Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Beynəlxalq təhsil xəbərləri

 

Şərqi Asiya ölkələri elmi-tədqiqatlar üçün universitetlərə ayrılan vəsaitlərin həcminə görə dünyada liderlik edir

Şərqi Asiya ölkələri ali təhsilin inkişafına və universitetlərdə aparılan elmi-tədqiqatların   maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcminə görə dünyada liderlik edir.  Bu barədə Times Higher Education dərgisinin Thomson Reuters agentliyi ilə birlikdə hazırladığı son hesabatda qeyd olunur. Hesabatda bildirilir ki, Cənubi Koreyanın aparıcı  universitetləri biznesin inkişafından əldə olunan gəlirlərin təhsil sahəsinə yönəldilməsi  istiqamətində ən yaxşı mövqedədir.  

İri biznes dairələrinin ali təhsil sahəsinə ayırdığı yatırımlar bu ölkədə 62780 funt-sterlinq (97900 dollar) təşkil edir. Cənubi Koreyada hər bir alim innovasiyalarda iştirak edir və tədqiqatlar aparır.    Sinqapur siyahıda ikinci yerdədir. Bu ölkədə akademik tədqiqatlara 54462  funt-sterlinq (84500 dollar) xərclənir. Avropa ölkəsi olan Niderland isə bu sahədə 46921 funt-sterlinqlə (72800 dollar) üçüncü sıradadır.  

World University Rankings jurnalının redaktoru Fill Bettinin sözlərinə görə, cədvəlin ilk onluğunda Cənubi Koreya, Çin, Hindistan və Tayvan kimi ölkələrin yer alması Qərb üçün "həyəcan zəngi" olmalıdır. 

Müasir iqtisadiyyatın yeni kəşflərdən, innovativ qərarlardan və İKT sahəsində əldə olunmuş nailiyyətlərdən asılılığı olduqca böyükdür. Bu fakta diqqət yetirən bir sıra kompaniya və şirkətlər perspektivdə daha uğurlu və rəqabətədavamlı mövqe qazanmaq üçün biznes və elmin qarşılıqlı əlaqəsinin koordinasiyası  yolunda müəyyən addımlar  atırlar. Onların başlıca vəzifəsi yeni kadrların hazırlanmasında iştirak etməklə ali təhsil ocaqlarında aparılan tədqiqatlara maliyyə dəstəyi göstərməkdir. Aşağıda göstərilən siyahı biznes və elm arasında real əlaqənin olduğu ölkələri  təqdim edir. Reytinq cədvəli hazırlanarkən kompaniyalar tərəfindən universitetlərə və tədqiqat institutlarında bir alim üçün ayrılan xərclər nəzərə alınıb.  Maliyyə vəsaitlərinin birbaşa və ya dolayısı ilə ayrılması sonda gəlirlərə gətirib çıxarır ki, bundan həm biznes, həm də elm qazanır. Dolayısı ilə bu, yüksək peşəkarlıq hazırlığına malik kadrların hazırlanması deməkdir.  Real kəşflər isə nəhəng gəlir mənbəyinə çevrilir.

Thomson Reuters agentliyi son illər dünyanın ali məktəbləri tərəfindən həyata keçirilmiş bir sıra innovativ işləri nümunə göstərib.  Bunlara Maastrixt Universitetində gövdə hüceyrələrinin tətbiqi sahəsinin tapılmasını, Erlangen Universitetində MPZ audio formatın, İllinoys Universitetində plazma ekranın, İnternetin (UCALA) yaradılmasını göstərmək olar. Bu işlərdə biznes və ali məktəb birgə uğur qazanıb.   

 

Sıra

Ölkələr

Bir tədqiqatçıya düşən xərclər/ABŞ dolları ilə

1.

Koreya Respublikası          

97900

2.

Sinqapur

84500

3.

Niderland

72800

4.

Cənubi Afrika

64400

5.

Belçika

63700

6.

Tayvan

53900

7.

Çin

50500

8

İsveç

46100

9.

Danimarka

33600

10.

Hindistan

36900

11.

Rusiya Federasiyası

36400

12.

Türkiyə

31000

13.

Kanada

27200

14.

ABŞ

25800

15.

Avstraliya

25600

16.

Yaponiya

24900

17.

Finlandiya

24500

18.

Yeni Zelandiya

22300

19.

Fransa

21000

20.

Honq-Konq

20000

21.

Almaniya

19400

22.

İsveçrə

17600

23.

Braziliya

14900

24.

İtaliya

14400

25.

İsrail

13600

26.

Birləşmiş Krallıq

13300

27.

Avstriya

11300

28.

Norveç

9100

29.

Portuqaliya

8600

30.

İrlandiya

8300

 

Qeyd edək ki, hesabat oktyabrın 3-də Sinqapurda Nanyanq Texnologiya Universitetində öz işinə başlayacaq  I Ümumdünya Akademik Sammiti  ərəfəsində açıqlanıb.  Məhz bu sammitdə müasir universitet və biznes arasında münasibətlərə dair ciddi müzakirələrin aparılması gözlənilir. Ekspertlər qeyd edirlər ki, bir sıra innovativ ideyaların həyatda tətbiqinə nail olmaq müasir  universitetlərin əsas funksiyalarından birinə çevrilib. 


Böyük Britaniyada pulsuz onlayn-təhsil sistemi işə düşüb

Ölkənin 21 ali məktəbi bir araya gələrək pulsuz  onlayn-təhsil  (FutureLearn) platformasını yaradıb.  Təşkilatçılar platformanı yaradarkən  Açıq Universitetin (Open University) 40 illik təcrübəsindən yararlanıblar.

Pulsuz onlayn-kurslar vasitəsi ilə Böyük Britaniya müəllimləri dünyanın bir sıra ölkələrində distant təhsil almaq, ingilis dilini öyrənmək istəyən insanların arzularını həyata keçirməyi nəzərdə tutublar. Təhsil İnternet vasitəsi ilə  distant yolla aparılacaq, bu isə təhsilə ayrılan məsrəfləri maksimum azaltmağa imkan verəcəkdir.  İdeya rəhbərləri elə bir sistem yaratmağa nail olublar ki, bu yolla təhsil alarkən insanlar heç bir qəpik belə xərcləməyəcəklər.   Tədris materialları ölkənin aparıcı təhsil ocaqları - Birmingen, Bristol, Sautqempton, Kardif universitetləri, Kinqs, Triniti-Dublin kollecləri və dövlət təşkilatları - Britaniya Şurası, Britaniya kitabxanası, Britaniya muzeyi tərəfindən təqdim olunub. 

    Hazırda    FutureLearn beta-testlər rejimində fəaliyyət göstərir, lakin bir neçə aydan sonra sistem tam rejimdə işləyəcək.  Dərsləri  stolüstü kompüterlər, planşetlər və smartfonlar vasitəsi  ilə almaq olar. Arzu edənlər platformanın iş prinsipi ilə www.futurelearn.com saytı ilə tanış ola bilərlər. 


İsveçdə təhsildə geri qalan şagirdlər daha bir il oxumalı olacaqlar

İsveçdə tədris ilində uğur qazana bilməyən şagirdlər daha bir il oxumalı olacaqlar. Belə bir təşəbbüslə ölkənin Nazirlər Kabineti çıxış edib.  Yaxın vaxtlarda aşağı qiymətlərlə oxuyan və buna görə də gimnaziyalara qəbul ola bilməyən şagirdlər üçün əlavə və məcburi tədris ilinin tətbiqi gözlənilir.  Bu təklif IX sinif şagirdlərinin 12 faizinə şamil olunacaq.  Ölkənin təhsil naziri Yan Berklundun əmri əsasında artıq orta məktəb haqqında qanunda dəyişiklik edilməsi məsələsinin öyrənilməsi üzrə komissiya yaradılıb.    Qüvvədə olan qanun uşaqların birinci sinifdən  IX sinfə qədər icbari təhsilini nəzərdə tutur. Gimnaziyalarda sonrakı təhsil məktəblilərin öz arzusu ilə davam edir. Hazırda isə geridə qalan şagirdlər ya bir il əlavə təhsilə cəlb olunmalı, ya da onlar üçün yay məktəblərində məcburi tədris təşkil olunmalıdır. Güman olunur ki, şagirdlər bu yolla öz biliklərini artıra və qiymətlərini yaxşılaşdıra bilərlər.  Xatırladaq ki, İsveçdə gimnaziyalara qəbul imtahansız, IX sinfin buraxılış qiymətləri əsasında aparılır. 


Ukraynanın Təhsil və Elm Nazirliyi yeni təşəbbüslə çıxış edib

Ukraynanın Təhsil və Elm Nazirliyi ölkənin ali məktəblərinin rəhbərliklərinə xarici tələbələrin sayının artırılması, eləcə də əcnəbilər üçün Ukraynada təhsilin üstünlükləri barədə məlumatlandırma işinin sürətləndirilməsi haqda  tapşırıq verib. 

"Ali məktəblərin rəhbərlərinə əvvəlki illərlə müqayisədə xarici tələbələrin qəbulunun artırılması, xarici abituriyentlərin məlumatlandırılması məqsədilə reklam məhsullarının işlənib  hazırlanması və yayılması işinin sürətləndirilməsi barədə  tədbirlərin görülməsi tapşırılır",-deyə  Təhsil və Elm Nazirliyinin yazılı məlumatında qeyd olunur. Bundan başqa, nazirlik ali məktəblər qarşısında xarici  və milli tərəfdaşlar şəbəkəsinin genişləndirilməsi vəzifəsini qoyub.  Ali məktəblər icbari qaydada  öz saytlarında xarici vətəndaşların təhsilinin təşkili üzrə müqavilələr imzalamış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ukrayna subyektlərinin siyahısını yerləşdirməlidir. Nazirliyin əsas tələbləri arasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qəbulunun təşkili qaydalarına dair ingilis dilində məlumatların təmin olunması yer alıb.

Nazirliyin məktubunda ali məktəb rəhbərlərinin xarici tələbələrin sayının azalması və lisenziyaların həcminin yerinə yetirilməməsinə, müqavilələrin bağlanması və qəbul qaydalarının pozulmasına görə şəxsən  məsuliyyət daşımasından bəhs olunub.   

Nazirlikdə hesab edirlər ki, bu cür tədbirlər xaricilər üçün təhsil xidmətləri bazarının  genişləndirilməsinə, digər ölkələr üçün təhsilin müxtəlif səviyyələr üzrə mütəxəssis hazırlığı sisteminin inkişaf etdirilməsinə, milli təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunmasına, Ukraynanın müsbət beynəlxalq imicinin formalaşmasına xidmət edəcəkdir.


Gürcüstanda peşə təhsili pulsuz olacaq

Gürcüstanın Təhsil Nazirliyinin təqdimatı əsasında ölkənin Nazirlər Kabineti peşə təhsilinin pulsuz olmasına  dair müvafiq  sərəncam imzalayıb. 

Bu barədə məlumat verən ölkənin təhsil naziri Tamar Sanikidze bildirib  ki, vauçer sisteminə əsaslanan əvvəlki maliyyələşdirmə modeli təhsil xərclərini tam ödəyə bilmirdi. 

"Əvvəllər peşə təhsilinin maliyyələşdirilməsi zamanı vauçer sistemindən istifadə olunurdu, hər bir tələbəyə təxminən 1000 lari (500 manat) ayrılırdı. Lakin bu vəsait yalnız təhsilin birinci mərhələsinin xərclərini əhatə edə  bilirdi. Təhsil Nazirliyinin təşəbbüsünə müvafiq olaraq əgər tələbələr testlər nəticəsində kompetensiyaların minimal səviyyəsini keçə bilərsə, onda peşə məktəblərində tam maliyyələşdirmə təmin olunacaq",- deyə nazir qeyd edib.  


Rusiya 201 xarici ali məktəbin diplomlarını tanıyır

Rusiyanın Təhsil və Elm Nazirliyinin saytında baş nazir Dmitri Medvedev tərəfindən təsdiq olunmuş xarici ölkələrin təhsil təşkilatlarının siyahısı yerləşdirilib ki, onların verdiyi diplomlar Rusiyada tanınacaq.  Bütövlükdə siyahıda dünyanın 23 ölkəsindən 201 universitet yer alıb:  Avstraliya, Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Danimarka, İsrail, İrlandiya, İspaniya, İtaliya, Kanada, Niderland, Yeni Zelandiya, Norveç, Sinqapur, ABŞ, Finlandiya, Fransa, İsveçrə, İsveç, Cənubi Koreya və Yaponiya.  Beləliklə də ötənilki siyahıya adları düşən ölkələrin ali məktəbləri bu il də siyahıya salınıb.   Ötənilki siyahıdan fərqli olaraq builki siyahıda yalnız Çin universitetləri yer almayıb.  Bu il də siyahıda daha çox Amerika ali məktəbləri (58)  təmsil olunublar.    

Siyahıya əsasən nüfuzlu beynəlxalq reytinq agentliklərinin - Academic Ranking of World Universities, QS World University Rankings və  The Times Higher Education World University Rankings-in  reytinq cədvəllərində ilk  300 yerdə təmsil olunan ali məktəblər daxildir. Rusiyanın diplomların qarşılıqlı tanınmasına dair müqavilə imzaladığı bir sıra ölkələrin (məsələn, Belarus, Cənubi Afrika) ali məktəblərinin adları  siyahıya salınmayıb.   Nazirliyin izahat arayışında bildirilir ki, adları çəkilən ölkələrin diplomları sadə sxem üzrə, heç bir əlavə prosedur aparılmadan tanınacaq. "Bu, dünyanın aparıcı təhsil mərkəzlərində təhsil almış yüksək ixtisaslı mütəxəssislərin Rusiya Federasiyasında işə cəlb olunmasına kömək edəcək", - deyə nazirliyin saytında bildirilir.  


Kanadada təhsil haqları artıb

Son 20 il ərzində Kanadada təhsil haqları 3 dəfə artıb. Bu barədə Kanadanın Siyasi Alternativlər Mərkəzinin (Canadian Centre for Policy Alternatives) tədqiqatçıları tərəfindən aparılmış araşdırmaların nəticələri deməyə əsas verir. 

Əgər 1990-cı ildə təhsil haqları il ərzində orta hesabla 2243 dollar idisə, 2012-2013-cü tədris ilində 6254 dollara qədər artıb. Mərkəzdə hesab edirlər ki, qarşıdan gələn 4 ildə təhsil haqları 8,6 faiz artacaq və 2016-2017-ci dərs ilində tələbələr ildə 6842 dollar ödəməli olacaqlar.     Ekspertlər bildirir ki, təhsil haqlarının artması ümumilikdə Kanada iqtisadiyyatına mənfi təsir göstərə bilər.  

 

Xarici mətbuat materialları əsasında
hazırladı:  Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov