Serbiya
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Zoran Vayoviç Naxçıvan Muxtar Respublikasına
rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət
Universitetində də olub. Rəsmi qəbuldan sonra
universitetin maddi-texniki bazası, tədris prosesi ilə
yaxından tanış olan serbiyalı diplomat beynəlxalq
münasibətlər və xarici dillər fakültəsində
informasiya-kommunikasiya vasitələri ilə təchiz olunmuş
linqvistika auditoriyalarında, Tərcümə Tədris
Mərkəzində, Cənubi Koreya mədəniyyət və dil tədrisi
mərkəzlərində, "Diplomatiya" kabinetində Tələbə evi və
qonaq evində, Təbiətşünaslıq və kənd təsərrüfatı
fakültəsindəki tədris və elmi-tədqiqat önlü
laboratoriyalarda olub.
Universitetin rektoru, biologiya elmləri doktoru,
professor Saleh Məhərrəmov qonağa məlumat verib ki,
1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət
Universiteti möhkəm milli bünövrəyə malik olan,
dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş
müasir tipli ali təhsil ocağıdır. Azərbaycanda, o
cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və
təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində
108 hektarlıq universitet ərazisində hər cür imkanlara
malik müasir tipli tədris korpusları qurulub. Burada
yeni informasiya texnologiyaları ilə, müasir
avadanlıqlarla təchiz edilmiş elektron siniflər,
laboratoriyalar, İnternet mərkəzləri, elektron
kitabxana fəaliyyət göstərir. Universitet dünyanın
tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa
malikdir. Hazırda universitetdə 5000-dən yuxarı tələbə,
o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali
təhsil alır.
Sonda səfir universitetin maddi-texniki bazası, təhsilin
və tədrisin yüksək səviyyədə təşkili ilə bağlı xoş
təəssüratlarını bölüşüb.
Mehriban SULTAN |