| 
						
						
						İbtidai təlim dövrü uşaq həyatının çox əhəmiyyətli 
						mərhələlərindən biridir. Burada onun təbii imkanlarının 
						üzə çıxması üçün hər cür şərait yaratmaq mümkündür. 
						Şagirdlərdə qabiliyyətlərin vaxtında üzə çıxarılması, 
						möhkəmləndirilməsi, materialın şüurlu surətdə 
						mənimsədilməsi üçün təlimdə inteqrasiya vacibdir. 
						"Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası 
						(Milli Kurikulumu)" sənədində təhsilin inteqrativliyi 
						əsas prinsip kimi nəzərdə tutulmuşdur. Milli Kurikulum 
						təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi 
						önəm verir. Müxtəlif sahələr üzrə biliklərin 
						inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında 
						vahid, sistemli dünyagörüşün formalaşmasına kömək edir. 
						
						İnteqrasiya termini XX əsrin sonundan daha fəal istifadə 
						olunmağa başlasa da onun ifadə etdiyi mahiyyət və məzmun 
						həyat yarandığı gündən mövcud olmuş, onun varlığını 
						təşkil etmişdir.  Zaman-zaman diferensial yanaşmalar 
						hissələrə bölünməni, ayrılmaları tənzimlədiyi kimi, 
						inteqrasiya prosesləri də bütövləşmələrin, 
						tamamlanmaların nəticəsi kimi meydana çıxmışdır. 
						Bəşəriyyətin tarixi boyu proqressiv xarakter daşıyan 
						yeniliklər diferensial və həmçinin inteqrativ 
						yanaşmaların fonunda yaranmışdır. Bütün elm sahələrində, 
						o cümlədən sosiologiyada, eləcə də pedaqogikada 
						inteqrasiya önəmli yer tutmuşdur. Ona görə də 
						pedaqogikada "inteqrasiya", "inteqrativlik", eləcə də 
						"təhsildə inteqrasiya" və s. anlayışlardan daha çox 
						istifadə olunmağa başlamışdır. İnteqrasiya təhsilin 
						bütün struktur elementlərinə aid olduğundan son 
						dövrlərdə "inteqrativ təlim", "inteqrativ dərs", 
						"inteqrativ fənn" və s. anlayışlar da işlənir. 
						
						Müasir dünyada sürətlə gedən sosial, mədəni və texnoloji 
						dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli 
						artırır. Belə olan halda şagirdlər təlim prosesinin 
						passiv iştirakçısı olmur. İnteqrativlik şagirdlərə ətraf 
						aləmin dərk edilməsinə yaradıcı idraki münasibət 
						bəsləyən subyektlər kimi yanaşılmasına imkan yaradır. Bu 
						o zaman mümkün olur ki, təhsil pillələrində öyrənilən 
						fənlər və onların  əhatə etdiyi mövzular ayrı-ayrı 
						deyil, əlaqəli, inteqrativ şəkildə tədris olunur. Digər 
						bir tərəfdən  inteqrativ kurikulum şagirdlərin 
						dərsliklərdə verilən materiallara yaradıcı yanaşmasına 
						kömək edir. 
						
						Təcrübə göstərir ki, tədris prosesində fəndaxili və 
						fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və 
						bacarıqların şagirdlər tərəfindən daha asan 
						mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması, 
						uşaqlarda tədqiqatçılıq meyillərinin yaranması üçün 
						vacib şərtdir. Fəndaxili inteqrasiya müəyyən bir fənnin 
						aşıladığı anlayış, bilik və bacarıqların 
						əlaqələndirilməsi, fənn daxilində səpələnmiş faktların 
						sistemləşdirilməsidir. Belə səviyyədə inteqrasiyanı 
						verilmiş materialın ayrı-ayrı tədris vahidlərində 
						cəmləşdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə 
						fənnin məzmununun strukturunun dəyişdirilməsinə gətirib 
						çıxarır. Bu mənada inteqrasiya olunmuş məzmun informativ 
						cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli 
						kateqoriyalarla düşünmə bacarıqları formalaşdırmalarına 
						kömək edir. İbtidai təhsil pilləsi fənlərinin tədrisində 
						geniş şəkildə istifadə olunan fəndaxili inteqrasiya üçün 
						konsentrik prinsipə əsaslanan spiralvari quruluş daha 
						xarakterikdir. Bu cür inteqrasiya prosesində dəyərlərin 
						dərk olunması xüsusidən ümumiyə və yaxud ümumidən 
						xüsusiyə doğru ola bilər. Beləliklə, məzmun get-gedə 
						yeni məlumatlarla, bağlılıqlarla və asılılıqlarla 
						zənginləşərək daha maraqlı hala gəlir. Bu formanın üstün 
						xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər başlanğıc 
						problemi diqqətdən qaçırmadan onunla bağlı olan 
						bilgilərini daha da genişləndirir və dərinləşdirirlər. 
						
						Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi 
						ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə 
						aid anlayışların və metodların digər bir fənnin 
						tədrisində istifadəsini nəzərdə tutur. Bu inteqrasiya 
						müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına 
						xidmət edir. Bu proses eyni bir bacarığın ayrı-ayrı 
						fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin 
						etməklə təlim prosesinin səmərəliliyinin artırılmasına 
						şərait yaradır. 
						
						Fənlərarası və fəndaxili münasibətlərin sadəcə əlaqə 
						deyil, inteqrasiya xarakteri daşıması bu münasibətlərin 
						daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə 
						çevrilməsinə şərait yaradır. Müəllimlər pedaqoji 
						prosesdə ondan daha səmərəli qaydada istifadə etmək 
						imkanı qazanırlar. Bundan əlavə, fənlərarası və 
						fəndaxili inteqrasiya interaktiv öyrənməyə geniş yol 
						açır. Şagirdlərin təbiət, cəmiyyət və insanlar haqqında 
						qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə 
						yiyələnməsini stimullaşdırır. 
						
						İnteqrasiya nəticəsində tədris materialının yığcamlığı  
						təmin edilir, təkrara yer verilmir, şagirdlər artıq 
						yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt 
						içərisində çox, həm də bir-biri ilə üzvi əlaqədə 
						formalaşmış biliklər əldə edirlər. Bu məqsədlə uşaqları 
						inteqrativ biliklər əldə etməyə hazırlayan fənlərarası 
						əlaqəyə geniş yer verilməlidir. Bunun təmin edilməsi 
						üçün müəllim bütün fənlər üzrə proqram materiallarına 
						yaxşı bələd olmalı, fənlərarası əlaqədən istifadə 
						etməyin yollarını, onun metodikasını dərindən 
						bilməlidir. 
						
						Fənlərarası əlaqə prosesində  tədris fənni şagirdlər 
						tərəfindən yaxşı mənimsənilir, bir neçə fənn üzrə bilik, 
						bacarıq və vərdişlər təkrarlanır. Biliyin şagirdlər 
						tərəfindən  sistemli mənimsənilməsi təmin edilir. 
						
						Fənlərarası əlaqədən ardıcıl şəkildə istifadə tədrisin 
						səviyyəsini yüksəldir, şagirdlərin təfəkkürünü inkişaf 
						etdirir, dünyagörüşünü genişləndirir. Buna görə də 
						təhsilə ayrı-ayrı fənlərin öyrədilməsi kimi deyil, XXI 
						əsrin tələb etdiyi həyati bacarıqların inkişaf 
						etdirilməsi prosesi kimi baxılmalı, şagirdlər həyat boyu 
						öyrənməyə hazırlanmalıdır.  
						
						
						Günel ƏSGƏROVA, Rumiyyə  PİRİYEVA,
 Naxçıvan Dövlət 
						
						Universitetinin əməkdaşları
 |