Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR

 

Təbriklərə bayram arzuları da qatılır 

Altmış yaşı, otuz səkkiz il iş stajı olan Yunis müəllimi yəqin ki, bu ildəki qədər təbrik edən olmayıb. Yunis müəllim bu il "Ən yaxşı müəllim" müsabiqəsində qalib gəlib və qaliblərin mükafatlandırılması haqqında Prezident sərəncamı mətbuatda dərc olunandan ona təbriklər ünvanlanır. Ziyalılar, ağsaqqallar, müəllim yoldaşları pedaqoji kollektivlər, şagirdləri, vaxtilə dərs dediyi məzunlar ona telefon açır, görüşünə gəlir, qazandığı yüksək ada və mükafata görə sevindiklərini bildirirlər. Beynəlxalq Müəllimlər Gününü qeyd etdiyimiz bu günlərdə bu təbriklərə həm də bayram arzuları əlavə olunub. Bu təbriklərin arxasında, sözsüz, Yunis müəllimin sevib-seçdiyi peşədə qazandığı hörmət, ad-san, peşəkarlığı, müəllimə məxsus keyfiyyətləri özündə tam təcəssüm etdirməsi, şagirdlərinə sevgisi, işinə məsuliyyəti durur.

Yunis Allahqulu oğlu Quliyev 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası A.H.Quliyev respublikamızın tanınmış ziyalılarından biri, əməkdar müəllim olub.

Y.Quliyev 60 illik ömrünün 38 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib. O, 1975-ci ildə ADPU-nu bitirərək öz doğma kəndində əmək fəaliyyətinə başlayıb. Bu illər ərzində qəlbinin odunu, gözünün nurunu gənc nəslin tərbiyəsi yolunda sərf edib. Dərs dediyi 1000-dən çox şagirdin hamısı əsl vətəndaş kimi yetişib, onlardan 500-dən çoxu ali təhsilli mütəxəssisdir, 50 məzun kimya, kimya-biologiya müəllimi, 10 nəfəri kimya üzrə fəlsəfə doktoru, bir nəfəri kimya elmləri doktorudur. Məzunlardan Prezident təqaüdçüsü olanlar da var. Şagirdlərindən əksəriyyəti öz peşəsinin vurğunu olan, xalqın sevgisini qazanan sənət sahibləridir. Bu illər ərzində 100-dən çox şagirdi respublika kimya olimpiadasının qalibi olub.

Yaradıcı pedaqoq kimi tanınan Y.Quliyev pedaqoji fəaliyyətini elmi axtarışlarla birləşdirən müəllimlərdəndir. İndiyədək dövri mətbuatda, radio və televiziyada 500-dən artıq məqaləsi dərc olunub və səsləndirilib. "Maddə kütləsinin saxlanması qanununu M.V.Lomonosov, yoxsa N.Gəncəvi kəşf etmişdir?", "H.Cavidin fəlsəfi görüşləri", "A.Eynşteynin həyat və fəaliyyəti", "Bizim ana dilimiz", "N.Gəncəvinin fəlsəfi dünyası", "Ailə dağılmasın", "Asudə vaxtdan səmərəli istifadə edək" və s. kimi məqalələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.

25 dəfə elmi-praktik konfranslarda məruzəsi dinlənilib və dəfələrlə I yerə çıxıb. 2004-cü ildə Sumqayıtda keçirilən nüfuzlu beynəlxalq konfransda məruzəsi dinlənilən, I yerə çıxan və kitab şəklində dərc olunan yeganə orta məktəb müəllimidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanları ilə bağlı apardığı təhlilə görə son 12 ildə Naxçıvan Muxtar Respublikasında bütün fənlər üzrə ən yüksək nəticə Şahbuz rayonunun Kükü kəndində kimya fənnindən olmuşdur. Bunda isə Y.Quliyevin xidmətləri şübhəsizdir.

Mütaliəni çox sevən bu ziyalının şəxsi kitabxanasında 2000-dən çox kitab, təqribən bir o qədər də elmi jurnal var.

Pedaqoji fəaliyyəti Təhsil Nazirliyi tərəfindən ümumiləşdirilərək yayılan, haqqında ayrıca bülleten buraxılan Y.Quliyev barədə dövri mətbuatda çoxlu oçerk, məqalə və şeirlər yazılıb.

Yunis müəllim öz müvəffəqiyyətini məktəb kollektivinin uğuru, ümumiyyətlə, Naxçıvan MR təhsilinə verilən yüksək qiymətin nümunəsi hesab edir. Hər il olduğu kimi, bu il də Naxçıvan MR Ali Məclisinin sədri ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan 312 nəfəri pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırıb. Bundan başqa, il ərzində yüksək nəticələr göstərən orta məktəb şagirdlərinə kompüter dəstləri verilib. Şahbuz rayonundan 102 gənc ali məktəbə qəbul olunub, onlardan 27-si 500-dən artıq bal toplayıb. Kükü məktəbinin məzunlarından 16 nəfəri ali məktəbə qəbul olunub. Bu, məktəbin tarixində ən yüksək nəticədir. Şübhəsiz ki, bunlarda da Yunis müəllimin zəhmət payı çoxdur.

Yunis Quliyev müsabiqədə qalib gəlməsi münasibəti ilə ona ünvanlanmış təbrikləri respublikamızın Prezidenti cənab İlham Əliyevin təhsilə verdiyi yüksək qiymətin bariz nümunəsi kimi qiymətləndirir, bu diqqət və qayğıya, ümumiyyətlə, dövlətimizə şərəflə qulluq edənlərə layiqli qiymət verdiyinə görə ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirir.

Qəlbinin odu, gözünün nuru ilə şagirdlərin yoluna bundan sonra da işıq saçmağı özünün həyat amalı sayan Yunis müəllimi peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir,  ona şərəfli fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

Yusif ƏLİYEV


Peşəsinin vurğunu 

Bu yaşa qədər bu cür düşünmüşəm və yəqin ki, bundan sonra da belə düşünəcəm ki, ömrümün ən şirin vaxtını məktəb illərində yaşamışam. Məktəb illərimi tez-tez xatırlayıram və təbii ki, o illəri mənə xatırladan dəyərli insanlar olur. Rəna Seyidova belə insanlardandır. Rəna müəllim gözəl və səfalı Gədəbəy rayonunun İsalı kəndindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və  metodikası fakültəsinə və Nəsimi rayon Abdulla Şaiq adına 54 nömrəli orta məktəbə qədər gün kimi aydın və saf bir ömür yolu keçib.

Rəna müəllim insanın əxlaq və xarakterini ucaldan və ona əbədiyyət şüurunu aşılayan elə bir peşənin sahibidir ki, yer üzündə ona bərabər ikinci bir peşə sahibi göstərmək mümkün deyil.  Təbii ki, burada söhbət "müəllim" sözündən getmir, müəllimlikdən gedir. Müqəddəs olan da "müəllim" sözü deyil, məhz müəllimlikdir. Ona görə ki, bir peşə nə qədər müqəddəs olursa-olsun, əgər peşə sahibi öz vəzifəsini layiqincə yerinə yetirmirsə və ya yetirə bilmirsə burada heç bir müqəddəslikdən söhbət gedə bilməz. Rəna müəllim öz vəzifəsini və işini layiqincə yerinə yetirən insanlardandır. Cəmiyyətimiz ancaq Rəna müəllim kimi bilikli, savadlı, sənətinin vurğunu olan, öyrətməyi sevən və bacaran müəllimlərin əlində ucala bilər. Rəna müəllim gənc nəslin formalaşmasında böyük rol oynayan, neçə-neçə uşaqlara qələm tutub yazmağı öyrədən, hər il keçdikcə öz bildiklərini onlarla bölüşən və bölüşdükcə, danışdıqca daha da zənginləşən dəyərli bir insandır. 

Rəna müəllim haqqında ayrı-ayrı adamların bütün fikir və düşüncələri, arzu və istəkləri demək olar ki, eyni mənbədən qidalanır. O mənbənin adı sevgidir, o mənbənin adı müəllimlikdir. Onu tanıyandan sonra düşündüm ki, əsl müəllim belə olmalıdır. Xalqının, bütövlükdə bəşəriyyətin gələcəyi, onun əxlaqi kamilliyi, qazandığı elmi yalnız insanlığın xeyrinə istifadə etmək amalı Rəna müəllimin düşüncəsinin mayasıdır.

Rəna müəllim bir də ona görə xoşbəxtdir ki, o, 54 nömrəli orta məktəbin kollektivi ilə bir yerdə çalışır. Məktəbin direktoru Sahibə Abbasovanın xidmətləri və mütərəqqi fəaliyyəti danılmaz bir faktdır. İnsan bütün bu faktların şahidi olduqca heyrət edir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Qasımova haqqında məktəbin müəllim kollektivi və şagirdlər arasındakı fikirlərdən sonra ürəyimdən külək kimi bir hiss keçdi: Kaş təzədən doğulaydım, kaş təzədən məktəbə gedəydim, kaş təzədən 1-ci sinifdə oxuyaydım, kaş oxuduğum məktəb 54 nömrəli orta məktəb olaydı. Və kaş ibtidai sinif müəllimim Rəna müəllim olaydı. Kaş belə işıqlı insanlardan dərs alaydım.  

Pərvanə İBRAHİMOVA


 

Müəllim adımla fəxr edirəm 

Artıq 18 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Nəsimi rayonu 42 nömrəli tam orta məktəbdə çalışmağım mənim iş həyatımda bir dönüşə çevrildi. Məktəbimizdə müəllimlər arasında sağlam rəqabət hökm sürməkdədir. Tez-tez "açıq dərs"lərin, müxtəlif ədəbi-bədii gecələrin təşkil olunması, müəllimlərin İKT bacarıqlarını möhkəmləndirməsi üçün kurslarda iştirak etməsi artıq ənənəyə çevrilmişdir. Bunun üçün bir müəllim kimi mən öz üzərimdə daim çalışaraq istər metodiki, istərsə də texnoloji cəhətdən hazırlığımı artırmağa başladım. 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd" humanitar təşkilatı ictimai birliyi tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə "İntel" "Gələcək üçün təhsil" təlim kursu, 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Smart Technologies" şirkəti tərəfindən təşkil edilmiş məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün "Dymo/Mimio interaktiv texnologiyaları" ilə tədris təlim kursunu dinlədiyimə görə sertifikat almış, 2012-ci ildə "Mir predmetnika" saytında "Tvorçestvo A.Şaiqa" mövzusunda material təqdim etdiyim üçün, 2012-ci ildə "Flash dlya prodoljayuşix" kursunu distant yolla bitirdiyimə gürə sertifikatla təltif olunmuşam. "İnsan alveri: təhlükələr və qabaqlayıcı təşəbbüslər" üzrə təlim kursunu bitirmiş, 2012-ci ildə Yenilikçi Öyrətmənlər kursunu müvəffəqiyyətlə başa vurmuşam. 2012-ci ildə həm həyat bilgisi, həm də Azərbaycan dili və ədəbiyyat fənni üzrə "Öyrədənlərin öyrədəni" təlimçilər üçün təlim kursunu bitirərək hər iki fənn üzrə "təlimçi" statusu almışam. "İnkişaf" elmi mərkəzinin xətti ilə "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə V-VI sinifdə dərs deyəcək müəllimlərin təlim kursunda"  təlimçi kimi fəaliyyət göstərirəm. Azərbaycan dili və ədəbiyyat fənləri aylığının rayon turunun "Açıq dərs"  nominasiyasının qalibi diplomu, pedaqoji sahədə səmərəli fəaliyyətimə, gənc nəslin təlim-tərbiyəsində qazandığım uğurlara görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri fərmanı, Azərbaycan Jurnalist Həmkarlar İttifaqı və "Himmət" Xeyriyyəçiliyin Təbliği Mərkəzi rəhbərliyinin birgə qərarı ilə Azərbaycan dilinin, ədəbiyyatının qorunmasında və mükəmməl tədris olunmasında göstərdiyim fəaliyyətə görə "Xan  qızı Natəvan" mükafatı ilə təltif olunmuşam. Və bu uğurlarımdan sonra ötən il möhtərəm Prezidentimizin sərəncamı ilə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək qərarına gəldim. Birinci mərhələdə 2,1 balla qiymətləndirildim. İkinci mərhələ mənim üçün daha uğurlu oldu. "C.Məmmədquluzadənin "Qurbanəli bəy" hekayəsinin təhlili" mövzusunda keçdiyim "açıq dərs" 9,93 balla qiymətləndirildi. Həmin dərs "Fəal dərs nümunəsi kimi" kurikulum proqramını həyata keçirən bəzi təşkilatlara göndərildi. Nəhayət, üçüncü təqdimat mərhələsində 8,88 bala layiq görüldüm. Beləliklə, 20,91 balla "Ən yaxşı müəllim " müsabiqəsinin qaliblərindən biri oldum.

