Oktyabrın
2-də 18 nömrəli Bakı Peşə Liseyində "Dülgər,
xarrat-parket ustası" ixtisası üzrə "BOSCH" Resurs
Mərkəzinin açılış mərasimi keçirilmişdir.
Təhsil Nazirliyinin və "BOSCH" şirkətinin dəstəyi ilə
Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində
reallaşdırılan layihənin əsas məqsədi müvafiq
istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə
çatdırılması və gənclərin ilk peşə-ixtisas təhsili
müəssisələrinə marağının artırılması, peşə təhsili
sisteminin əhatə dairəsinin genişləndirilməsi və
kadr hazırlığı prosesinin keyfiyyətinin
yüksəldilməsindən ibarətdir.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı səfirinin
müavini Volfqanq Mössinger, Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və "BOSCH"
şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru
Cordan Kostaf iştirak etmişlər.
İlk öncə Azərbaycan Respublikasının və Almaniyanın
dövlət himnləri səsləndirilmişdir.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirmişdir
ki, Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatına
yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarlar
lazımdır. Ölkənin potensialının və inkişaf tempinin çox
yüksək olduğunu söyləyən nazir Azərbaycanda müxtəlif
ixtisaslar üzrə müasir dövrün tələblərinə cavab verən
peşəkarların hazırlanmalı olduğunu qeyd etmişdir.
Peşə təhsilinin inkişafının ölkəmiz üçün mühüm
əhəmiyyətindən söhbət açan təhsil naziri həm daxili
iqtisadi tələblər, həm də gələcəkdə regional əmək
bazarları üçün Azərbaycanda peşəkar kadrların
hazırlanmasının zəruriliyi haqqında fikirlərini nəzərə
çatdırmış və respublikamızın bu sahədə regional mərkəzə
çevrilməsinin mümkünlüyünü bildirmişdir. Bütün bunlara
nail olmaq üçün ən müasir və yeni texnoloji
yeniliklərin, təcrübələrin Azərbaycanın peşə hazırlığı
sahəsinə tətbiqi yollarından bəhs edən nazir Təhsil
Nazirliyinin həm Azərbaycanda, həm də xaricdə fəaliyyət
göstərən şirkətlərlə əməkdaşlığı sayəsində peşəkar
kadrların hazırlanmasına xüsusi diqqət yetirdiyini
vurğulamışdır.
Dünyanın inkişaf etmiş ölkələrinin əsas üstünlüyünün
məhz bilikdən, peşəkar kadr məsələlərinə yetirilən
diqqətdən qaynaqlandığını nəzərə çatdıran təhsil naziri
insan kapitalının elm kapitalına çevrilməsinin
zəruriliyi barədə fikirlərini bildirmişdir. Nazir məhz
bu məqsədlərə nail olmaq üçün ölkə başçısı cənab İlham
Əliyevin hər zaman təhsilin inkişafına, həm
maddi-texniki bazanın gücləndirilməsinə, həm də təhsilin
məzmununda müasirliyin, yeniliyin tətbiq olunmasına
diqqət göstərdiyini nəzərə çatdırmışdır.
Qeyd edək ki, ilk peşə-ixtisas təhsili sahəsində
Azərbaycanla əməkdaşlıq edən bütün qurumlara təşəkkürünü
bildirən nazir onu da qeyd etmişdir ki, ölkəmizdə
peşəkar kadrların hazırlanması istiqamətində həm ölkə,
həm də xarici şirkətlərlə səmərəli əlaqələr
yaradılmışdır.
Resurs Mərkəzinin fəaliyyəti üçün "BOSCH" şirkətinin
standartları əsas götürülmüş, təmirlə yanaşı, təchizat
məsələlərinə də diqqət yetirilmiş, zəruri texniki
avadanlıqlar quraşdırılmış, İnternet xətləri çəkilmiş,
nəzəri və təcrübi təlim otaqları yaradılmışdır.
Mərkəzdə ilk peşə-ixtisas təhsili müəssisələri
şagirdlərini, digər liseylərin müəllim və tələbələrini,
eləcə də "BOSCH" şirkəti ilə əməkdaşlıq edən müəssisə və
təşkilat nümayəndələrini təlimdən keçirmək mümkündür.
Resurs Mərkəzi müdavimlərinin yekun bilik və bacarıqları
müvafiq qiymətləndirmə üsulu ilə yoxlanılaraq adları
"BOSCH" şirkətinin xüsusi məlumat bazasına
yerləşdiriləcək və onlara rəsmi sertifikatlar
veriləcəkdir.
Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk
peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin
müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə
yönəlmişdir. Həyata keçirilən pilot layihələrin
nəticələrinin digər peşə məktəblərində bir model kimi
tətbiq olunması nəzərdə tutulmuşdur. |