Mövzu:
"Çörəyimiz bol olsun".
Təlim üsulu: BİBÖ, müzakirə.
İş forması: kiçik qruplarla iş.
Standartlar: 1.3.2; 1.1.1; 2.2.4; 3.1.4.
Dərsin tipi: İnduktiv.
İnteqrasiya: Azərbaycan dili, texnologiya.
Resurslar: dərslik, iş dəftəri, iş vərəqləri.
Təlimin nəticəsi: Şagirdlər müqəddəs hesab etdiyimiz
çörək və digər un məmulatlarının necə və nədən
alındığını, onların hazırlanma texnologiyası, insanların
taxılı yetişdirib ərsəyə gətirməsinə sonsuz əziyyət və
insan zəhməti ilə yanaşı təbiətin də böyük zəhməti
olduğunu öyrənirlər.
Dərsin mərhələləri:
1. Motivasiya
2.Tədqiqatın aparılması
3.Məlumat mübadiləsi və müzakirəsi
4.Nəticə
5.Tətbiqetmə
6.Qiymətləndirmə
7.Ev tapşırığı
Motivasiya. Dərsin bu mərhələsində şəkil üzrə müvafiq
iş apardıqdan sonra aşağıdakı tədqiqat sualını qoyuram.
Tədqiqat sualı: Nə üçün çörəyi müqəddəs hesab edirik?
Tədqiqatın aparılması.
Bu mərhələdə sinif dörd qrupa bölünür.
I qrup: Arpa
II qrup: Çovdar
III qrup: Buğda
IV qrup: Qarğıdalı
Lövhədə BİBÖ üsulundan istifadə edərək şagirdlərin çörək
haqqında bildiklərini və bilmək istədiklərini qeyd
edirəm. Bildirirəm ki, bizdə tarixən çörəyə hörmət,
ehtiram, sitayiş və bağlılıq olub. Çörək dinimizdə də
müqəddəs nemət kimi göstərilib. Çörək elə bir qiymətli
nemətdir ki, onun hər qramı alın təri, sonsuz əziyyət,
böyük zəhmətlər hesabına başa gəlir.
Biz hər gün nə yeyiriksə yeyək, süfrəmizdə mütləq çörək
olur. Həyatımızı çörəksiz təsəvvür etmək mümkün deyil.
Çörək çox faydalı qida məhsuludur. İnsan orqanizmi üçün
vacib olan əsas maddələr çörəyin tərkibində vardır.
"Çörək süfrəmizə necə gəlir, onun hazırlanma
texnologiyası hansı mərhələlərdən keçir" sualı ətrafında
geniş məlumat verilir.
Qeyd olunur ki, əvvəlcə torpaq sahələri şumlanır,
şumlanmış torpaq sahələrinə toxum səpilir. Yazda zəmilər
yaşıllaşır. Taxıl böyüyür. Sünbüllər əmələ gəlir. Yayda
yetişmiş taxıl zəmiləri biçilir.
Təmizlənmiş taxıllar dəyirmana göndərilir. Dəyirmanların
da müxtəlif növləri var. Qədimdə taxıllar indiki kimi
elektrik dəyirmanlarında üyüdülmürdü.
İlk olaraq əl dəyirmanları, sonralar su və yel
dəyirmanları icad olunmuşdur. Bu dəyirmanlar ekoloji
cəhətdən daha təmizdir.
Hər dəfə küçələrdə, zibil qablarına atılan çörək
parçalarını gördükdə bəzi insanların bu nemətə necə
hörmətsizlik etdiyini düşünürsən.
Sonra şagirdlərin diqqətini mütəxəssislərin hesabı ilə
bir kiloqram taxılın yetişməsinə nə qədər enerji sərf
edildiyinə baxırıq.
Məlumdur ki, bitkilərin yetişməsinə, onların böyüməsinə
Günəş öz enerjisini sərf edir. Bir kiloqram taxılı almaq
üçün 6,4 kvadrat metr sahə lazımdır. Onda bir kiloqram
taxılın yetişməsinə sərf olunan radiasiyanın illik
artımı 115 (18 x 6,4) kilovat/saat təşkil edir. Bu
zəhmətə yağışın rolunu da əlavə edək. Bir kiloqram
taxılın yetişməsi üçün bir ton su lazımdır. Bir ton
suyun axıdılmasına 750 kilovat/saat enerji sərf olunur.
Nəticədə bir kiloqram taxılın yetişməsinə 865 (115 +
750) kilovat/saata qədər enerji lazım gəlir. Ölkədə
hazırda 1 kilovat/saat enerjinin qiyməti 0,6 qəpik
olduğunu nəzərə alsaq, onda bir kiloqram taxıla 51 manat
0,90 qəpik dəyərində enerji sərf edilir.
Şagirdlərlə birlikdə "Evimizdə artıq qalan çörəklərdən
təkrar necə istifadə edə bilərik" sualını araşdırırıq.
Şagirdlərə qrup tapşırıqları təqdim olunur.
Təqdimat: Bu mərhələdə hər qrup öz işini təqdim edir.
Məlumatın təşkili və mübadiləsi: Hər qrupun tapşırığı
ilə bağlı suallar verirəm.
1. Hazırda çörəyə münasibət necədir?
2. Çörəyə qənaət etmək üçün onu necə təkrar emal etmək
olar?
3. Gündəlik qidamızda istifadə etdiyimiz un məmulatları
hansılardır?
4. Milli mətbəximizdə undan hazırlanmış hansı yeməkləri
xoşlayırsınız?
Nəticə.
Şagirdlər hər qrupun işinə dair münasibət bildirir.
Ta qədimdən babalarımız çörəyə tapınmış, "çörək haqqı"
ən müqəddəs and kimi səslənmişdir. Bəzən ən qəddar
düşmənlər çörək kəsəndən sonra barışmışlar.
Çörəyin ərsəyə gəlməsində təkcə insanların deyil, həm də
təbiətin böyük zəhməti olur. Biz bilirik ki, bitkilərin
böyüməsinə Günəş öz enerjisini sərf edir. Çörəyi biz
təbiətlə birlikdə böyük zəhmətlər hesabına qazanırıq.
Atalarımız çörək, zəhmət, əməksevərlik haqqında
dəyərli, hikmətli sözlər deyiblər.
Çörək açan qapını qılınc açmaz.
Zəhmət padşahlığa layiq işdir.
Tər - əməyin göz yaşıdır.
Əmək - xoşbəxtliyin atasıdır.
Əməksiz şən həyat ola bilməz.
Gəlin, bu min bir zəhmət hesabına başa gələn müqəddəs
nemətə həmişə hörmət edək, onu qoruyaq, qədrini
bilək.
Ev tapşırığı: Aldığımız məlumatlardan istifadə edərək
"Çörək" mövzusunda esse hazırlayın, atalar sözü,
hikmətli sözlər öyrənin.
Ülviyyə VAHİDOVA,
Bakıdakı 144 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi |