Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Məktəb psixoloqu valideynlərə nələri tövsiyə edir?

 

* Uşaq saatlarla kompüterdə, telefonda olan oyunlarla oynayır, televiziyada sevimli filmlərinə baxır və yorulmur. Lakin bu rahat  "sakitləşdirici" vasitələrin çox zərərli tərəfləri var. Uşağın bu vasitələrdən saatlarla istifadə etməsi onun sinir sisteminə mənfi təsir edir, bu texniki vasitələrdən çox çətin aradan qaldırıla bilən asılılıqlar yaranır.

* Ailə üzvlərinin (ana, ata, baba, nənə və s.) uşaqlara fərdi yanaşmaları  və tələbləri  eyni olmalıdır. Ailə üzvləri uşaqla bağlı olan narazılıqlarını onun yanında müzakirə etməməlidirlər. Belə situasiyalar baş verdikdə  uşaqlarda nevroz halları müşahidə olunur. 

* Məktəbə getməmişdən əvvəl valideyn usağa həm oxumağı, həm də yazmağı öyrətdiyindən məktəbə getdikdə ona digərləri ilə bərabər oxumaq və yazmaq maraqsız olur, o artıq bunları bacarır.

Hər bir valideyn övladını ilk dəfə məktəbə apararkən narahatçılıq keçirir. Onu "Görəsən,   məktəb həyatı xoşuna gələcəkmi", "Dərslərini vaxtında yerinə yetirə biləcəkmi", "Həvəslə oxuyacaqmı", "Yoldaşları ilə ünsiyyəti necə olacaq"  kimi suallar çox düşündürür.  Bu məsələlər  xüsusilə bağçaya getməyən uşaqların valideynləri  üçün daha aktual olur.  İlk öncə, birinci sinif şagirdlərində ən çox müşahidə olunan problemləri diqqətə çatdırmaq istərdik. Bunlar aşağıdakılardır:

- Şagirdin özünü idarə etməsi, ixtiyari diqqəti çox zəifdir, tez-tez bir işdən digər işə keçir.

- Uşaq öyrəşib ki, ona daim nəzarət etsinlər, buna görə də ən sadə tapşırıqların, fəaliyyətlərin öhdəsindən müstəqil gələ bilmir. Bu hal daha çox həddindən artıq qayğı göstərilən uşaqlarda müşahidə olunur.

- Şagird  45 dəqiqə hərəkətsiz bir yerdə otura bilmir.

- Uşaq daha çox oyuncaqları ilə oynamağa meyillidir. Kitab oxumağa, yazı yazmağa marağı yoxdur.

- Məktəbə getməmişdən əvvəl valideyn usağa həm oxumağı, həm də yazmağı öyrətdiyindən məktəbə getdikdə ona digərləri ilə bərabər oxumaq və yazmaq maraqsız olur, o artıq bunları bacarır.

- Uşağın emosional, ünsiyyət sahəsində problemləri var, sinif yoldaşları ilə tez-tez konfliktləri olur.

Bütün bu  problemlər, sözsüz ki, həll olunan problemlərdir. Lakin çox zaman valideyn problemlərin kökünü müəyyən edə bilmədiyi üçün  daha çox səbəbi uşağın məsuliyyətsizliyində, bacarıqsızlığında, səhlənkarlığında görür. Bəzən isə bunun tam əksinə olaraq uşaqda və ya öz yanaşmasında deyil, yalnız müəllimdə və ya bütövlükdə təhsil proqramında görür. Təəssüflə qeyd etmək istərdik ki, müasir zamanda valideynlər  uşaqları ilə səmərəli ünsiyyətə çox az vaxt ayırırlar və ya övladları ilə ünsiyyəti düzgün qurmurlar. Bir çox problemlərin kökü də  məhz buradan  yaranır. Biz bilirik ki, uşağın emosional şəxsi sferası  körpə yaşlarında  əsasən formalaşmış olur. Bu yaşlarda  uşağın emosional şəxsi sferasının  düzgün inkişafı, ilk növbədə, valideynləri ilə münasibətindən, onların yanaşmalarından asılıdır. Bu dövrdə  yaranan problemləri sonralar aradan qaldırmaq daha çətin olur.  Valideynlərin həddindən artıq məşğulluğu, həddindən artıq gərginlikləri  onlara övladları ilə səmərəli ünsiyyət qurmağa mane olur. Bu vəziyyət daha çox iri şəhərlərdə - meqapolislərdə  müşahidə olunur.

