Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

"İlk müəllimim" sevgisi ilə

 

Hər birimizin həyatında, bir fərd olaraq və cəmiyyət üzvü kimi yetişməyimizdə, soy-kökümüzə və vətənimizə layiq insan, vətəndaş, müəyyən sahənin peşəkarı kimi formalaşmağımızda müəllimlərin rolu əvəzsizdir. Birinci sinifdən ali məktəbi bitirənədək, hətta fasiləsiz təhsilin sonrakı pillələrində də çoxlu müəllimimiz olur. Hər biri ömrümüzə öz naxışını vurur. Lakin nədənsə ən çox xatırladığımız və sevdiyimiz ibtidai sinif müəllimləri olur. Bəlkə bu, qayğıya, nəvazişə həssas uşaq qəlbinin hikmətidir? Axı doğma ana qoynundan ayrılıb yeni bir aləmə - məktəb həyatına qədəm qoyduqdan sonra bu qayğını, nəvazişi biz ilk dəfə məhz onlardan görürük. Bəlkə, bunun səbəbi uşaq yaddaşının gücündədir. Axı uşaqlıqda gördüyümüz hər şey hafizəmizdə daha dərin nəqs salır və ömrümüz boyu unudulmur. Bəlkə də daim körpə fidanlarla işləyən ibtidai sinif müəllimlərinin özlərinin yuxarı siniflərdə dərs deyən həmkarlarına nisbətən daha nəvazişkar, həssas olmasındadır bu hikmət?!.

Hər nədəndirsə biz onları - ilk müəllimlərimizi daha çox sevirik və bayram günlərində, təbrik  məqamı gələndə də ilk yadımıza düşən, əslində daim yaddaşımızda olan, sadəcə ilk gözümüz önünə gələn onlar olur.

Yüzlərcə yetirməsinin ilk müəllimi kimi xatırladığı və sevdiyi belə təhsil fədailərindən biri də Bakı şəhərindəki 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Mehparə Həbiblidir.

Mehparə Yaqub qızı Həbibli 1942-ci il dekabrın 4-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1959-cu ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirib.

Pedaqoq ailəsində, müəllim mühitində böyüməsi onda hələ uşaqlıqdan müəllimliyə meyil yaradıb. Ona görə də orta məktəbi bitirib ali məktəbə üz tutarkən seçim qarşısında qalmayıb və sənədlərini Bakı Dövlət Universitetinə verib.

Universitetdə qiyabi təhsil aldığından arzusunu həm də praktik işlə gerçəkləşdirmək qərarına gəlib və 1960-cı ildə Bakının Qaradağ rayonundakı 184 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. O vaxtlar bölgələrdə olduğu kimi, paytaxtın bəzi rayonlarında da müəllimlərə böyük ehtiyac var idi və ali məktəblərin qiyabi şöbələrində oxuyan tələbələrə elə ilk ildən müəllim işləməyə icazə verilirdi.

Gənc Mehparə 184 nömrəli məktəbdə 6 il - universiteti bitirənədək işləyib və bu illər onun universitetdə aldığı nəzəri bilikləri praktik təcrübə ilə birləşdirib-zənginləşdirərək yaxşı müəllim kimi tanınmasına kifayət edib.

1966-cı ildə BDU-nun filologiya fakültəsindən məzun olan Mehparə elə həmin il də pedaqoji fəaliyyətini Bakının Yasamal rayonundakı 21 nömrəli tam orta məktəbdə davam etdirməyə başlayıb. 20 il bu təhsil ocağında çalışdıqdan sonra, 1986-cı ildə Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyə dəyişilib. 2001-ci ilədək burada ibtidai sinif müəllimi, 2001-2008-ci illər ərzində ibtidai siniflər üzrə direktor müavini işləyib. 2008-ci ildən isə bu tədris ocağında ibtidai siniflərdə dərs deyir. İşlədiyi müddətdə pedaqoji fəaliyyəti həmişə yüksək qiymətləndirilən Mehparə Həbiblinin indi də çalışdığı kollektivdə, valideynlər arasında böyük hörməti var.

Yaxşı müəllimi səciyyələndirən cəhətlər çoxdur: dərin bilik, pedaqoji-psixoloji hazırlıq, müəllimlik məharəti, yüksək peşəkarlıq, innovativ düşüncə və fəaliyyət və s. Bunların hamısı Mehparə müəllimdə var.

Lakin müəllimin yaxşı müəllim kimi ad çıxarmasının bir qeyri-rəsmi göstəricisi də var: valideynlərin öz övladlarını məhz onun sinfində oxutmağa can atması.

Həbibli Mehparə həm də belə müəllimlərdəndir. Hər il məhz onun adına onlarca valideyn şəhərin müxtəlif yerlərindən 20 nömrəli məktəb-liseyə üz tutur.

Mehparə müəllim özünün metodikası, öyrətmə üsulu olan və onu həyatın tələblərinə uyğun, dövrün yenilikləri ilə daim zənginləşdirən, dərslərini, sinfin səviyyəsini nəzərə alaraq quran, tədrisdə şagirdləri fəallaşdıran, düşünməyə, nəticə çıxarmağa sövq edən müasir, interaktiv təlim metodlarından bacarıqla istifadə edən müəllimlərimizdəndir. Məhz bunun nəticəsidir ki, o, ibtidai təhsildə müasir fənn kurikulumlarının tətbiqində heç bir çətinlik, problemlə üzləşmir, hər tədris ilini uğurla başa vurur.

M.Həbibli daim öyrənir, yaradıcı axtarışların nəticələrini, təcrübəsini həmkarları ilə həvəslə paylaşır. Mətbuatda, elmi-pedaqoji konfranslarda, pedaqoji mühazirələrdə elmi-metodik məqalələrlə, məruzələrlə tez-tez çıxışlar edir. 50-dən çox məqalənin, 2 metodik tövsiyənin müəllifidir.

Bu peşəkar, fədakar müəllimin fəaliyyəti haqlı olaraq yazarların, jurnalistlərin də diqqət mərkəzində olub. İndiyədək onun haqqında 45-dən çox məqalə yazılaraq müxtəlif kitab, jurnal və qəzetlərdə çap olunub. 2010-cu ildə onun "Şagirdlərin nitq mədəniyyəti üzrə sinifdənxaric məşğələlərin proqramı" çap olunub.

Şagirdlərinin sevimlisi olan Mehparə müəllimin təhsilimiz qarşısındakı xidmətləri müxtəlif təşkilatlar, dövlət qurumları tərəfindən vaxtaşırı olaraq qeyd edilib, qiymətləndirilib. O, "Azərbaycan SSR-in qabaqcıl maarif xadimi" (1977), "SSRİ maarif əlaçısı" (1983) "Metodist müəllim" (1986), "Ali kateqoriyalı müəllim" (1994) adlarına, Bakı Şəhər Baş Təhsil İdarəsi (indiki Bakı Şəhəri üzrə Təhsil İdarəsi) tərəfindən humanistləşdirmə ili çərçivəsində keçirilmiş "İlin ən yaxşı fənn metodbirləşməsi" (1997), "İlin ən yaxşı fənn kabineti" (1999) müsabiqələrinin qalibi olaraq I dərəcəli diploma, "Xan qızı Natəvan" mükafatına  (1999) layiq görülüb. "Pedaqoji mühazirələr"də fərqləndiyinə görə I dərəcəli diplomla mükafatlandırılıb. 2009-cu ildə isə möhtərəm Prezidentimizin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Şərəfli müəllimlik peşəsinin layiqli nümayəndəsi, ömrünün 50 ildən çoxunu balalarımızın təlim-tərbiyəsinə həsr etmiş, indiyədək yüzlərlə yetirməsinin ömrünə "ilk müəllim" kimi iz salmış Mehparə müəllimi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov