Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

"Tempus Azərbaycanda: yazılı və şifahi tərcümədə islahatlar" mövzusunda yekun konfrans keçirilib

 

Böyütmək üçün şəkili seçin25-27 sentyabr tarixlərində Azərbaycan Dillər Universitetində ADU-nun koordinatorluğu ilə yerinə yetirilən Avropa Birliyinin Tempus proqramının Tempus Ritsa layihəsinin "Tempus Azərbaycanda: yazılı və şifahi tərcümədə  islahatlar" mövzusunda yekun konfransı keçirildi.

Konfransın sentyabrın 25-də ADU-da təşkil olunan plenar iclasında Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağırov, Avropa Birliyinin Tempus üzrə rəhbəri cənab Klaus Haupt iştirak edirdilər. Beynəlxalq konfransa adıçəkilən layihənin tərəfdaşı olan Fransa, İtaliya, Almaniya, Türkiyə və Böyük Britaniyanın bir sıra aparıcı universitetlərindən nümayəndələr, müxtəlif sahələr üzrə, o cümlədən dil və linqvistika üzrə elm adamları qatılmışdır. Tədbirdə, həmçinin Azərbaycanın digər ali təhsil müəssisələrinin rektorları və nümayəndələri, müxtəlif ölkələrin Azərbaycandakı diplomatik korpuslarının əməkdaşları, bir sıra yerli və xarici nümayəndələr iştirak edirdilər.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov iştirakçıları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirdi. Rektor universitetin üç il bundan əvvəl Tempus proqramının sözügedən layihəsinə qoşulduğunu və bu layihədə uğur əldə edildiyini qeyd etdi. O, məhz 2010-cu ildən Azərbaycan Dillər Universitetinin Tempus layihəsinin Azərbaycan tərəfdən idarəedicisinə (koordinatoruna) çevrildiyini və Azərbaycan təhsil sistemində məhz ADU-nun bu ilkə imza atdığını iştirakçıların nəzərinə çatdıraraq bu layihənin ən əsas nəticəsinin Esseks, Leypsiq, Strasburq universitetləri, Milan Tərcüməçilik İnstitutu və bir çox universitetlərlə yeni proqramları həyata keçirmək olduğunu vurğuladı. Rektor Azərbaycan Respublikasının təhsil nazirinin beynəlxalq əlaqələrə önəm verdiyini və bu layihənin Azərbaycanda həyata keçirilməsində dəstəyini xüsusi qeyd edərək, bu konfransın yeni əlaqələrin, fikirlərin, konfransların başlanğıcı olacağına inandığını bildirdi.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bu əhəmiyyətli gün münasibətilə iştirakçıları təbrik edərək belə bir mövzuda konfransın keçirilməsini yüksək qiymətləndirdi. O, son illər Tempus layihəsində iştirak edən ali məktəblərin sayının artdığını, ADU ilə birgə dörd ali təhsil müəssisəsinin bu layihədə uğurla iştirakını xüsusilə vurğuladı və aparılan islahatların uğurlu nəticələrinin ölkəmizdə təhsil sisteminin davamlı inkişafına kömək edəcəyini qeyd etdi.

Sonra çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov layihənin rəhbərlik etdiyi ali məktəb üçün əhəmiyyətindən danışdı. Tempus layihəsində tərəfdaş kimi iştirak edən institutun bu müddət ərzində gördüyü işləri diqqətə çatdırdı. İnstitutun rəhbərliyinin, həmçinin professor-müəllim heyətinin layihə çərçivəsində  Avropanın müvafiq universitetlərində təcrübə mübadiləsinin səmərəliliyini yüksək qiymətləndirdi və Bakıda fəaliyyət göstərən orta məktəblərin ingilis dili müəllimləri üçün institutda təşkil edilmiş treninqlərin əhəmiyyətini vurğuladı. Professor Asəf Zamanov beynəlxalq layihələrin, o cümlədən Tempus layihəsinin önəmini qeyd edərək iştirakçılara və təşkilatçılara uğurlar arzuladı.

Daha sonra çıxış edən Avropa Birliyinin nümayəndəsi Frederik Bernard konfransda iştirak etməsindən məmnunluğunu bildirdi. O, Tempus layihəsinin yekun konfransının Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirdi və əməkdaşlıq nəticəsində yeni proqramların həyata keçəcəyinə əminliyini ifadə etdi. F.Bernard layihədə iştirak edənləri fəal olmağa çağırdı.

Çıxış üçün söz alan Avropa Birliyinin Tempus üzrə rəhbəri Klaus Haupt Azərbaycanda ilk dəfə olduğunu qonaqların diqqətinə çatdırdı. O, "Azərbaycan təhsilinin müasirləşdirilməsi: Azərbaycana Tempus layihəsinin gətirdiyi dəyərlər" mövzusunda məruzə ilə çıxış edərək proqramın inkişafı, məqsədləri, Tempusun Azərbaycanda keçirilməsi haqqında danışdı. Tempus layihəsinin 1990-cı ildən yarandığını və bu layihəyə Şərq ölkələrinin 1993-cü ildən, Azərbaycanın isə 1995-ci ildən qoşulduğunu bildirdi. Klaus Haupt Tempus layihəsinin məqsədlərinin ali təhsil müəssisələrinin müasirləşdirilməsi, milli ali təhsil müəssisələrinin təhsil siyasətlərinin dəstəklənməsi, universitetlər arasında yeni fikir mübadilələrinin aparılması olduğunu qeyd etdi. Azərbaycanın Tempus layihəsində iştirakından danışan K.Haupt 1995-2013-cü illər ərzində 33 layihənin həyata keçirildiyini, 3 layihənin isə Azərbaycan universitetləri tərəfindən idarə olunduğunu dedi. O, Azərbaycanın hazırda 17 Tempus layihəsinə cəlb olunduğunu bildirdi.

Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Anar Kazımov, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Elizabet Vayt, Azərbaycanın Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağırov və başqaları  da çıxış edərək, konfransın işinə uğurlar arzuladılar.

Plenar iclasda Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova "Layihənin yekun təqdimatı", Strasburq Universitetinin institut direktoru Ekart Hötzel "Beynəlxalq əməkdaşlıq layihələri və mədəniyyətlərarası əlaqə" mövzularında məruzələrlə çıxış etdilər.

Konfransın birinci günü mütəxəssislərin panellərdəki maraqlı çıxışları müzakirələrlə başa çatdı.

İkinci gün konfrans öz işini Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda davam etdirdi. Konfrans iştirakçılarını institutun rektoru, professor Asəf Zamanov salamlayaraq, son beş ildə rəhbərlik etdiyi institutun beynəlxalq əlaqələr sahəsindəki uğurlarından, dünyanın 35-dən çox ali məktəbi, elmi-tədqiqat institutları ilə səmərəli əməkdaşlığının nəticələrindən söz açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılan xarici və daxili siyasətin bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də müsbət təsirini vurğuladı. İnstitutda tədbirin uğurlu keçməsi üçün bütün şəraitin yaradıldığını diqqətə çatdıraraq, konfransın işinə uğurlar arzuladı.

Rektor institutda təşkil edilən panellərdə iki gün ərzində şifahi və yazılı tərcümə, həmçinin müəllimlərin professional inkişafı  sahəsində aktual məsələlərə həsr edilmiş 20-dən çox məruzə mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi.

Sentyabrın 27-də konfrans başa çatdı. 

BPKİYİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov