Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Dərsin uğurlu alınması üçün bəzi məqamlar

 

Müasir dövrdə təhsil prosesini informasiya və kommunikasiya texnologiyalarının tətbiqi olmadan təsəvvür etmək çox çətindir. Təlimin səmərəliliyinin artırılmasında, dərslərin maraqlı və məzmunlu qurulmasında İKT-nin rolu danılmazdır. Ümumi təhsil müəssisələrində tədris edilən bütün fənlər, o cümlədən tarix fənni İKT-nin tətbiqi üçün geniş imkanlar yaradır. İKT-dən istifadə şagirdlərin idraki, tədqiqatçılıq və ictimai bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır.

Müşahidələr göstərir ki, şagirdlərin İKT-yə olan maraqlarından düzgün və məqsədyönlü şəkildə istifadə etməklə təlimin səmərəli təşkilinə nail olmaq mümkündür.

Təlimin təşkilinə verilən bugünkü tələblər uzun bir inkişaf yolu keçmişdir.

"İnteraktiv" termini "dialoq, qarşılıqlı əlaqədə fəaliyyət göstərmək" kimi izah olunur. İnteraktiv təlim dərsi şagirdlərin fəaliyyət sahəsinə çevirir. Şagirdlərin dərsə maksimum fəallığını artırır.

İnteraktiv təlimdən istifadə edən müəllim bu dərslərə çox ciddi hazırlaşmalı, bu prosesə daha çox vaxt sərf etməlidir.

"Min  illərin müəllimi" adlandırılan böyük Çin filosofu Konfutsi yazırdı: "Qulaq asıram-unuduram, görürəm-yadda saxlayıram, özüm edirəm-anlayıram".

Mütəxəssislərin araşdırmaları nəticəsində məlum olmuşdur ki, ən yaxşı lektorun diqqətli dinləyicisi 3 saatdan sonra onun söylədiklərinin 30%-ni, 3 gündən sonra isə 90%-ni unudur. Deməli, təlimdə yüksək keyfiyyət şagirdin özünün aktivləşdirildiyi andan əldə edilməyə başlanır. Bu baxımdan interaktiv metodlardan istifadə çox önəmlidir. Karusel, əqli hücum, işgüzar səs-küy, debat kimi üsulları şagirdlərimiz çox sevir. Müəllim şagirdin diqqətini cəlb etmək, yorğunluğunu aradan qaldırmaq üçün dərsdə bir neçə dəfə "fəallaşdırıcı" fasilələrdən istifadə etməlidir.

Dərsin uğurlu alınması üçün təcrübələrimdən istifadə edərək bəzi məqamları təqdim etmək istərdim.

L.Tolstoyun bir fikrini unutmaq olmaz: "Ən yaxşı metodika sənin malik olduğundur".

Dərs zamanı şagirdlərdə gərginlik və sıxıntı hiss edən kimi onlara sərbəstlik verirəm. Bu sərbəstlik bir maraqlı əhvalatın bəhsi, məntiqi sual, yaxud zəka oyunu krossvord da ola bilər. Aşağı sinif şagirdlərində tarixi krossvordlardan istifadə etməklə dərsi daha maraqlı etmək olar.

Nisbətən yuxarı siniflərdə klassik musiqidən istifadə etməklə diqqəti əsas sahəyə yönəltmək olar.

Pedaqoji prosesin başlıca məsələsini təkcə "nəyin öyrədilməsi" deyil, həm də "necə" öyrədilməsi təşkil edir. Bir sinifdə müxtəlif yollarla öyrənənlər olur. Ona görə də müxtəlif təlim metodlarından istifadə etmək vacibdir. Yalnız passiv öyrənmə formatında ötürülən məlumat cansıxıcı olur. Əsas məsələ, müvafiq və nisbətən qısa zaman müddətində yeni məlumatın təqdim edilməsidir.

Dərsi səmərəli təşkil etmək üçün aşağıdakı sualların cavablarını müəllimin özü üçün konkretləşdirməsi məsləhət bilinir.

1. Nə öyrəniləcək?

2. Necə öyrəniləcək?

3. Hansı şəraitdə öyrəniləcək?

4. Təlim fəaliyyəti necə qiymətləndiriləcək? 

Uzun illərin pedaqoji təcrübəsinin ümumiləşdirilməsi təsdiq edir ki, insan təcrübədə əldə etdiyi biliyi daha yaxşı yadda saxlayır və öz fəaliyyətində tez-tez tətbiq edərək ondan bəhrələnə bilir.

Şagirdlərin maraqlarına uyğun dərslər təşkil etmək onların tədris prosesinə marağını artırır.

Uğurlu məktəb həyatı üçün ailənin iştirakı zəruridir. Valideynlər öz vaxtlarını və diqqətini könüllü şəkildə sərf etdikdə şagirdlər daha çox şey əldə edirlər və məktəbi daha çox sevirlər. Valideynlərlə əməkdaşlıq edərək problemin həlli yollarını tapmaq olar.

Bu günün müəllimi həm öyrənən, həm də öyrədən müəllim olmalıdır. Çünki bu günün şagirdləri çox böyük informasiya bazasına malikdirlər. Şagirdlər humanitar məntiqlə bağlı tapşırıqları da çox sevə-sevə edirlər.

Cəmiyyətin qarşısında duran ən mühüm məsələ müstəqil düşünən, yaradıcılığa meyilli, yüksək intellektə malik şəxsiyyət  formalaşdırmaqdır. Yüksək məntiqi düşünmək qabiliyyətinə malik olan insan eyni müvəffəqiyyətlə tarixlə, riyaziyyatla, ədəbiyyatla və başqa elmlərlə məşğul ola, idarəçilikdə və rəhbər vəzifələrdə uğur qazana bilər. Gələcəyimiz olan şagirdlərimizin dünya intellekt bazarına çıxması hamımızın ümdə vəzifəmiz olmalıdır.  

Qızqayıt MƏMMƏDOVA,
Bakıdakı 245 nömrəli tam orta məktəbin tarix müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov