5 oktyabr - Beynəlxalq Müəllimlər Günü mənim çox
sevdiyim bayramlardandır. Təqvimdə bu günün yer alması
müəllimlik sənətinin bütün dünyada yüksək
dəyərləndirilməsinin təzahürüdür. Biz bunu ölkəmizdə
müəllimlərə göstərilən diqqət və qayğının nümunəsində də
aydın görürük.
Mən, Həşimov Elnur Möhübbət oğlu 1984-cü ildə Qubadlı
rayonunun Əbilcə kəndində anadan olmuşam. Birinci sinfə
kəndimizdəki orta məktəbdə getmişəm. Lakin 1993-cü ildə
Qubadlı rayonu işğal olunduqdan sonra təhsilimi Bakı
şəhərində fəaliyyət göstərən Zəngilan rayon 29 nömrəli
orta məktəbdə davam etdirmişəm. 2002-ci ildə həmin
məktəbi bitirib Sumqayıt Dövlət Universitetinin tarix
fakültəsinə daxil olmuşam. Buranı bitirdikdən sonra Ağsu
rayonunun Cəlayir kəndində əmək fəaliyyətinə başlamışam.
Burada işlədiyim zaman Azərbaycan Dövlət Pedaqoji
Universitetinin magistratura şöbəsinin "Azərbaycanın
qədim və orta əsrlər tarixi" ixtisasına qəbul olmuşam.
Təyinatla 3 il Ağsuda işlədikdən sonra Bakıya qayıtdım.
Doğrusu, Bakıya qayıdarkən məni nəyin gözlədiyini
bilmirdim. Çünki işlə necə təmin olunacağım barədə heç
bir təsəvvürüm yox idi. Lakin gözləmədiyim halda həmin
ildə, yəni 2009-cu ildə müəllimlərin işə qəbulunda
dəyişiklik baş verdi: müəllimlər mərkəzləşdirilmiş
qaydada imtahan vasitəsilə işə qəbul olunmağa başladı.
Mən də bu imtahanda iştirak edərək Sabunçu rayonu,
Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli tam orta
məktəbdə işlə təmin olundum. Həmin ildən etibarən bu
məktəbdə əmək fəaliyyətimi davam etdirdim. 2013-cü ildə
keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə
yenidən özümü sınamaq qərarına gəldim. Bu imtahanda
iştirak edərkən 2009-cu ildəki imtahanla 2013-cü ildəki
imtahan arasında fərqlərin olduğunu, təkmilləşdirmələrin
baş verdiyini gördüm.
Ümumiyyətlə, müəllimlərin işə qəbulunun imtahan vasitəsi
ilə həyata keçirilməsi çox müsbət haldır. Mən bu prosesi
həyata keçirən Təhsil Nazirliyinə, müsabiqədə zəhmət
payı olan hamıya minnətdarlıq edirəm.
Heç şübhəsiz ki, insanların peşə seçərkən rəhbər
tutduqları əsas prinsiplərdən biri gələcəkdə işlə təmin
edilmə şansının hansı dərəcədə olmasıdır. Artıq
müəllimlik peşəsinə yiyələnmək istəyən hər bir şəxs
gələcəkdə işlə təmin olunub-olunmamasının özündən asılı
olduğunu anlayır. Bu isə həmin şəxsin məsuliyyətini daha
dərindən dərk eləməsinə şərait yaradır və onun işə qəbul
olunacağına inamını artır. Müəllimlərin işə qəbulunun
imtahan vasitəsi ilə həyata keçirilməsi tədris edəcəyi
fənni dərindən bilməyən, pedaqoji biliklərə kifayət
qədər yiyələnməyən müəllimlərin məktəbə daxil olmasının
qarşısını alır. Yeni işə qəbul olmaq istəyən
müəllimlərin bu sistemə olan marağının artmasının əsas
səbəblərindən biri də imtahanların tam şəffaf şəkildə
həyata keçirilməsidir. İşə qəbul olmaq üçün çoxlu sayda
ərizələrin verilməsi bu şəffaflığın doğurduğu inamın
bariz nümunəsidir. Bu imtahanın müsbət cəhətlərindən
biri də sənəd vermə prosesinin onlayn həyata
keçirilməsidir ki, bu da əlavə vaxt itkisinin qarşısını
alır və prosesi sadələşdirir.
Builki imtahanda mən 35,83 bal toplayaraq Səbail
rayonundakı 6 nömrəli məktəb-liseydə işə qəbul olundum.
Bu məktəbə gəldikdən sonra həm direktor Gülşən xanım,
həm də məktəbin digər müəllimləri məni çox səmimi
qarşıladılar. Bu xoş münasibət təkcə mənə qarşı deyildi.
Bu il məktəbə qəbul olmuş digər müəllimlərə ən yüksək
səviyyədə qayğı göstərilir. Ümumiyyətlə, həm məktəb
kollektivinin yüksək səviyyəli intellektual şəxslərdən
ibarət olması, həm də məktəbin maddi-texniki bazasının
yüksək səviyyədə olması mənə seçimimdə yanılmadığımı
göstərdi. Burada müəllimin normal fəaliyyət göstərməsi
üçün hər cür şərait yaradılıb. Məktəbdə belə səmimi
mühitin olmasında ayrı-ayrı müəllimlərin şəxsi
keyfiyyətləri ilə yanaşı, məktəb rəhbərliyinin
təşkilatçılığının da böyük rolu var.
Hazırda biz oktyabr ayını yaşayırıq. Bu ay müəllimlər
üçün xüsusilə əhəmiyyətlidir. Çünki onların peşə bayramı
- 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü bu aydadır. Mən
bütün müəllimlərimizi bu gün münasibəti ilə təbrik
edirəm. Ümid edirəm ki, millətin və dövlətin gələcəyinin
formalaşması kimi çətin və şərəfli vəzifəni öz üzərinə
götürmüş müəllimlər arzu etdikləri xoşbəxt həyata sahib
olarlar.
Elnur HƏŞİMOV,
Bakı şəhəri 6 nömrəli məktəb-liseyin tarix müəllimi |