edir.
"Azad müəllim elə bir fenomen idi ki..."
Həlimə
MEHDİYEVA,
respublikanın əməkdar müəllimi, 147 nömrəli texniki-
humanitar liseyin direktoru:
- Azad müəllim haqqında hələ respublika mərkəzi
komitəsində şöbə müdiri işləyərkən eşitmişdim. Bir dəfə
də Neft Daşlarına gedərkən orada görmüşdüm. Bu böyük
şəxsiyyətlə tanışlıq mənim üçün nağıl kimi bir şeydi.
Lisey ideyasını respublikamıza, Bakı şəhərinə gətirən
Azad müəllim olub. İlk dəfə Səbail rayonu 2 nömrəli
məktəbdə riyaziyyat təmayüllü məktəb açıldıqdan sonra
mən həmin məktəbdə direktor müavini işlədim. Azad
müəllim ən azı həftədə iki dəfə məktəbimizə gələrdi.
Birinci dəfə müəllimlər üçün, ikinci dəfə şagirdlər üçün
mühazirə oxuyar, seminarlar təşkil edərdi.
Günlərin bir günündə Azad müəllim evimizə zəng vurdu.
Onda Ali Attestasiya Komissiyasının (AAK) sədri idi.
Mənə dedi ki, siz gəlirsiniz AAK-a. Mənim sizinlə
söhbətim var. Durdum getdim. Azad müəllim dedi ki, Xətai
Rayon İcra Hakimiyyətindən xahiş etmişəm. Neft rayonu
olduğu üçün mən bu rayonda bir lisey açıram. Siz də bu
liseyin müdiri olursunuz. Dedim Azad müəllim, əvvəla,
mən şəhərin mərkəzində yaşayıram. Oradan Xətaiyə
gedib-gələ bilmərəm. Üstəlik, uşaqlarım da tələbədir.
Onları nəzarətimdən kənar qoya bilmərəm. Azad müəllim
mənim gətirdiyim dəlillərlə razılaşmadı. Dediyinin
üstündə dayandı.
Beləliklə, akademik, dünya şöhrətli alim Azad
Mirzəcanzadənin təkidini və təklifini qəbul etdim.
1998-ci ildə bu liseyin direktoru işləməyə razılıq
verdim. O vaxt bu məktəb qüsurlu uşaqların təhsil alması
üçün nəzərdə tutulmuşdu. Yarım ildən sonra, yeni dərs
ilində biz qüsurlu uşaqları 55 nömrəli məktəbə
köçürtdük. Bina boşalan kimi Azad müəllim binanı
götürdü. Qum adasından, Neft daşlarından, hətta xarici
təşkilatlardan bizə humanitar kömək göstərdilər.
Beləliklə, liseyi dirçəldə bildik. İlk dəfə 1999-cu ildə
liseyi açmağa nail olduq.
Azad müəllimin keçdiyi dərslərdə riyaziyyat, ədəbiyyat,
tarix, coğrafiya, həkimlik, musiqi harmoniyası vardı.
O, auditoriyalarda 10-11-ci sinif şagirdlərinə əlavə
dərslər keçər, onlara texniki, fiziki təfəkkür
düşüncəsi aşılayardı.
Azad Mirzəcanzadə liseyimizi həm səviyyə, həm də
təchizat baxımından tədricən inkişaf etdirdi.
Moskvanın, Ufanın, eyni zamanda xarici dövlətlərin
liseylərindən proqramlar gətirtdi. Biz bu proqramları
özümüzünküləşdirdik. Yəni həmin proqramları əsas
götürərək, özümüzün yurdumuza, şəraitimizə uyğun başqa
bir proqram tərtib edib onun əsasında dərs keçməyə
başladıq.
Azad müəllim heç bir elm sahəsini riyaziyyatdan
ayırmırdı. O, deyirdi ki, ədəbiyyatın özündə də
riyaziyyat var. Yer üzündə elə bir sahə yoxdur ki,
orada riyaziyyat olmasın. Riyaziyyat bütün elmlərin
açarıdır. İnformatika riyaziyyatdır, fizika
riyaziyyatdır, ədəbiyyat, tarix, kimya, coğrafiya,
biologiya riyaziyyatdır. Riyaziyyatsız nə var? Heç nə!
