Bu günlərdə Bolqarıstan Respublikasının 125 illiyini
qeyd edən Müqəddəs Kliment Oxridski adına Sofiya
Universitetində Bakı Slavyan Universiteti tərəfindən
yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin
təntənəli açılış mərasimi keçirilib. Mərkəzin
açılışında Sofiya Universitetinin rektoru, professor
İ.İlçev, Bakı Slavyan Universitetinin nümayəndə heyəti,
Bolqarıstan Respublikası parlamentinin üzvü Q.Svilenski,
Azərbaycan Respublikasının Bolqarıstandakı fövqəladə və
səlahiyyətli səfiri E.Kərimov, Rusiya, Ukrayna,
Belarus, Moldova, Qazaxıstan və Gürcüstanın bu ölkədəki
səfirləri, ölkənin dövlət və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, Azərbaycan diasporunun
nümayəndələri iştirak ediblər.
Mərkəzin açılış mərasimini açıq elan edən Şərq Dilləri
və Mədəniyyəti Mərkəzinin müdiri, professor A.Fedotov
tədbirin qədim tarixə və zəngin ənənələrə malik Sofiya
Universitetinin həyatında mühüm hadisə olduğunu qeyd
edib. Universitetin rektoru, professor İ.İlçev BSU
tərəfindən yaradılan Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq
əlaqələrinin deyil, həm də xalqlar arasında dostluq
münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına
əmin olduğunu bildirib. Rektor Mərkəzin BSU tərəfindən
qısa bir müddətdə tərtib edilərək Azərbaycana maraq
göstərəcək bolqar tələbələrinin istifadəsinə verilməsini
yüksək qiymətləndirib.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Asif
Hacıyev tədbir iştirakçılarını Bakı Slavyan
Universitetinin rektoru, professor Kamal Abdullayevin
adından salamlayaraq onun təbriklərini Sofiya
Universitetinin rəhbərliyinə və mərasimə dəvət olunmuş
qonaqlara çatdırıb. Qeyd edilib ki, Bakı Slavyan
Universiteti Sofiya Universitetində fəaliyyətə başlayan
mərkəzə xüsusi diqqətlə yanaşacaq, onu dərslik və
lüğətlər, tədris vəsaitləri və elmi ədəbiyyatla
mütəmadi olaraq təmin edəcək, universitetlər arasında
müəllim və tələbə mübadiləsinə xüsusi önəm verəcəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı
fövqəladə və səlahiyyətli səfiri E.Kərimov, MDB Xalqları
ilə Dostluq Federasiyasının sədri, professor
Z.Zaxariyev, mərkəzin müdiri S.Şiqayeva və başqaları
çıxış edərək Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə
uğurlar arzuladılar.
BSU tərəfindən ilk dəfə olaraq MDB məkanından kənarda,
Bolqarıstanın Sofiya Universitetində yaradılan
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Azərbaycan
Respublikasının dövlət atributları ilə, elmi və tədris
ədəbiyyatı nümunələri, xalqımızın qədim tarixi və zəngin
mədəniyyətinə dair məlumatlarla, Azərbaycan dilinin
tədrisi prosesində, mədəni-kütləvi tədbirlərdə istifadə
ediləcək müasir texniki avadanlıqlarla təmin edilib,
rəngarəng reproduksiyalar və şəkillərlə bəzədilib.
Açılış mərasiminin yüksək səviyyədə təşkili və
keçirilməsi mərkəzin yaxın gələcəkdə Azərbaycanı təbliğ
və tədqiq edən müasir tədris məkanına və maraqlı
mədəniyyət guşəsinə çevriləcəyinə əminlik yaradır.
Şakir CƏFƏROV |