| 
						
						Məlum olduğu kimi, hər ilin 21 sentyabr tarixi dünyada 
						"Beynəlxalq Sülh Günü" kimi qeyd edilir. Ölkəmizdə isə 
						Azərbaycan Respublikasının İnsan Haqları üzrə 
						Müvəkkilinin təşəbbüsü ilə Beynəlxalq Sülh Günü 
						ərəfəsində "Sülh aylığı" keçirilir.  
						
						Avqustun 21-dən sentyabrın 21-dək davam edən və artıq 
						ənənə şəklini almış aylıq çərçivəsində  əhalinin hüquq 
						mədəniyyətinin inkişaf etdirilməsi, sülhün və dözümlülük 
						mədəniyyətinin, xalqımızın milli mənəvi dəyərlərinin 
						təbliğinə həsr olunmuş maarifləndirmə tədbirləri təşkil 
						olunur. 
						
						Bölgələrdən aldığımız məlumata görə, bu il də ölkəmizin 
						təhsil müəssisələrində "Sülh aylığı" ərzində 
						bir-birindən maraqlı tədbirlər keçirilmiş, onların 
						təşkili zamanı Təhsil Nazirliyi tərəfindən yerlərə 
						göndərilmiş 3 sentyabr tarixli tövsiyə məktubu əsas 
						götürülmüşdür. 
						
						Belə ki, "Sülh aylığı" çərçivəsində sülh və insan 
						hüquqlarına həsr olunmuş "dəyirmi masa"lar, "Dünyanı 
						sülh xilas edəcək", "Sülh inkişafın təməlidir", 
						"Gənclərin vətəndaşlıq tərbiyəsində sülh mədəniyyətinin 
						və insan hüquqlarının təbliğinin rolu", "Azərbaycanın 
						sülh siyasəti", "Sülh içində yaşa", "Dünyaya sülh", "Biz 
						sülh istəyirik" və s. mövzularda konfranslar, 
						ədəbi-bədii gecələr, səhərciklər keçirilmiş, 
						"Hüquqlarımızı qoruyuruq" devizi altında bədii qiraət, 
						inşa, rəsm, divar qəzetləri müsabiqələri, hüquq-mühafizə 
						orqanlarının işçiləri ilə görüşlər, idman yarışları 
						təşkil olunmuşdur. 
						
						Tədbirlərdə dünya sülh hərəkatı, beynəlxalq sülh 
						hərəkatının görkəmli liderləri, müstəqil Azərbaycan 
						dövlətinin sülhsevər xarici siyasəti haqqında məlumatlar 
						verilmiş, dünyada baş verən müharibələrdən, onların 
						insanlara gətirdiyi fəlakət və bəlalardan, uşaqların 
						şən, firavan və aydın səma altında yaşaması üçün Yer 
						üzündə sülhün bərqərar olmasının vacibliyindən söz 
						açılmışdır. 
						
						Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 
						həmvətənlərimizin hüquq və azadlıqlarının kobud şəkildə 
						pozulması, Ermənistanın Azərbaycana qarşı təcavüzü, 
						azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə 
						üzləşən xalqımızın müharibə dəhşətlərini öz taleyində 
						yaşaması, bu münaqişə nəticəsində kütləvi şəkildə insan 
						hüquqlarının pozulması, münaqişənin sülh yolu ilə həlli 
						istiqamətində ölkəmizin və beynəlxalq təşkilatların 
						səyləri tədbirlərdə xüsusi vurğulanmışdır.  
						
						
						Yusif ƏLİYEV |