Ona görə də şagirdə birinci riyaziyyatı sevdirmək
lazımdır. Azad müəllim özü riyaziyyatçı Kolmoqorovun
bütün elmi işləri haqqında şagirdlərə geniş məlumat
verirdi. O, biz müəllimlərə də qeyd dəftəri tutdurmuşdu.
İndi də qarşıma bir problem çıxanda mən mütləq o
dəftərdən istifadə edirəm.
Öz mütərəqqi ideyaları ilə Azad müəllim özü yaratdığı bu
liseyə düz 9 il gəlib getdi. Onuncu ili Azad
Mirzəcanzadə dünyasını dəyişdi. Doqquz il ərzində Azad
müəllim bütün ali məktəb müəllimlərinin yolunu bizim
liseydən saldırdı. Rəhmətlik Yaşar Qarayev də Azad
müəllimin təşəbbüsü ilə burada uşaqlara mühazirələr
oxuyub. Azad müəllim son aylarda deyirdi ki, mən daha
çox gələ bilmirəm, ədəbiyyat üzrə Nizami Cəfərovu dəvət
eləyin. Yeri gəlmişkən, hazırda Nizamı Cəfərov
məktəbimizin fəxri direktorudur. Həftədə bir dəfə gəlir,
mühazirələr oxuyur, gedir.
Azad müəllim bir sıra mötəbər elm ocaqlarında işləyib:
Kazan Dövlət Universitetində, Qubkin adına Neft-Kimya və
Qaz İnstitutunda, Novosibirskdə. Onun Tümenlə də
əlaqələri vardı.
Bizim 147 nömrəli liseyin bünövrəsindən başlamış bugünkü
səviyyəyə gəlib çatmasınadək Azad müəllimin zəhməti
ölçüyəgəlməzdir. Onun söylədiyi hər bir mühazirə
şagirdlərin intellektual səviyyəsinin artmasında
müstəsna rol oynayırdı. Bizim lisey Azad müəllimin
sayəsində sanki bir mini-instituta çevrilmişdi.
Azad müəllim elə bir fenomen idi ki, onun dediyi hər bir
kəlmə zaman keçdikcə aforizmə çevrilirdi. O deyirdi:
"İstedadlılara kömək edin, yol göstərin. İstedadsızlar
özləri özlərinə onsuz da yol tapacaqlar.
Öz ideyalarınıza hər zaman sadiq qalın. Heç kimlə
lazımsız konfliktə girməyin. Öz işinizə məsuliyyətlə
yanaşın".
Bir məktəb direktoru kimi mənə etdiyi tövsiyələr də hələ
yadımdadır:
"Məktəb direktorunun xüsusi qəbul saatı olmalı deyil.
Məktəb direktorunun qapısı hər zaman hamının üzünə açıq
olmalıdır. Şagird valideyninə deyə bilmədiyini öz
müəlliminə deməlidir. Şagird birinci müəllimini sevir,
sonra onun fənnini sevir".
Azad müəllimin ən çox əsəbləşdiyi hal hansısa dərsin boş
keçməsi idi. O deyərdi ki, dərs hissə müdirinin həmişə
ehtiyat müəllimi olmalıdır ki, hər hansı bir fənn
müəlliminin qarşısına nəsə problem çıxanda, onu başqa
müəllimlə əvəz edə bilsin. O, şuluqluq salan şagirdi
sinifdən eşiyə çıxarmağın da əleyhinə idi. Deyirdi ki,
bu yaxşı üsul deyil. Şagirdi sinifdən çölə çıxarıb
ondan "xilas" olmaq yox, onu maraqlandırmaq, tərbiyə
etmək lazımdır. Azad müəllimin ideyaları bu gün də
yaşayır.
"Azad Mirzəcanzadəni ustadım hesab edirəm"
Eldar
ŞAHBAZOV,
texnika elmləri doktoru, professor, ARDNŞ-ın
Nanotexnologiyalar Departamentinin rəisi:
- Akademik Azad Mirzəcanzadə ilə 22 il bundan qabaq
Moskvada tanış olmuşuq. O, beynəlxalq konfransın rəhbəri
idi. Sonra həyat elə gətirdi ki, mən üzərində işlədiyim
elmi mövzularımı onun rəhbərliyi altında davam etdirib
elmlər namizədliyimi, doktorluq dissertasiyamı müdafiə
elədim.
Azad müəllim özünə çoxkriteriyalı insanları
yaxınlaşdırardı. İnsanları daha çox professionallıq və
səmimilik nöqteyi-nəzərdən qiymətləndirərdi.
Operativlik, yəni, qarşıya qoyulan problemləri tez bir
zamanda həll etməyə nail olmaq Azad müəllimin ilkin
şərtlərindən idi.
2004-cü ildə ilk dəfə olaraq mərhum akademikimizin
icazəsi altında nanotexnologiyalar innovasiya
silsiləsindən ideyası irəli sürüldü və başladıq Azad
müəllimin rəhbərliyi altında eksperimentlər aparmağa.
İlk növbədə bu eksperimentləri laboratoriya daxilində,
daha sonra mədənlər şəraitində apardıq. Nəticə etibarı
ilə yeni-yeni nailiyyətlər əldə olundu. Daha doğrusu,
neftin karbohidrogen mühitində nanotexnologiyaların
öyrənilməsi, tətbiqi, əsasən də neft hasilatının
artmasına və xərclərin azalmasına nail olmaq -bax, bu
iki istiqamətdə araşdırmalar apardıq və nəticə əldə
etdik. Akademik Azad Mirzəcanzadənin və Xoşbəxt
Yusifzadənin rəhbərliyi altında işlədik. Nəhayət,
departament yaradıldı və məni bu departamentə rəis təyin
etdilər.
Hazırda nanotexnologiyalar çərçivəsində müəyyən
layihələr aparırıq. 2010-2015-ci illəri əhatə edən neft
proqramını işləmişik. Bunun əsasında hazırda Almaniyada
"Socar nanotexnologiyaları çərçivəsində" elmi-tədqiqat
mərkəzi işləyir. Almaniyanın bir neçə möhtəşəm
universitetlərində nanotexnologiyaları çərçivəsində həm
tədqiqatların aparılması, həm bu sahədə işlərin
görülməsi, həm də layihələrimizin neft sahəsində geniş
tətbiq edilməsində nailiyyətlər əldə etmək məqsədilə biz
də lazımi işləri görmüşük. Nano layihəsinin mahiyyəti
ondan ibarətdir ki, bütün bu məmulatlar, maddələr hamısı
atom və molekullardan ibarətdir. Nanotexnologiyaları
deyəndə, "nano" yunanca "karlik" deməkdir. Yəni, ən
kiçik hissəcik.
Bu saat bütün dünya bununla məşğuldu. Son altı ildə yüz
milyarddan səkkiz yüz milyard avroya kimi
nanotexnologiyalarının inkişafına vəsait qoyulubdur. Biz
fəxarətlə deyə bilərik ki, nanotexnologiyaları ilə
məşğul olan çox az kompaniyalar var. Azərbaycan bu
sahədə lider ölkələr sırasındadır. İlk yerdə Amerika
Birləşmiş Ştatlarıdır, sonra bizik. Mən əldə etdiyim
bütün uğurlarımda hörmətli akademik Azad Mirzəcanzadəni
öz ustadım hesab edirəm.
"Elm xadimləri sırasında gözlərim Azad müəllimi axtarır"
Alçın
ŞİRİNZADƏ,
texnika elmləri doktoru, professor, əməkdar mühəndis,
Milli Aerokosmik Agentliyinin baş direktoru:
- 1970-ci ildə institutun ikinci kursunda oxuduğum zaman
elmə həvəsi olan tələbələri dərsdən sonra laboratoriya
işlərinə cəlb edirdilər. Belə tələbələrin sırasında mən
də var idim. Mərhum akademik Azad Mirzəcanzadəni həmin o
dövrdən tanıyıram. O, bizə suallar, tapşırıqlar verir,
biz də o tapşırıqların üzərində işləyirdik. Mən dərsdən
sonra laboratoriyalara gedib əvvəlcə köməkçi kimi
işlədim. İnstitutu bitirdikdən sonra təyinatla getdim
Neft Daşlarına. Azad müəllim istehsalatda çalışan
tələbələrə çox böyük diqqət ayırırdı. O, biləndə ki, mən
işləmək üçün Neft Daşlarını seçmişəm, bu faktı çox yaxşı
qəbul elədi. Dörd ildən sonra mənə təklif etdi ki,
aspirantura təhsili alım. Əvvəlcə soruşdu ki, işləriniz
necə gedir, neçə ildi ki, işləyirsiniz? Cavab verdim ki,
dörd ildi. Sonra dedi ki, aspiranturada oxumaq
istəmirsiniz? Mən cavabında dedim ki, necə məsləhətdir
(Yeri gəlmişkən o, bütün tələbələri ilə ancaq "Siz"
müraciət formasında danışardı). Mən ayın 16-17 gününü
Neft Daşlarında sex rəisinin müavini işləyir, yerdə
qalan günlərimi AZİ-dəki (indiki ADNA) laboratoriyada
işləməyə sərf edirdim. Azad müəllim tələbələrinin
hamısının işlərindən xəbərdar idi, o cümlədən mənim də.
