| 
						
						
						Şagirdlərdə nitq mədəniyyətini necə inkişaf etdirməli? 
						
						
						Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya 
						azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, 
						milli dövlətçiliyimizin başlıca rəmzlərindən biridir. 
						Ana dilimiz həm də milli məfkurəmizin, şüurumuzun və 
						milli-mədəni dəyərlərimizin yaşamasını və inkişafını 
						təmin edən qüdrətli bir vasitədir. Hər bir azərbaycanlı 
						öz ana dilini sevir və onun dövlət dili kimi 
						işlənməsindən böyük fəxarət hissi keçirir. Dilə məhəbbət 
						həm də doğma vətənə, xalqa məhəbbətin, bağlılığın 
						təzahürüdür.  Bu mənada dilə sevgi eyni zamanda 
						vətənpərvərlik duyğusunun təcəssümüdür. 
						
						Ana dilinə məhəbbətin əsasında isə onu dərindən bilmək, 
						mükəmməl nitq mədəniyyətinə yiyələnmək durur. Bu 
						mədəniyyət, məlum olduğu kimi, ilk növbədə, məktəbdə 
						formalaşdırılmalıdır.Təsadüfi deyil ki, son illər 
						ölkəmizin ümumi təhsil sistemində həyata keçirilən 
						məzmun islahatlarında şagirdlərin idraki, ilk növbədə 
						təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və 
						ünsiyyət mədəniyyətinin formalaşdırılması əsas 
						hədəflərdən biri kimi götürülmüşdür. Azərbaycan 
						Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 
						sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin 
						qloballaşma şəraitində zamanın tələblərinə uyğun 
						istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət 
						Proqramı"nda da qeyd olunmuşdur ki, gənc nəslin ana 
						dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması dövrün 
						əsas tələblərindən biri olaraq qalır. Bu baxımdan Dövlət 
						Proqramının əsas vəzifələrindən biri dil və nitq 
						mədəniyyətinin yüksəldilməsidir. 
						
						Fikrimizcə, bu gün şagirdlərdə dilimizə hörmət, nitq 
						mədəniyyətinin aşılanması, özünü ifadə edə bilmək 
						qabiliyyətinin inkişaf etdirilməsi ixtisasından asılı 
						olmayaraq bütün müəllimlər üçün həm başlıca vəzifə, həm 
						də şərəf işi olmalıdır. Lakin bu işdə əsas ağırlıq 
						ibtidai sinif və Azərbaycan dili-ədəbiyyat 
						müəllimlərinin üzərinə düşür. 
						
						Bütün bunları nəzərə alaraq mən şagirdlərdə dilimizə 
						məhəbbət hissinin artırılmasına, onların nitq və 
						ünsiyyət mədəniyyətinin inkişaf etdirilməsinə xüsusi 
						diqqət yetirirəm. 
						
						Məlum olduğu kimi, uşağın nitqinin inkişafı üç 
						istiqamətdə gedir. Birinci istiqamət uşağın söz 
						ehtiyatının get-gedə zənginləşməsi, yeni sözlər öyrənib 
						bu sözlərdən istifadə etməsini təşkil edir. 
						
						İkinci istiqamət nitqin fonetik cəhətdən inkişaf etməsi, 
						yəni uşağın səsləri düzgün tələffüz etmək bacarığının 
						inkişaf etdirilməsidir. Bu bir tərəfdən səsləri düzgün 
						eşitmək, digər tərəfdən isə düz tələffüz etməkdə ifadə 
						olunur. 
						
						Üçüncü istiqamət isə uşağın nitqinin getdikcə 
						təkmilləşdirilməsini əhatə edir. 
						
						Məktəbə daxil olmaqla uşağın nitqində böyük 
						dəyişikliklər baş verir. Bu dəyişikliklər nəticəsində I 
						sinif şagirdinin təxminən 3500-4000 söz ehtiyatı olursa, 
						IV sinifdə söz ehtiyatı artaraq 5000 sözə çatır. Bütün 
						bunlar, əlbəttə, aparılan tədris, təlim-tərbiyə işləri 
						nəticəsində baş verir. Uşağın yaxşı, sərbəst, zəngin, 
						ifadəli nitqə yiyələnməsi üçün müəllim bu istiqamətlərin 
						üçünə də ciddi diqqət yetirməlidir. Lakin təcrübədə 
						bəzən bunun əksinə rast gəlinir. Belə ki, müəllimlər çox 
						vaxt uşaqlarla söz ehtiyatını artırması istiqamətində iş 
						aparır, onlarda nitqin məzmunluluğuna, anlaşıqlı, rəvan, 
						ifadəli olmasına o qədər də fikir vermirlər. Bu isə 
						məsələyə birtərəfli yanaşma olub uşaqlarda nitqin 
						inkişafına o qədər də müsbət təsir göstərmir. Uşağın 
						nitqini inkişaf etdirmək üçün hər şeydən əvvəl onlara 
						səsləri və sözləri düzgün tələffüz etmək bacarığı 
						aşılamaq lazımdır. Bu, düzgün nitqin əsas əlamətlərindən 
						biridir. Səsləri və sözləri düzgün ifadə etməyən adamın 
						söz ehtiyatı nə qədər zəngin olsa da və o, qrammatik 
						cəhətdən nə qədər mükəmməl danışsa da nitqi aydın 
						olmayacaqdır. Nitqin aydınlığı düzgün nitqə verilən əsas 
						tələblərdən olduğu üçün müəllim hələ kiçik yaşlardan 
						uşaqlarda nitqin fonetik cəhətini, səsləri və sözləri 
						düzgün tələffüz etmək vərdişlərini inkişaf etdirməlidir. 
						Ona görə də şagirdlərdə nitqin inkişafı üzrə iş 
						apararkən bu cəhətə xüsusi diqqət yetirirəm. Təbii ki, 
						hər bir uşağın öz fərdi xüsusiyyətləri olduğu kimi, 
						ailədən gələn irsi qabiliyyətləri və qavraması da burada 
						əsas rol oynayır. 
						
						Ünsiyyət mədəniyyəti başlıca olaraq nitq əsasında 
						yaranıb formalaşır. Eyni zamanda ünsiyyət mədəniyyətinin 
						inkişafı bilavasitə uşaqlarda dil və intellektin 
						formalaşması ilə paralel gedir və biri digərinin 
						inkişafını şərtləndirir. Təcrübə göstərir ki, uşaqlarla 
						ünsiyyətdə yetərli dərəcədə sərbəstliyə önəm verilərsə, 
						bu zaman uşaqların özünü ifadə etməsi kifayət qədər 
						qabarıq şəkildə büruzə verir. 
						
						Nitqin fonetik cəhəti inkişaf etdirilərkən üç cəhətə 
						xüsusi fikir verilməlidir. Birincisi, uşaqlar ana 
						dilinin bütün səslərini və sözlərini düzgün tələffüz 
						etməyi öyrənməlidirlər. Bunun üçün bir sıra yollar 
						vardır. Bu yollardan birincisi uşaqlara tərkibində 
						tələffüzü çətin olan sözləri seçmək və təkrar 
						etdirməkdən ibarətdir. Nitqin fonetik cəhətini inkişaf 
						etdirməkdə önəmli məsələlərdən biri də uşağın tələffüz 
						ediləcək səsləri düzgün eşidə bilməsidir. Uşaq 
						bir-birinə yaxın olan səsləri, sözləri fərqləndirməyi və 
						aydın qavramağı bacarmalıdır. 
						
						Nitqin inkişafı istiqamətində aparılan belə işlər 
						gələcəkdə məktəblilərin şifahi və yazılı nitqinin 
						formalaşmasına müsbət təsir göstərir, onlar savadlı 
						nitqə yiyələnirlər. 
						
						Şagirdlərin nitq qabiliyyətinin inkişafına müsbət təsir 
						göstərən cəhətlərdən biri də verilən hər hansı bir 
						tapşırığın onlar tərəfindən şifahi olaraq ifadə 
						olunmasıdır. Bu zaman şagirdlərdə nitqin ardıcıllığı, 
						məntiqliyi formalaşır. Ədəbi əsərlərin təhlili, hər 
						hansı bir hadisənin, əhvalatın məntiqi ardıcıllıqla 
						təsvir olunması da şagirdlərdə, xüsusən yuxarı 
						siniflərdə, nitq mədəniyyətinin formalaşmasına müsbət 
						təsir göstərir. 
						
						Dərs zamanı öz fikirlərini ifadə etmək üçün şagirdə 
						verilən sərbəstlik də onların nitq mədəniyyətinin 
						formalaşmasına önəmli təsir göstərir. 
						
						Bu zaman şagird öz intellektini ifadə etmək üçün  
						istənilən formanı seçə bilir.  
						
						
						Günay HACIYEVA,Bakıdakı R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin 
						müəllimi
 |