Oktyabrın
1-də Qafqaz Universitetində "Yaxşı gələcək üçün
mütərəqqi texnologiya" mövzusunda seminar keçirilib.
Mütəxəssislərin və tələbələrin iştirak etdikləri
seminarı giriş sözü ilə açan Qafqaz Universiteti
kompüter mühəndisliyi kafedrasının müdiri Abzətdin
Adamov İEEE - İnstitute of Electrical and Electronics
Engineers-in (Elektrotexnika və Elektronika Mühəndisləri
İnstitutu) tarixi və inkişaf mərhələlərindən danışıb.
O, dünyanın müxtəlif yerlərindən İEEE üzvləri olan
mühəndislərin ilk dəfə 1884-cü il oktyabrın 1-də
toplaşaraq özlərinin texniki ideyalarını paylaşdıqlarını,
o vaxtdan 1 oktyabr tarixinin İEEE günü kimi qeyd
olunduğunu bildirib. ABŞ-da yaradılan İEEE-nin
fəaliyyəti, elmin, texnologiyanın inkişafında rolu
barədə məlumat verən A.Adamov bu gün qurumun dünyanın
170 ölkəsindən 400 mindən çox üzvü olduğunu diqqətə
çatdırıb.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç
İEEE günü münasibəti ilə seminar iştirakçılarını təbrik
edib. 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edildiyini xatırladan rektor
müasir dünyada elmin, texnologiyanın mühüm rolu olduğunu
bildirib, seminarın tələbələrin və mütəxəssislərin İKT
sahəsində biliklərini artırmasında faydasını vurğulayıb.
Rektor habelə rəhbərlik etdiyi ali təhsil ocağının belə
maraqlı və vacib tədbirə ev sahibliyi etməsindən
məmnunluğunu ifadə edib.
"Azercell Telecom" şirkətinin əməkdaşı Ramin Orucov,
Mərkəzi Bankın əməkdaşı Mahir Quluzadə və başqa
mütəxəssislər "Proqram təminatı yaradılması", "Bulud
texnologiyasının tətbiqi", "Oracle verilənlər bazasının
yeni özəllikləri" və digər mövzularda məruzələr ediblər.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb,
tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda çıxış edənlərə sertifikatlar təqdim
olunub.
Yusif ƏLİYEV |