Xülasə, qısa söhbətdən sonra getdik onun kabinetinə,
Azad müəllim telefonu götürüb zəng etdi aspirantura
şöbəsinə, dedi ki, Şirinzadə Alçının sənədlərini qəbul
edin. Beləliklə, mən aspiranturada Azad müəllimin
tələbəsi oldum.
Azad müəllim bilirdi ki, mən iqlim baxımından çətin
şəraitdə çalışıram, ona görə də mənimlə olan bütün
söhbətlərində, tapşırıqlarında hər zaman bunu nəzərə
alırdı. Mən elmi işimi uğurla müdafiə etdikdən sonra
Azad müəllim dedi ki, sizə hansısa bir vəzifə veriblər?
Dedim bir-iki təklif ediblər, ancaq razılaşmamışam.
Dedi, onda gəlin AZİ-yə (indiki ADNA). Orada belə bir
fakültə vardı: istehsalat sənayesinin təşkilatçıları
fakültəsi. Bu fakültə SSRİ miqyasında yeganə olaraq
Azərbaycanda-AZİ-də idi. Mən Azad müəllimin məsləhəti
ilə həmin fakültənin dosenti oldum.
Hər il sentyabrın 29-da onun ad gününə toplaşardıq.
Təbii ki, seçimi özü edər, deyərdi ki, Siz, siz, siz...
axşam bizə gələrsiz. Üç dəfə özünün dəvətilə onun ad
günündə iştirak etmişəm. Stolun üstü çox sadə olardı.
Tort, çay, şirniyyat... Yəqin ki, onları da yeganə
bacısı İradə xanım hazırlayırdı. Tibb Universitetində
çalışan İradə xanımın öz evi olsa da, Azad müəllimi tək
qoymurdu, onunla bir mənzildə qalırdı. O da ailə
qurmamışdı, sevimli qardaşından əvvəl dəyişdi dünyasını.
Ad günlərində bir də görürdük Azad müəllim keçdi
pianonun arxasına. Onun çox şirin çalmağı, gözəl
ifaçılıq məharəti vardı.
Azad müəllimin evinin dörd divarı kitabla dolu
şkaflardan ibarət idi. Ortalıqda divan və stol-stul
vardı.
Azad müəllim anasının xatirəsini çox uca tuturdu.
Deyirdi ki, üzdən anama bənzədiyim üçün özümü hər zaman
xoşbəxt sayıram. Atası Xəlil kişi Cənubi Azərbaycanın
Sərab şəhərindən, anası Asiya xanım isə xan nəslindən
idi.
Azad müəllim əcnəbi dillərdən rus dilindən başqa alman
dilini də mükəmməl bilirdi. Amma o, özü haqqında heç
vaxt məlumat verməyi xoşlamazdı.
Azad müəllimin bizim ailə yaddaşımızda da mühüm yeri
var. Mənim qardaşım Siyavuş Şirinzadə 1965-ci ildə SSRİ
Neft Sənayesi Nazirliyini yaradanlardan biri olub.
Elmlər doktoru, professor idi. İki dəfə Qubkin mükafatı
laureatı olmuşdu, uzun müddət-11 il Vyetnamda işləmişdi.
Vyetnam prezidenti ona "Xalqlar dostluğu" ordeni
vermişdi. Siyavuşla Azad müəllimin arasında cəmi 5-6 yaş
fərq olsa da qardaşım Azad müəllimi özünün ustadı hesab
edirdi. Hər ikisi nur içində yatsın!
Sağlığında çox müşahidə etmişəm ki, hətta Azad
müəllimdən yaşda böyük olanlar da hörmətli
akademikimizlə ünsiyyət qurmaqdan fəxarət duyurdular.
Mən də onun tələbələrindənəm. Həm də, təvazökarlıqdan
uzaq sayılmasın, çox istədiyi, fərqləndirdiyi
tələbələrdən biriyəm. Azad müəllimin diqqətini hər zaman
üzərimdə hiss etmişəm. Bir dəfə də olsun Azad müəllim
mənə acıqlanmadı, nəyəsə irad tutmadı. Məni qapı
arxasında saxlamadı.
Onun ən yaxın dostu kim olub- hərdən fikirləşirəm, ancaq
bu sualı dəqiq cavablandırmaqda çətinlik çəkirəm. Çünki
ən müxtəlif sahənin adamları ilə münasibət saxlayırdı.
Məsələn, Qara Qarayev, Fikrət Əmirov, Amerikada yaşayan
Bakı yəhudisi Qriqori İssakoviç Barenblatt... Azad
müəllimin bəyəndiyi şəxslər hansı sahədə çalışmasından
asılı olmayaraq bir insan kimi etalon idilər. Bir dəfə
özü söhbət edirdi ki, Amerikadan kimsə Azad müəllimə
zəng çalıb, ancaq susub, danışmayıb, telefonda
Koroğlunun uvertürasını səsləndirib. Azad müəllim
musiqini dinləyib dəstəyi asmaq istəyəndə görüb ki,
həmin yəhudi dostudu.
Mən Azad müəllimi ilk dəfə görəndə 40-42 yaşı vardı.
Hündürboylu, qıvrımsaçlı, çöhrəsi nurlu bir gəncdi. 40
yaşında bu insan artıq akademik olmuşdu. O, Moskvada
olanda hamının diqqət mərkəzinə çevrilərdi. Cavan oğlan,
akademik, hamıynan öz sahəsində danışmağa söz tapan
alim. Azad müəllim operaya, teatra getməyi, balet
rəqslərinə tamaşa etməyi sevirdi.
İstedadlı uşaqlara hər zaman tövsiyə edərdi ki, elmi
işinizi müdafiə etmək istəyirsinizsə, ailə qurmamışdan
əvvəl bu işi görün. Ailə qurandan sonra qarşıya o qədər
problemləriniz çıxacaq ki, elmə sərf etməyə vaxtınız
qalmayacaq.
Mən 31 yaşımda elmlər namizədi, 48 yaşımda isə elmlər
doktoru olmuşam. Özümü elmi sahədə təsdiq etməyimdə
ustadım olan Azad müəllimi bu gün də elm xadimləri
sırasında gözlərim hər zaman axtarır.
"Azad müəllimin yeri həmişə görünür"
Sədi
NURİYEV,
filologiya elmləri doktoru, TQDK, "Abituriyent" jurnalı
redaksiyasının məsul katibi
- Akademik Azad Mirzəcanzadə ilə mənim ilk tanışlığım
iyirmi il bundan əvvəl elə payız fəslində olub.
1993-cü il idi. O zaman Azad müəllim Dövlət Elm və
Texnika Komitəsinin, eyni zamanda Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının sədri idi. Bir gün Əziz müəllim məndən
soruşdu: "Siz (O, məndən yaşca böyük olmasına baxmayaraq
o, mənə həmişə belə müraciət edərdi) bizimlə komitədə
işləmək istərdinizmi? O vaxt Bakı Slavyan
Universitetində professor vəzifəsində çalışırdım. "Böyük
məmnuniyyətlə" - dedim. Söhbətimiz bununla bitdi.
Bir gün sonra - həftənin beşinci günü, axşam Əziz
müəllim mənə zəng edib dedi ki, Azad müəllimin adına
ərizə yazım və şənbə günü səhər saat 11-də komitədə
olum.
Deyilən vaxtda komitəyə gəldim. Sədrin müavini Əziz
Rəhimovla görüşdük. Hal-əhvaldan sonra Əziz müəllim
otaqdan çıxdı və təxminən 5 dəqiqə keçməmiş geri döndü.
Birlikdə Azad müəllimin yanına getdik. Oturmağa yer
göstərdi.