Müasir zamanda kiçikyaşlı uşaqlara  mənfi təsir edən daha  bir faktor isə texnologiyalar - kompüter, telefon və televiziyadır. Uzun illər ailələrlə iş təcrübəmiz onu göstərir ki, bu texnologiyalar həm valideyn, həm də  uşaq üçün rahat əyləncə vasitəsinə çevrilib. Uşaq kompüter qarşısında əyləşdikdə, telefonda oyun oynadıqda və  ya televiziyada öz sevimli cizgi filmlərini seyr etdikdə valideyni narahat etmir, ətrafı dağıtmır. Beləliklə, bu texnologiyalar valideyn üçün uşağı sakitləşdirən  bir vasitəyə çevrilir. Uşaq saatlarla kompüterdə, telefonda olan oyunlarla oynayır, televiziyada sevimli filmlərinə baxır və yorulmur. Lakin bu rahat  "sakitləşdirici"  vasitələrin çox zərərli tərəfləri var. Valideynlər bilməlidirlər ki, bu yolla özləri üçün yaratdıqları rahatlıqlar  sonra onları və övladlarını çox  böyük problemlərlə üz-üzə qoyacaq. Uşağın bu vasitələrdən saatlarla istifadə etməsi onun sinir sisteminə mənfi təsir edir. Uşaqlarda bu texniki vasitələrdən çox çətin aradan qaldırıla bilən asılılıqlar yaranır. Digər tərəfdən, uşaq böyüdükdən sonra valideyn ona müəyyən qadağalar qoyduqda   bu onların arasında böyük konfliktlərin yaranmasına gətirib çıxarır. 

Valideynlərin övladlarına düzgün olmayan daha bir yanaşmasını da qeyd etmək istərdik. Bir çox valideynlər arzusunda olduqları, lakin nail ola bilmədikləri uğurları övladlarının əldə etməsinə çalışırlar. Məsələn, ata  uşaq ikən yaxşı pianoçu və ya  şahmat üzrə dünya çempionu olmaq istəyib, lakin heç vaxt buna nail ola bilməyib.  Şagird məktəbə getdikdə valideyn uşağın özünün marağını, istəyini nəzərə almadan  onu piano çalmağa  və ya şahmat oynamağa məcbur edir, halbuki uşağın bunlara heç bir marağı  yoxdur. Lakin  valideyn elə hesab edir ki, onun artıq həyat təcrübəsi var və o dəqiq  bilir  ki, bunlar onun övladı üçün çox vacibdir.

Valideynlər tərəfindən düzgün olmayan digər bir yanaşma da övladlarının qarşısında həddindən artıq yüksək tələblərin qoyulmasıdır. Məsələn, nə olursa-olsun,  əlaçı olmalısan. Lakin  valideynlər bilməlidirlər  ki, böyüklər tərəfindən qoyulan tələblər uşağın  fərdi psixoloji imkanlarına uyğun olmalıdır. Uşaq nəyi isə məcburi etdikdə gec-tez onun inkişafında öz təsirini göstərir: ya təlim nəticələrində, ya da şəxsi emosional sferada. Şagird valideyn tərəfindən qoyulan tələbləri həyata keçirə bilmədikdə onun özünü qiymətləndirməsi aşağı düşür, özündən narazılıq artır. 

Bir mühüm məsələni də diqqətə çatdırmaq istərdik. Şagirdin məktəbdə aldığı qiymətlərə valideyn də, onun özü də çox həssas yanaşırlar.  Bir çox valideynlər tərəfindən şagirdin aldığı qiymət  onun  bütün şəxsiyyətinə verilən qiymət kimi başa düşülür və şagird də bunu belə qəbul edir. Onda belə bir fikir formalaşır: "Əgər mən "iki" almışamsa, deməli, pisəm". Hər bir valideyn və müəllim tərəfindən dərsdə verilən qiymətin mahiyyəti şagirdlərə düzgün çatdırılmalı və qəbul etdirilməlidir. Şagird bilməlidir ki, qiymət yalnız hər hansı bir mövzunu və ya bölməni nə dərəcədə yaxşı və zəif bilməsinin göstəricisidir, onun şəxsiyyətinin qiymətləndirilməsi demək deyil. 

