"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu
qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı bir sıra
normativ hüquqi aktlar qəbul edilmiş, o cümlədən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
13.01.2011-ci il tarixli, 5 nömrəli qərarı ilə
"Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi" təsdiq
olunmuşdur.
Bununla belə, uşaqların (şagirdlərin) ümumi təhsil
müəssisələrinə qəbulu və yerdəyişməsi, xarici ölkələrdə
təhsil almış uşaqların Azərbaycan Respublikasının
məktəblərində təhsilə cəlbi, habelə ailəsi ilə birlikdə
ölkədən kənara gedən şagirdlərin təhsil aldıqları
məktəblərdən xaric edilməsi üzrə münasibətləri
tənzimləyən Təhsil Nazirliyinin 14 dekabr 2010-cu il
tarixli, 1637 nömrəli əmri ilə təsdiq edilmiş
"Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və
yerdəyişməsi haqqında Qaydalar"dakı bəzi
qeyri-müəyyənliklər göstərilən məsələləri tam və
obyektiv əhatə etmir.
Qeyd olunanlarla əlaqədar uşaqların (şagirdlərin) ümumi
təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi sahəsində
daha təkmil qaydaların tətbiq olunmasını təmin etmək
məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 8.1-ci və 13.5-ci bəndlərini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu və
yerdəyişməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin 14 dekabr 2010-cu il tarixli,
1637 nömrəli əmri ilə təsdiq olunmuş "Şagirdlərin
ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında
Qaydalar" qüvvədən düşmüş hesab edilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə
birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, çoxaldılıb yerlərə göndərilməsini təmin
etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 sentyabr 2013-cü il |