Ərizəmi masanın üstünə qoydum. Təxminən yarım saata
qədər ümumi mövzularda söhbət getdi. Arabir Azad
müəllim məndən məişət səviyyəsində bir neçə söz soruşdu.
Birdən "Nə ilə məşğul olmusunuz" - soruşdu. Cavab verdim
ki, Dostoyevskinin yaradıcılığını öyrənməklə məşğul
olmuşam, bu sahədə işləyirəm. O, bir söz demədi. Mən
onun belə ünsiyyət manevrinin altında nə olduğunu,
istiqamət və məqsədini başa düşsəm də, özümü o yerə
qoymadım.
Azad müəllim qəflətən söhbətin mövzusuna qayıtdı:
"Baxtini bilirsiniz?" Cavab verdim ki, bəli, Baxtini
bilmədən Dostoyevskini öyrənmək olmaz. "Mənə Baxtinin
nəzəriyyəsinin əsasını deyin, amma iki sözlə"- dedi.
"Dərketmənin dialojiliyi" - dedim.
Azad müəllim heç nə demədən ərizəmə dərkənar qoydu və
məni Elmi və Elmi-Texniki Siyasət İdarəsinin rəisi
vəzifəsinə işə qəbul etdi. Son cavabımdan sonra,
deyəsən, ikimiz də bir nöqtənin üstünə gəldik. Azad
müəllim Baxtin nəzəriyyəsi ilə məni tanıdı və məncə,
hiss etdi ki, bunu başa düşmüşəm.
Təxminən bir ilə qədər Elm və Texnika Komitəsində
çalışdım. Sonra Azad müəllimin təklifi və istəyi ilə Ali
Attestasiya Komissiyasına Dövlət Attestasiya
Müfəttişliyi şöbəsinin rəisi vəzifəsinə gətirildim.
Azad müəllimin məndə oyatdığı ilk təəssürata görə, o,
çox dərin düşüncəyə, erudisiya genişliyinə, görmə
əhatəliliyinə, fikrini anlaşılanadək yeritmək məharətinə
(O, fikrini pauzalarla ifadə edirdi və məncə,
pauzalarda fikrinin qəbul olunub-olunmamaq dərəcəsini
yoxlayırdı), yüksək dinləmək qabiliyyətinə malik
genişmiqyaslı alim, böyük pedaqoq idi. Sonralar Azad
müəllimlə bağlı ilk təəssüratlarımda yanılmadığım
dəfələrlə təsdiqləndi. Mənim ən çox diqqətimi cəlb edən
məqamlardan biri də onunla elmi söhbətlər zamanı
gözlərində gördüyüm işıq, parıltı idi. Ən acıqlı
vaxtlarında belə, elmdən söhbət düşən kimi gözlərinə nur
gələr, çöhrəsi tamam başqalaşardı. Elə bil ortalıqda
bir an əvvəl gərginlik-filan olmayıb.
Azad müəllimin işıqlı xatırəsi bu gün də gözümün
qarşısındadır. Azad müəllim gövdəli kişi idi. Bəzən
çoxlarına elə gəlirdi ki, onunla ünsiyyətdə olmaq
çətindir, yaxud da heç mümkün deyil.
Bəli, Azad müəllim ciddi, tələbkar olduğu qədər də, son
dərəcə ədalətli insan idi. Fenomenal yaddaşı vardı. Onun
iç dünyası, daxili aləmi o qədər zəngin idi ki...
O, özündə elə böyük ideyalar gəzdirirdi ki, belə
ölçüyəgəlməz bir yükün altında sanballı görünməmək
sadəcə mümkün deyildi. Azad müəllim ağırtaxta
kişilərdəndi. Onu başa düşmək lazım idi. Azad müəllimin
xarakterindəki təbii ağırlığını, ləngərini zəhmə,
köntöylüyə yozmaq dayazlıqdı.
Bir dəfə respublikada tanınmış professorlardan biri Azad
müəllimin qəbuluna gəlmişdi ki, özünün sədrlik etdiyi
müdafiə şurasının səlahiyyətinin niyə dayandırıldığının
səbəblərinə aydınlıq gətirsin. Azad müəllim ona
səbəbləri dedi. O, yenə də eyni sualla müraciət elədi.
Azad müəllim cavabını bir də təkrarladı. Üçüncü dəfə
Azad müəllim dedi ki, daha onunla danışmaq istəmir.
Professor yenə də mübahisəyə cəhd edəndə Azad müəllim
ona sualla müraciət elədi: "Sən professorsan? Bəs niyə
başa düşmürsən?" və s. Professor Azad müəllimdən incik
getdi və qəzetdə yazdı ki, akademik onu təhqir edib.
Düzdür, həmin professor sonra mətbuatda Azad müəllimdən
üzr istədi.
Azad müəllim tələbkarlığı və ciddiliyi qədər də həssas
və kövrək insan idi. Əməkdaşları mükafatlandıranda ən az
məvacib alana ən yüksək mükafat yazırdı.
Mükafatlandırmanı qapıçıdan, xadimədən, gözətçi işləməyə
məcbur qalan aspirantdan başlayırdı. Mən bunların hər
birinə neçə-neçə misal gətirə bilərəm.
Azad müəllim bütün zamanların müəllimidir. O, dünya
durduqca yaşayacaq bir alimdir. Onun müəllimliyi dərs
otaqları ilə məhdudlaşmırdı. Ən sadə situasiyalarda, ən
adi söhbətlərdə belə, Azad müəllimdən əhəmiyyətli nəsə
öyrənmək olurdu. O, gəncləri- şagird və tələbələri çox
sevir, onlara hər zaman qayğı ilə yanaşırdı. Azad
müəllim nəhənglikdə alimin, o istedadlı pedaqoqun yeri
həmişə görünür və bütün zamanlarda da həmişə
görünəcək.
"Azad müəllimin xatirəsi yaddaşlarda təzə və canlıdır"
Nəsib
MÜTƏLLİMZADƏ,
Qubkin adına Neft-Kimya, Qaz İnstitutunun məzunu,
"Qazprom"un "Orqenerqoqaz" Birliyinin keçmiş idarə rəisi
- Əziz həmyerlimiz Azad Mirzəcanzadə ilə bir neçə dəfə
tələbəlik illərimdə Qubkin adına Neft-Kimya, Qaz
İnstitutunda (indi Akademiya adlanır) görüşmüşük.
Aramızda qısa elmi söhbətlərimiz olub. O, Azərbaycan
elminin əsl cəfakeşi, patriotu idi. Bu sözləri Azad
Mirzəcanzadə haqqında ona görə ürəklə deyirəm ki, qısa
sürən söhbətimiz böyunca, mən özüm-özümə etiraf etdim
ki, Azad müəllim Vətənimiz Azərbaycan üçün, onun
elmsevər övladları üçün necə yanar çırağa çevirmək
istəyir özünü...
Təbii ki, onda sovet dövrü idi və ö dövrün
əyintilərindən, təhsilimizdə olan çatışmazlıqlardan
qarşılıqlı giley-güzar etdik. Azad müəllim mənə dedi ki,
sizin oxumaq üçün niyə məhz Moskvanı - Qubkin adına
institutu seçməyinizi özüm üçün aydınlaşdırdım.
Azad müəllim bir eloğlumuz kimi çox ölçülü-biçili
şəxsiyyət idi. Mən kafedrada, institutun koridorunda hər
dəfə onunla rastlaşanda çox ehtiramla salamlaşardıq.
Azad müəllim ensiklopedik təfəkkürə malik bir alim idi.
Daxili paklığı onun danışığına, nitqinə hopmuşdu. O, əsl
riyaziyyatçı idi. Bu gün də mənə elə gəlir ki, yarım əsr
bundan əvvəl bitirdiyim Qubkin adına Moskva Neft-Kimya,
Qaz İnstitutunda öz fənnini Azad Mirzəcanzadədən güclü
bilən ikinci bir pedaqoq yox idi. Həddən ziyadə
tələbkarlığına görə onun fənnini sevməyən bəzi zəif
oxuyan tələbələr belə onun şəxsiyyətinə ehtiramla
yanaşır, haqqında çox yüksək səviyyədə fikirlər
söyləyirdilər.
Uzun illər Küveytdə, Liviyada, Polşada, Almaniyada,
Fransada, Orta Asiya ölkələrində çalışdığımdan sonralar
bir daha Azad müəllimlə qarşılaşmadım. Buna baxmayaraq,
onun xatirəsi hər zaman yaddaşımda təzə və canlıdır.
Hazırladı: Ellada UMUDLU |