Bir sıra problemlərin yaranmasının qarşısını almaq məqsədilə övladları birinci sinfə gedən valideynlərə aşağıdakıları tövsiyə edərdik:

1. Övladınızla birlikdə gün rejimi qurun və ona sistematik olaraq əməl etməyə çalışın. Səhər övladınızı bir qədər erkən yuxudan oyadıb məktəbə rahat yola salın. Şagirdin gec oyanıb tələsik, gərgin vəziyyətdə məktəbə hazırlaşmasındansa rahat, sakit  hazırlaşıb  məktəbə getməsi həm sizə, həm də  ona daha çox fayda verər. 

2. Övladınız məktəbdən qayıtdıqda  onu səmimi, xoş sözlərlə qarşılayın. "Bu gün neçə qiymət almısan" əvəzinə "Məktəbdə günün  necə keçdi",  "Hansı maraqlı hadisələr baş verdi" kimi suallarla müraciət edin.

3. Övladınızın məktəbə  mütləq səhər yeməyi yeyərək getməsinə nail olun. Bir çox valideynlər səhər övladlarının heç nə yemək istəmədiklərindən şikayətlənirlər. Yaxşı olar ki, səhər nə yemək istədiyini axşamdan onunla birlikdə planlaşdırasınız.

4. Övladınız məktəbdən qayıtdıqda ona 1,5-2 saat istirahət verin. Yaxşı olar ki, o bu müddətdə yatsın. Daha sonra oxu və yazı dərsləri ilə ardıcıllıqla məşğul olun. Məsələn, əvvəl ana dili (oxu),  sonra riyaziyyat, daha sonra ingilis dili, rəsm və s. Bir dərsə  yarım saatdan çox vaxtın ayrılmaması məsləhətdir. Hər dərsarası uşaqla birlikdə 15-20 dəqiqə aktiv istirahət edin.

5. Birinci sinif şagirdinin həftədə yalnız 2 dəfə 15-20 dəqiqə ərzində kompüterdən istifadə etməsinə icazə verin. Bunu onunla əvvəlcədən razılaşdırın.

6. Tapşırıqları yerinə yetirərkən övladınızı daim nəzarət altında saxlamayın və ya əksinə, tam sərbəst buraxmayın. Övladınızın nəyisə yerinə yetirə bilmədiyi işi onun əvəzinə etməyin və ya əksinə, öhdəsindən gələ bilmədiyi üçün onu tənqid etməyin, "sən heç vaxt bunu edə bilmirsən", "sən bacarıqsızsan" və s. kimi ifadələr işlətməyin. Hər iki hal uşaq üçün çox zərərlidir. Bu cür hallarda uşaqda özünəinamsızlıq, qorxu formalaşır, daxilən belə bir fikir  yaranır ki, "mən bunu  heç vaxt bacarmayacağam", "mən bacarıqsızam, onsuz da heç nəyə nail olmayacağam". Ev tapşırıqlarını yerinə yetirərkən valideyn şagirdi  öz sualları ilə tapşırıq üzərində düzgün istiqamətdə düşünməyə yönəltməlidir, ona hər hansı bir çətinlikdə dəstək göstərdiyini nümayiş etdirməlidir.

7. Övladınızla dərslərin yerinə yetirilməsi zamanı  olan ünsiyyətdən əlavə  onun istədiyi hər hansı bir məşğuliyyətə də vaxt ayırın.

8. Övladınız birinci sinfə  getməmişdən əvvəl daha çox onun idrak proseslərinin - yaddaş, diqqət, təfəkkür, qavrama və emosional şəxsi sferasının inkişafına xüsusi diqqət yetirin. 

9. Övladınızı yalnız dərslərdə aldığı yüksək qiymətlərə görə yox, hər hansı bir müsbət fəaliyyətinə (tapşırığı əvvəlkinə nisbətən daha  düzgün, tez yerinə yetirməsinə, xəttinin əvvəlkinə nisbətən daha yaxşı olduğuna və s.) görə tərifləyin.

10. Ailə üzvlərinin (ana, ata, baba, nənə və s.) uşaqlara fərdi yanaşmaları  və tələbləri  eyni olmalıdır. Ailə üzvləri uşaqla bağlı olan narazılıqlarını onun yanında müzakirə etməməlidirlər. Belə situasiyalar baş verdikdə  uşaqlarda nevroz halları müşahidə olunur. 

11. Gecə şagirdin erkən yatması vacibdir.

Ümid edirik ki, bu tövsiyələrə əməl edilməsinin sizin uşağınızla olan münasibətlərinizin düzgün istiqamətdə qurulmasına faydası olacaq. 

Bahar KƏRİMOVA,
Bakı Avropa Liseyinin psixoloqu

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov