| 
						
						
						Uğurlu təhsillə gələcəyə doğru 
								
								
						 Məktəb! 
						Tarixin bütün zamanlarında insanların ömür yoluna işıq 
						saçan məbəd, cəmiyyətin hərtərəfli inkişaf və 
						tərəqqisinin başlandığı ünvan. Məktəb gənclərin fidan 
						arzularının ilk çiçək açdığı nur bağçası, övladının 
						gələcəyini müəllimlərə əmanət etmiş ata-anaların 
						ümidgahı, "Ata yurdu", "Ana dili", "Gözəl Azərbaycan" 
						kəlmələrini uşaq dünyasında əbədiləşdirən müqəddəs 
						məkandır. 
						
						İnsan həyatı o zaman mənalı olur ki, o xalqın 
						xoşbəxtliyinə, ölkənin işıqlı gələcəyinə həsr edilir. 
						Geniş dünyagörüşünə, dərin elmə və mədəni səviyyəyə 
						malik olmadan isə bu mümkün deyil. Təhsilli gənclər öz 
						ölkəsinə, xalqına faydalı olmağı, fədakar xidmətlər 
						göstərməyi qarşılarına məqsəd qoyurlar. Gələcəkdə 
						müstəqil Azərbaycanın qurucularının, xalqımızın 
						ümummilli liderinin layiqli davamçılarının 
						yetişdirildiyi Heydər Əliyev adına tam orta məktəb də 
						həyata hazırladığı belə gənclərlə ölkəmizin təhsil 
						məkanında öz yeri olan qabaqcıl təhsil ocaqlarından 
						biridir. 
						
						Ulu öndərin adını daşıyan məktəbdə fəaliyyət göstərmək 
						qürurverici olduğu qədər də məsuliyyətlidir. Çünki bu 
						təhsil ocağının qarşısında ölkəmizdə təhsilə göstərilən 
						dövlət qayğısının reallığa çevrilməsində öncül olmaq, 
						əldə etdiyi nəticələrlə digərlərinə nümunə göstərmək 
						vəzifəsi qoyulmuşdur. Heydər Əliyev adına tam orta 
						məktəb uğurlu nəticələri ilə həmişə ön sıralarda 
						olmuşdur. Bunu hər il olduğu kimi, bu il də məktəbin 
						məzunlarının ürəkaçan nəticələri əsasında deyə bilirik.
						 
						
						Heydər Əliyev adına tam orta məktəbin uğurlarının 
						əsasında bu təhsil ocağında təhsilə kompleks 
						yanaşılması, pedaqoji kollektivin müasir təhsil sistemi 
						qarşısında qoyulmuş tələbləri dərindən mənimsəməsi 
						durur. Göstərilən qayğıya cavab olaraq müəllimlər 
						keçilən dərslərin keyfiyyətinə diqqətlə yanaşır, 
						şagirdlərin fənləri yeni tədris metodları əsasında 
						mənimsəmələrinə çalışırlar. Müəllimlərimiz daim öz 
						biliklərini artırmağı bir vəzifə kimi görür, pedaqoji və 
						metodik təcrübələrinin genişlənməsinə səy göstərirlər. 
						Məktəbin müəllimləri xarici ölkələrdə keçirilən 
						kurslarda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 
						təşkil etdiyi seminarlarda iştirak edir, məktəbdə 
						hazırlanan elektron tədris vəsaitləri kompakt disklər 
						şəklində muxtar respublikanın digər məktəblərinə 
						göndərilir. Tədris prosesində ən yeni texnologiyalarla 
						dərslər keçilməsi şagirdlərin gələcək müstəqil 
						fəaliyyətlərində müasir dövrün tələblərinə daha tez 
						uyğunlaşmasına indidən zəmin yaradır. 
						
						Müstəqil Azərbaycanın gələcəyi gənclərdir. Gələcəyimiz 
						olan gənclərdə dövlətə, xalqa, milli dəyərlərə olan 
						sevgi və ehtiramı formalaşdırmaq isə hər birimizin 
						borcudur. Bu mühüm məsələdə ümummilli liderin adını 
						daşıyan məktəbin də üzərinə böyük vəzifə düşür. Təkcə 
						məktəbimizdə təhsil alan şagirdlərin deyil, bütövlükdə, 
						gənc nəslin bu ruhda tərbiyə olunması müstəqil 
						Azərbaycanın uğurlu gələcəyinə yönəlmiş vacib 
						dövlətçilik xidmətidir. Bu mənada ulu öndərin bizə miras 
						qoyduğu müstəqil Azərbaycanı dünyanın qüdrətli 
						dövlətləri arasında görmək və buna nail olmağın yalnız 
						elm və təhsildən keçdiyini yaxşı dərk edirik. Görkəmli 
						dövlət xadimi Heydər Əliyevin irsini bütün incəlikləri 
						ilə gənclərə aşılamaq, onun kimi yaşamaq, onun kimi 
						mübariz olub xalqına əzmlə xidmət etməyi öyrətmək bu gün 
						ən ümdə vəzifəmizdir. Muxtar respublikamızın ictimai 
						işlərində fəal iştirak edən məktəbin kollektivi ulu 
						öndərin siyasi fəaliyyətinin, azərbaycançılıq 
						ideyalarının fəal təbliğatçısı kimi üzərinə düşən 
						vəzifəni yaxşı bilir. Bu, Naxçıvan Muxtar 
						Respublikasının qabaqcıl təhsil ocağı kimi Heydər Əliyev 
						adına tam orta məktəbin, bütövlükdə, cəmiyyətimiz 
						qarşısında yerinə yetirdiyi ən böyük missiyadır. 
						 
						
						Hər bir müəllimin, hər bir təhsil ocağının uğurlu 
						fəaliyyəti ali məktəblərə qəbulun səviyyəsi, yetirdiyi 
						intellektli gənclərlə ölçülür. Artıq bir neçə ildir ki, 
						ölkəmizin ən qabaqcıl təhsil müəssisələri arasında yer 
						tutan məktəbimizin məzunları bu il ali məktəblərə 
						keçirilmiş qəbul imtahanlarında da yüksək nəticələr 
						göstərmişlər. Bu il məktəbdən məzun olmuş 45 nəfərdən 
						43-nün ölkəmizin və Türkiyə Respublikasının nüfuzlu ali 
						məktəblərinə qəbul olunması bütün kollektivi 
						sevindirmişdir. Bu məzunlardan 10 nəfərinin 500-dən, 3 
						nəfərinin isə 600 baldan yuxarı nəticə göstərməsini 
						xüsusilə qeyd etmək lazımdır.  
						
						Hər il olduğu kimi, bu il də məktəbimizin uğurları 
						yüksək qiymətləndirilmişdir. 2012-2013-cü tədris ilində 
						ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul 
						imtahanlarında yüksək nəticə göstərmiş tələbələrlə bu il 
						avqustun 20-də keçirilən görüşdə Heydər Əliyev adına tam 
						orta məktəbin 10 nəfər məzunu iştirak etmişdir. Bu 
						görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 
						gənclərə xitabən dediyi "Ölkəmizin rifahı üçün 
						çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza 
						layiq mütəxəssislər kimi yetişməli, daim azərbaycanlı 
						olmağınızla fəxr etməlisiniz" sözləri ölkəmizdə insan 
						resurslarının formalaşdırılması istiqamətində həyata 
						keçirilən dövlət siyasətinə muxtar respublikamızda 
						verilən önəmin dərin mənalı ifadəsi və uğurlu təhsillə 
						gələcəyə doğru addımlamağın yoludur. Çünki bu yol ulu 
						öndər Heydər Əliyevin nümunəsində Azərbaycan naminə 
						fədakarlıqla çalışmağın yoludur.  
						
						
						Şəlalə CABBAROVA,Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin 
						müəllimi
 |