İnsan öz əməyinin qiymətləndirildiyini görəndə tutduğu işə məsuliyyəti daha da artır. Müsabiqənin təşkili, qiymətləndirilməsi, obyektivliyi biz müəllimlərə verilən ən böyük hədiyyədir, dəyərdir. Prezidentimiz tərəfindən təhsilimizə göstərilən qayğıdır. Bu bir faktdır ki, Prezidentimizin əsas məqsədi Azərbaycan gənclərini dünyanın ən inkişaf etmiş ölkələrinin gəncləri ilə eyni səviyyəyə çatdırmaqdır.  Mənim də müəllim kimi bir amalım var: günbəgün qüdrətlənən Azərbaycanımızın gələcəyi  üçün sağlam düşüncəli, vicdanlı vətəndaş yetişdirmək.

Qarşıdan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü gəlir. Bu il bu bayramı müsabiqə qalibi kimi qeyd etmək mənim üçün çox sevinclidir. Əlbəttə,  mən bu sevinci tək yaşamıram. Mənim bütün bu uğurlarımda əməyi olan müəllimlərimi - məktəbimizin direktoru Firəngiz Həmidovanı, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Aydın Paşayevi, baş müəllim Bəybala Abbaslını və bütün həmkarlarımı bayram münasibəti ilə ürəkdən təbrik edirəm.

Ən əsası təhsilə, Azərbaycan müəlliminə və gənc nəslə göstərdiyi qayğı və diqqətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. 

Natəvan HACIYEVA,
Bakıdakı 42 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi


 

Müəllim sözünün ziyası

 

Bütün  zamanların ən şərəfli, müqəddəs peşələrindən sayılan müəllim sözünün ziyası, nuru hər birimizin ürəyinə bir rahatlıq gətirib, ruhuna öz şöləsi ilə işıq salıb. Müəllim sözünün qüdrəti qılıncdan belə kəsərli olub. Uzun illər müqəddəs sözlərini, dəyərli məsləhətlərini, vətəndaşlıq mövqelərini inciyə çevirib yaşadanlar, muncuq misralarla, sətirlərlə bizə çox incə məqamlardan bəhs edirlər. Müəllimlər şagirdlərin hərtərəfli bilik almaları, vətənə, dövlətə layiqli övlad olmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Şagirdinin hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır, lakin şərəfli bir yükdür. Ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirərək demişdir: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Gəncə şəhəri 37 nömrəli tam orta məktəbin müəllimi, peşəsini sevən, uşaqlarla işləməkdən zövq alan Ləzifə İsmayılova da belə ziyalılarımızdandır.

Uşaqlara tükənməz sevgi Ləzifə İsmayılovanı 1980-ci ildə Gəncə Dövlət Universitetinə gətirmişdir. Orta məktəbi fərqlənmə diplomu ilə bitirən Ləzifə müəllim təhsil aldığı universitetdə də tezliklə nümunəvi, öncül tələbə kimi ad çıxarmış, müəllim və yoldaşlarının sevimlisinə çevrilmişdir. Əsl ziyalı xanıma xas keyfiyyətləri özündə cəmləşdirən Ləzifə İsmayılova ali təhsilini başa vurduqdan sonra fəaliyyətə başladığı Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə həm kollektivin, həm də uşaqların və valideynlərin əzizi olub, onların rəğbətini və hörmətini qazanmışdır. 24 illik pedaqoji təcrübəsi müddətində bir gün də olsun tələbkarlıq, nümunəvilik, işinə məsuliyyət, yenilik, daim axtarışda olmaq hissləri onu tərk etməmişdir. 6 buraxılış sinfinə rəhbərlik edən, 50 illik ömür yolunda əslində hər bir şagirdini qolları üstünə alaraq onlara ömründən nur paylayan Ləzifə müəllimin şərəf dolu həyat yolunu heç nə ilə əvəz etmək, dəyişmək, unutmaq mümkün deyil. Ləzifə müəllimi bu nuru həm də həyat yoldaşı, bir məktəbdə çiyin-çiyinə çalışdıqları Akif Namazova, 3 ali təhsilli övladına da verə bilib. O, ailəsini şagirdləri, şagirdlərini də ailəsi qədər sevib. Ona uğur gətirən də elə bu olub. Beynəlxalq Müəllimlər Günü ərəfəsində üzümü Ləzifə müəllimə, onun simasında ölkəmizin bütün müəllimlərinə tutaraq deyirəm: "Bayramınız mübarək, əziz müəllimlər". 

PƏRVANƏ


 

Ən yaxşı müəllim kimi peşə bayramımızı qarşılamağım ikiqat sevindiricidir 

1962-ci ildə Ağcabədi rayonunda ziyalı ailəsində anadan olmuşam. 1978-ci ildə Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmişəm. Uşaqlıqdan tarixçi, tarix müəllimi olmaq arzusunda olmuşam. Bu arzumu reallaşdırmaq üçün elə həmin il sənədlərimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinə) vermiş və tarix fakültəsinə qəbul olunmuşam. 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişəm. Təyinatla Ağcabədi rayonundakı Üzeyirkənd orta məktəbinə müəllim təyin olunmuşam. Bir il orada müəllim işlədikdən sonra ailə vəziyyətimlə əlaqədar Bakı şəhərinə köçmüşəm. 1988-ci ildə Bakı şəhəri Nizami rayonundakı 129 nömrəli tam orta məktəbə müəllim təyin olunmuşam. 1994-cü ilə kimi həmin məktəbdə tarix müəllimi işləmişəm. Müəllim kimi formalaşmağımda bu məktəbdəki fəaliyyətimin mühüm rolu olmuşdur. 1994-cü ildə N.Nərimanov rayonunda yaşamağımla əlaqədar 82 nömrəli tam orta məktəbə dəyişilmiş və pedaqoji fəaliyyətimi burada davam etdirmişəm. Həmin vaxtdan indiyə kimi bu məktəbdə çalışıram. Bir pedaqoq kimi bu məktəbdə çox şey öyrənmiş və pedaqoji ustalığa yiyələnmişəm. O zamankı məktəb direktoru, tanınmış təhsil işçisi Babaxan Muradovdan, məktəbimizin hazırkı direktoru Vaqif Mehdiyevdən, təlim - tərbiyə işləri üzrə direktor müavini Aida Qasımovadan, həmkarlarım  Almaz Nəsibovadan, Nərgiz Quliyevadan və digər müəllimlərdən pedaqoji peşə fəaliyyətinin bir çox incəliklərini öyrənmişəm.

Mən pedaqoji fəaliyyətimin ilk vaxtlarından bir müəllim kimi həmişə şagirdləri düşünməyə, axtarışa sövq edib, onların təfəkkürünə yol açmağa çalışmışam. Dərs dediyim şagirdlərdə tarixə, xüsusən Azərbaycan tarixinə böyük maraq oyatmışam. Çalışıram tədris prosesini elə təşkil edim ki, o, şagirdlərdə idrak fəallığı yaratsın, onlarda biliklərə yiyələnmək həvəsi doğursun. Şagirdlər təkcə tarixi faktları və hadisələri mexaniki olaraq yadda saxlamasınlar, onların yarandığı dövrü, şəraiti düzgün dərk edə və qiymətləndirə bilsinlər. Hadisə və faktları təhlil etmək qabiliyyətlərinə yiyələnsinlər. Uzunillik təcrübəm göstərir ki, belə tədris zamanı  mexaniki əzbərləmə, hafizə deyil, düşüncə, təfəkkür ön plana keçir. Müasir təhsilimizin əsas qayəsi də məhz bundan ibarətdir.

Açığını deyim ki, bütün müəllimlər kimi mən də respublikamızda son illər həyata keçirilən və pedaqoji ictimaiyyətin böyük rəğbətlə qarşıladıığı "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək arzusunda olmuşam. Lakin daha yaxşı nailiyyətlərlə bu müsabiqəyə qoşulmaq istəyim yalnız bu il fikrimi reallaşdırmaq arzusunu daha da gücləndirdi və müsabiqədə iştirak etmək qərarına gəldim.

Çox ciddi olan müsabiqə şərtləri ilə tanışlığım ona hazırlıq ərəfəsində öz bilik və bacarığımı bir daha götür-qoy etmək imkanımı genişləndirdi,  müsabiqədə iştirak etdim və qalib oldum.

Müsabiqə mənə çox şey verdi. Maddi həvəsləndirmə müəllim üçün böyük kömək, həvəsləndirmə vasitəsi olsa da, mən  onu nəzərdə tutmuram. Bu olar da, olmaz da. Başlıca məsələ müəllim əməyinə verilən qiymət, onun uzunillik fədakar əməyinin dövlət tərəfindən qiymətləndirilməsi, ona verilən yüksək dəyərdir. Bunu  heç bir  maddiyyatla müqayisə etmək olmaz.

Cənab Prezidentimiz möhtərəm İlham Əliyevin verdiyi sərəncamda öz adımı oxumaqdan aldığım sevinc hissi məndə gələcək işlərimdə daha məsuliyyətli olmaq, daha böyük uğurlar əldə etmək üçün səylə çalışmaq inamımı daha da artırdı.

Belə bir müsabiqənin keçirilməsi, yəni hər il yaxşıların ən yaxşısının seçilməsi müəllimə, məktəbə və bütövlükdə təhsilimizə göstərilən qayğı və diqqətin təzahürüdür. Bunun üçün dövlətimizin başçısına, hökumətimizə və respublika Təhsil Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Bu həm də gələcək fəaliyyətim, yeni nailiyyətlər üçün məsuliyyət deməkdir.

Pedaqoji fəaliyyətimdə əsas məqsədim məhz bu müsabiqəyə hazırlıq olmasa da, bir neçə il öncədən gördüyüm işlərin çoxu müsahibənin birinci mərhələsinin şərtlərini ödəyirdi. Müxtəlif təlim kurslarının iştirakçısı olmuş, təcrübəmlə bağlı respublikamızın pedaqoji mətbuatında məqalələrlə çıxışlar etmişəm.

"Fəal təlim"  (2003),  "Mimio XI. İnteraktiv lövhə ilə tədris" (2010), "İnformasiya-kommunikasiya texnologiyalarının köməyi ilə tədris  prosesinin təşkili" (2010),  İntel "Gələcək üçün təhsil" (2011),  "Öyrədənlərin öyrədəni" (2012), "İnkişaf" Elmi Mərkəzinin apardığı "Təlimçilər üçün təlim" (2012) kurslarını keçməyimi təsdiqləyən sertifikatlarım var.

2002-2003-cü tədris ilində N.Nərimanov rayonu üzrə "Pedaqoji mühazirələr" müsabiqəsinin, 2003-2004-cü tədris ilində isə rayon üzrə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşam.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2012-2013-cü tədris ilində keçirdiyi "Azərbaycan tarixi fənn aylığı" müsabiqəsində "Ən yaxşı dərs layihəsi" nominasiyası üzrə I  və "Müəllimin ən yaxşı açıq dərsi" nominasiyası üzrə III yerə layiq görülərək fəxri fərmanlar və mükafatlar  almışam.

TQDK-nın tarix fənni üzrə ekspert şurasının üzvüyəm. Təbii ki, bunlar hamısı müsabiqənin ilk mərhələsində nəzərə alındı.

Müsabiqənin ikinci mərhələsində sınaq dərslərinin keçirilməsinə ciddi hazırlıq tələb olunurdu. Müsabiqənin çətin olacağı aydın idi.

Dərsim Bakı şəhərindəki 1 nömrəli tam orta məktəbin VIII sinfində oldu. Bu dərsləri qiymətləndirəcək komissiya üzvləri respublikamızın tanınmış pedaqoqları, metodistləri və qabaqcıl tarix müəllimləri idi. Müsabiqədə ən böyük çətinlik məktəbin, dərs apardığım sinfin tanış olmaması idi. Lakin müəllimin işinin güzgüsü onun apardığı dərsin səviyyəsi olduğunu bildiyimdən bu mərhələyə ciddi hazırlaşdım. Dərsimdə müasir təlim texnologiyalarından, fəal təlim metodlarından geniş istifadə etdim. Deyəsən, yaxşı alındı. Dərsim komissiya üzvlərini razı salmışdı. Mümkün 10 baldan 9,66 bal topladım.

Ən həyəcanlı, ən qısa vaxt ərzində bir yenilikçi müəllim kimi özünü göstərə bilmək, özünü ifadə etmək imkanının olduğu III mərhələ gözlədiyimdən də demokratik bir səviyyədə keçdi. Hər şey şəffaf, heç bir təsir, təzyiq olmadan həyata keçdi. Bu mərhələdə mümkün 10 baldan 9,84 bal topladım. Bundan yaxşı nə ola bilərdi? Burada əyləşən təhsil bilicilərinin heç kimə fərq qoymadan hamıya eyni bir meyardan yanaşdıqlarının şahidi oldum. Demək olar ki, nəinki yüksək bal toplayan həmkarlarım, hətta yüksək bal toplamayanlar da bu nəticələrdən razı idilər.

Yaxınlaşan müəllim gününü ilin "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərindən biri kimi qarşılamağım ikiqat sevindiricidir. Qalib olduğum günlərdə olduğu kimi, bu gün də müəllim yoldaşlarımdan, dostlar və qohumlardan, ən çoxu isə şagirdlərimdən təbriklər gözləyirəm. Məncə, müəllimin ən önəmli təbriki şagirdlərinin minnətdarlıq hissi ilə onu yada salmalarıdır.  

Nuriyyə İLYASOVA,
Bakıdakı 82 nömrəli tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov