| 
						
						
						Ötən həftə Quba rayonunun Hacıqayıb kəndində dövlət 
						vəsaiti hesabına inşa olunmuş 360 şagird yerlik yeni 
						məktəb binası istifadəyə verilib.  Bu münasibətlə təşkil 
						olunan mərasimdə rayon icra hakimiyyətinin və təhsil 
						şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagird 
						kontingenti, eləcə də kənd sakinləri iştirak ediblər.
						 
						
						Mərasimdə çıxış edənlər ölkəmizdə elm və təhsilin 
						inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində 
						təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yarandığını 
						vurğulayıblar. 
						
						Bildirilib ki, Qubada da müasir tipli yeni məktəb 
						binalarının inşası geniş vüsət alıb, son 10 ildə rayonda 
						tikilmiş və ya əsaslı təmir olunmuş məktəblərin sayı 
						80-i ötüb. 
						
						Çıxış edənlər təhsilin inkişafına göstərilən diqqət və 
						qayğıya görə Azərbaycan  Respublikasının Prezidenti 
						İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, 
						YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli 
						Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin 
						minnətdarlıqlarını bildiriblər.  
						
						Tədbirdə müəllim və şagirdlərin ürək  sözləri,  kənd 
						ağsaqqallarının  xeyir-duası səslənib, yeni təhsil 
						müəssisəsinin açılışını bildirən rəmzi lent kəsildikdən 
						sonra iştirakçılar məktəb binasında tədris üçün 
						yaradılmış şəraitlə tanış olublar. 
						
						İnşasına 2012-ci ilin oktyabrında başlanılmış 
						ikimərtəbəli təhsil ocağı müasir standartlara cavab 
						verən bütün avadanlıqlarla təchiz edilib,  məktəbin 
						qızdırılması üçün istilik sistemi qurulub. Təhsil ocağı 
						sinif otaqları, idman zalı, kitabxana və laboratoriya 
						ilə təmin olunub, kompüter otağı isə birbaşa İnternet 
						şəbəkəsinə qoşulub.  
						
						
						Hicran ƏKBƏROVA |