XX
əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə
bağlı məsələlər kəskin bir durumda olarkən bunların
həllinə milli birlik kontekstində nail olmaq zərurəti
meydana çıxıb. Azərbaycanda maarifçilik cəmiyyət
həyatında bir hərəkat olmaqdan çıxaraq siyasi-ictimai
və mədəni-sosial bir prosesə çevrilib. Xalqın inkişafını
təmin edən dünyəvi təhsil, xalq müəllimi hazırlığı,
qadın təhsili, ali təhsil məktəblərinin açılması,
təhsilin ana dilində aparılması, dərslik və dərs
proqramlarının hazırlanması və sair məsələlər bir qrup
ziyalının deyil, bütövlükdə Azərbaycan məkanının (çar
Rusiyası tərkibində) müzakirə etməli olduğu milli-
tarixi problemə çevrilib. Dövrün müdrik və uzaqgörən
ziyalıları, müəllimləri bu problemləri geniş müzakirə
edib daha yaxşı yol tapmaq məqsədilə Zaqafqaziya
müsəlman müəllimlərinin (Zaqafqaziya miqyasında )
qurultayını keçirmək təşəbbüsünü ortaya atıblar.
1906-cı ilin 15 avqustunda başlanıb 30 avqustda başa
çatan Azərbaycan müəllimlərinin I qurultayı ilə bağlı
geniş hazırlıq işləri görülüb. Qurultayda Azərbaycan
dilində mövcud proqramlar müzakirə olunub yenisinin
tərtib edilməsi, müvafiq dərsliklərin hazırlanması,
təlimin ana dilində aparılması, kənd müəllimlərinin
vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə
olunub. İlk qurultay Azərbaycan təhsili tarixində mühüm
rol oynayıb. Bu qurultayın təşkili və keçirilməsində
H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov,
F.Ağazadə, F.B.Köçərli böyük fəallıq göstəriblər.
İkinci qurultay 1907-ci il avqustun 25-də öz işinə
başlayıb. Qurultayda 1906-cı ildə çağırılan qurultayın
tərtib etdiyi proqramlara, Azərbaycan dili və hesab
kitablarına, Azərbaycan dilində tədris üsulunun
işlənilməsinə və s. məsələlərə baxılıb.
Əvvəlki qurultaylardan fərqli olaraq 1919-cu ilin
avqustunda (20 avqust-1 sentyabr) başlayan III qurultay
artıq dövlət səviyyəsində keçirilib, Azərbaycan Xalq
Cümhuriyyəti qurultayın təşkilinə xüsusi vəsait ayırıb.
Sayca IV qurultay 1925-ci il mayın 25-də öz işinə
başlayıb. 250 nəfər nümayəndənin iştirak etdiyi bu ali
məclis Şuralar İttifaqının beynəlxalq vəziyyəti, Şura
quruluşunda maarif məsələləri, müəllimlərin cəmiyyətdə
rolu məsələlərini müzakirə edərək müvafiq qərarlar qəbul
edib.
V qurultay 1931-ci il yanvarın 25-də keçirilib.
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri
Q.Musabəyov giriş sözü ilə çıxış edib. ASSR Xalq
Komissarları Sovetinin sədri D.Bünyadzadənin məruzəsi
dinlənilib, kənd müəllimləri üçün əlavə güzəştləri əks
etdirən qətnamə qəbul edilib. Qurultay ümumi icbari
təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə
məsələlərə xüsusi əhəmiyyət verib.
1946-cı ilin 26 avqustunda başlayan VI qurultay ağır və
dəhşətli müharibədən sonra respublika məktəblərində
təlim və tərbiyə işlərinin yüksəldilməsi; müəllim
hazırlığı və ixtisasının artırılması məsələlərini
müzakirə etməyi gündəliyə salıb. Birinci mövzuda
Azərbaycan SSR maarif naziri, akademik M.İbrahimov
məruzə edib, ümumi icbari təhsil qanununun yerinə
yetirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi,
müəllimlərin ixtisasının təkmilləşdirilməsi, pedaqoji
elmin öyrənilməsi, məktəbə rəhbərlik və s. haqqında real
vəziyyət təhlil olunub.
1960-cı ilin 14 noyabrında Azərbaycan SSR EA-nın
binasında işə başlamış VII qurultayda respublika
maarif naziri, professor M.Mehdizadə məktəblərin yenidən
qurulmasının ilk yekunlarını təhlil edən məruzəsində "Məktəbin
həyatla əlaqəsini möhkəmlətmək və ölkədə xalq maarifi
sistemini daha da inkişaf etdirmək haqqında" qərarla
bağlı Azərbaycan müəllimlərinin qarşısında duran
vəzifələri şərh edib.
1967-ci ilin 26 yanvarında öz işinə başlayan VIII
qurultayda Azərbaycan SSR maarif naziri M. Mehdizadənin
"Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar
olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin
işinin daha da yaxşılaşdırılması haqqında" geniş
məruzəsi dinlənilib müzakirə olunub.
Azərbaycan SSR müəllimlərinin 18-19 may 1978-ci il
tarixlərində Bakıda keçirilən IX qurultayı Sov.İKP MK-nın
Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyevin geniş nitqi ilə açılıb.
Azərbaycanda müvafiq qərarla bağlı görülən işlər və
vəzifələr nitqdə şərhini tapıb. "Ümumtəhsil məktəbləri
şagirdlərinin təlimini, tərbiyəsini və əməyə
hazırlanmasını daha da təkmilləşdirmək haqqında"
partiya və hökumət qərarında əksini tapmış vəzifələrlə
bağlı geniş məruzə dinlənilib.
1987-ci ilin iyununda indiki Heydər Əliyev sarayında
keçirilmiş X qurultayda Azərbaycan SSR maarif naziri,
professor K.Rəhimov və Respublika Texniki Peşə Təhsili
Komitəsinin sədri H.İsayev məruzə edib, geniş və əhatəli
çıxışlarda 1984-cü il təhsil islahatı istiqamətləri ilə
bağlı görülən işlərə aydınlıq gətirilib.
Azərbaycan müəllimlərinin XI və XII qurultayları
müstəqillik dövründə keçirilən ali məclislər kimi
səciyyəvidir.
XI qurultay 1998-ci il sentyabrın 25-də Heydər Əliyev
sarayında keçirilib. 1995 nəfər nümayəndə qeydiyyatdan
keçib, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni
məhz həmin qurultayda səsləndirilib.
Müəllimlərin 2003-cü ilin 4 oktyabrında Heydər Əliyev
sarayında keçirilən XII qurultayı ulu öndər Heydər
Əliyevin təbrik məktubu ilə açılıb. Qurultayda milli
təhsilimizin problemlərindən, qarşıda duran vəzifələrdən
söz açılıb. Vurğulanıb ki, böyük siyasətçi, ümummilli
lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan
məktəbi, milli təhsilimiz çox böyük uğurlar qazanıb.
2008-ci il sentyabrın 22-də Azərbaycan müəllimlərinin
XIII qurultayı keçirilib. Qurultaydakı çıxışlarda qeyd
olunub ki, Azərbaycan təhsili bütün parametrlərdə
uğurları ilə dünya miqyaslı təşkilatların diqqətini cəlb
edir. Təhsil sistemində qazanılan nailiyyətlərdə ölkə
rəhbəri İlham Əliyevin misilsiz xidmətləri olduğu
çıxışlarda öz əksini tapıb.
Milli təhsilimizin inkişaf dinamikasını nümayiş etdirən
növbəti qurultay ərəfəsindəyik. Ötən bu illər ərzində
həyata keçirilən bir çox layihələr nəticəsində istər
ümumi orta, istər peşə, istər orta ixtisas, istərsə də
ali təhsil sistemində nəzərə çarpacaq irəliləyişlər
barədə bu ilin dekabrında keçiriləcək XIV qurultayda
ətraflı məlumat verilməsi nəzərdə tutulub.
Hazırladı: Sifai SƏFƏROVA |