Naxçıvan Özəl Universitetində pedaqoji fakültənin əyani
şöbə üzrə IV kurs tələbələrinin 2013-2014-cü tədris
ilinin birinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə
həsr edilmiş konfrans keçirilib.
Konfransda tədris və elmi işlər üzrə prorektor, tarix
üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli çıxış
edərək pedaqoji təcrübə haqqında ətraflı məlumat verib.
Təcrübə rəhbərlərinin üzərinə düşən öhdəliklər,
tələbələrin dərsə davamiyyəti, onların nizam-intizamı,
dərslərin keçirilməsi və digər məsələlərlə bağlı öz
tövsiyələrini verən İ.Kazımbəyli həm də orta ümumtəhsil
məktəblərində keçirilən müxtəlif mədəni-kütləvi
tədbirlərdə də fəal iştirakın zəruriliyini bildirib.
Pedaqogika və psixologiya kafedrasının müdiri Solmaz
Həsənli çıxış edərək tələbələrin təcrübə müddətində
bütün qaydalara əməl etmələri, psixoloji müşahidənin
aparılması qaydası ilə bağlı ətraflı məlumat verib və
pedaqoji təcrübənin qarşısında duran əsas vəzifələrdən
biri olan universitetdən orta məktəbə aparılan
yeniliklərin əhəmiyyətindən bəhs edib. Eləcə də
şagirdlərin xarakterik xüsusiyyətləri ilə yaxından tanış
olmağın əhəmiyyəti vurğulanıb.
Sonda "Pedaqoji təcrübənin təşkili, keçirilməsi və
hazırlanacaq sənədlər"lə bağlı məlumatları
universitetin təcrübə üzrə metodisti Azər Əliyev
konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Xarici dil, tarix və riyaziyyat-informatika ixtisasları
üzrə təhsil alan tələbələr Heydər Əliyev adına orta
məktəbdə və Ə.Ağayev adına 8 nömrəli orta məktəbdə 4
həftə müddətində pedaqoji təcrübə keçəcəklər.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri
|