| 
						
						
						Artıq 2013-2014-cü dərs ili başlayıb. Bu tədris ilini 
						bir sıra yeniliklərlə qarşılayan ölkə ictimaiyyəti son 5 
						ayda təhsil sahəsində gedən dəyişiklikləri maraqla 
						izləməkdədir. Hazırda təhsilin müxtəlif sahələrində bir 
						yeniləşmə, müasirləşmə və canlanma hiss olunmaqdadır. Bu 
						il orta məktəbləri bitirən şagirdlərin hamısına 
						attestatın verilməsi, Təhsil Nazirliyi tərəfindən xüsusi 
						istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu 
						ilə bağlı yeni Qaydaların tətbiq olunması, 2013-2014-cü 
						tədris ilində xarici ölkələrin ali təhsil 
						müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan 
						gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 
						Proqramı" çərçivəsində  təhsil almağa  gedən tələbələrin 
						seçimi ilə bağlı yeniliklər, dövlət başçısının tapşırığı 
						ilə təhsil naziri Mikayıl Cabbarovun mütəmadi olaraq 
						bölgələrdə vətəndaşları qəbul etməsi, onların 
						müraciətlərini dinləməsi, əksər məsələlərin yerindəcə 
						həllini tapması, bütövlükdə  təhsil sahəsində bir sıra 
						layihələrin reallaşdırılması hər bir kəs tərəfindən 
						rəğbətlə qarşılanmaqdadır. Təhsil naziri təhsil işçiləri 
						ilə keçirdiyi müxtəlif görüşlərdə, tədbirlərdə, 
						müsahibələrində hər zaman məktəb-valideyn 
						münasibətlərinə xüsusi toxunur, valideynlərin məktəb 
						həyatında, təhsil ocaqlarının  idarəolunması prosesində 
						iştirakının artırılmasını zəruri hesab edir.  Bəs 
						görəsən övladları orta məktəblərdə təhsil alan 
						valideynlər bu yeniliklər, həyata keçirilən tədbirlərlə 
						bağlı nə düşünürlər? Övladlarının təhsil aldıqları orta 
						məktəblərdə həmin dəyişiklikləri hiss edirlərmi? 
						Valideynlərin məktəblə əlaqələri hansı səviyyədədir? 
						Suallarımıza cavab almaq üçün övladları Bakıdakı 7 və 55 
						nömrəli tam orta məktəblərdə təhsil alan valideynlərin 
						bir neçəsi ilə görüşüb söhbətləşdik.    
								
						 Tamilla 
						Qasımova (Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta 
						məktəbin VII sinfinin valideyn komitəsinin sədri): 
						
						 - 
						Mən, ilk növbədə, ölkə başçısı cənab İlham Əliyevə bizim 
						övladlarımızın yüksək təhsil alması üçün yaratdığı bu 
						gözəl şəraitə görə minnətdarlığımı bildirmək istəyirəm. 
						Bu il əsaslı təmir olunaraq yüksək səviyyədə 
						maddi-texniki baza ilə təchiz edilən təhsil ocağı şagird 
						və müəllimlərlə yanaşı, mən deyərdim ki, valideynlər 
						üçün də əvəzsiz bir hədiyyədir.  
						
						Özüm də təhsil işçisiyəm. Uzun müddət Azərbaycan Dövlət 
						Neft Akademiyasında kafedra müdiri olmuşam. Son aylarda 
						təhsil sahəsində həyata keçirilən işlərdən, tətbiq 
						olunan yeniliklərdən xəbərim var. Mütəmadi olaraq 
						Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytına 
						daxil olaraq, demək olar ki, bütün məlumatları oxuyuram. 
						Bu il orta məktəbləri bitirən şagirdlərin hamısına 
						attestat verilməsi ilə bağlı qəbul olunan qərar bizim 
						ürəyimizcə oldu. İlk dəfə olaraq orta məktəblərin bütün 
						11-ci sinif şagirdlərinə buraxılış imtahanının 
						qiymətindən asılı olmayaraq yekun dövlət 
						attestasiyasının nəticələrinə görə attestatın verilməsi, 
						düşünürəm ki, məzunlara öz arzularını gerçəkləşdirməyə 
						imkan yaratdı. Onu da bilirəm ki, bu il buraxılış 
						imtahanlarında "2" qiyməti almış 128 məzun qəbul 
						imtahanlarında uğurlu nəticələr göstərərək 
						respublikamızın ali məktəblərinə qəbul olunub. Bunun özu 
						müsbət haldır. 
						
						Təhsil nazirinin  bölgələrdə vətəndaşları qəbul etməsi, 
						onları dinləməsi, əlbəttə, təqdirəlayiqdir. Nazirin sadə 
						vətəndaşlarla ünsiyyətini, onları narahat edən 
						məsələlərin yerindəcə həlli ilə bağlı müvafiq 
						göstərişlərini verməsini təbii ki, yüksək 
						dəyərləndirirəm. 
						
						Nəvəm bu məktəbin VII sinfində təhsil alır. Özüm də 
						həmin sinfin valideyn komitəsinin sədriyəm. Buradakı 
						yüksək təlim mühiti, müəllimlərin şagirdlərə olan sağlam 
						münasibəti məni olduqca qane edir. Fikrimcə, şagirdin 
						yaxşı oxuması üçün təkcə müəllimin əməyi kifayət deyil. 
						Bu işdə müəllimlərin ən yaxşı köməkçisi məhz valideynlər 
						olmalıdırlar. Ona görə də valideyn-müəllim 
						münasibətlərini fəallaşdırmaq lazımdır. Bu proses 
						qarşılıqlı əməkdaşlıq şəraitində olmalıdır. Yəni buna 
						həm müəllim, həm də valideyn can atmalıdır. Düşünürəm 
						ki, müəllimlə valideynin fikirləri üst-üstə düşərsə, bu, 
						şagirdlərin istər təlim, istərsə də tərbiyəsində özünün 
						müsbət nəticələrini verə bilər.  
						
						Bilirsiniz ki, dünyanın əksər ölkələrində məktəblərin 
						saxlanılmasında, təhsil ocağının müəyyən problemlərinin 
						həllində valideynlər yaxından iştirak edirlər. Məsələn, 
						məktəbin mühafizəsinin təşkilini valideynlər öz üzərinə 
						götürür. Rusiyanın özündə bu məsələ valideynlər 
						tərəfindən həll olunub. Biz də istərdik ki, məktəbin 
						mühafizəsi işini öz üzərimizə götürək.  Təbii ki, biz bu 
						məsələdə könüllülük prinsipini əsas tuturuq. | 
					
								| 
								
						 Könül 
						Əzimova (7 nömrəli tam orta məktəb): 
						
						- Övladlarımın ikisi də bu təhsil ocağında oxuyur. Oğlum 
						VIII, qızım isə V sinifdə. Əslində bu günün valideyni 
						daha hazırlıqlı, təhsilimizdəki yeniliklərdən xəbərdar 
						olmalı, ən başlıcası isə üzərinə düşən məsuliyyəti yaxşı 
						dərk etməlidir. Bir valideyn kimi övladlarımın təhsili 
						ilə yaxından maraqlanmaqla yanaşı, məktəbin həyatında 
						baş verən proseslərdə də fəal iştirak etməyə çalışıram. 
						
						Mən xüsusi istedada malik uşaqların vaxtından əvvəl I 
						sinfə qəbulu ilə bağlı Təhsil Nazirliyi tərəfindən 
						təsdiq olunmuş yeni Qaydalar haqqında  fikrimi bildirmək 
						istəyirəm. Ötən illərdən fərqli olaraq bu il xüsusi 
						istedada malik uşaqların vaxtından əvvəl I sinfə 
						qəbulunun rayon (şəhər) təhsil şöbələrinə həvalə 
						olunması, düşünürəm ki, düzgün bir qərardır. Xüsusilə 
						müsahibədə valideynlərin iştirakını, onların arzusu ilə 
						müsahibə zamanı videoçəkilişin aparılmasını müsbət 
						qiymətləndirirəm. 
						
						Cənab nazirin "2007-2015-ci illərdə Azərbaycan 
						gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 
						Proqramı" çərçivəsində xarici ölkələrin nüfuzlu ali 
						məktəblərində təhsil almağa gedən tələbələrlə görüşü, 
						müsahibələrinin birində həmin gənclərin qayğılarının, 
						ehtiyaclarının diqqət mərkəzində olacağını xüsusi 
						vurğulaması məni də  bir valideyn kimi öz övladlarımın 
						gələcəkdə xaricdə təhsil almasına ruhlandırır. 
						Övladlarımın məktəbi "əla" qiymətlərlə başa vuraraq 
						xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil 
						almaları ən böyük arzumdur.   | 
					
								| 
								
						 Mehriban 
						Quliyeva 
						(7 
						
						nömrəli 
						tam orta məktəb): 
						
						- 3 uşaq anasıyam. İki qızım Bakı Dövlət Universitetini 
						bitirib. Hazırda oğlum XI sinifdə oxuyur. Oğlumun istər 
						təhsilində,  istərsə də tərbiyəsində özümü məsuliyyətli 
						valideynlərdən biri hesab edirəm. Onu da yaxşı bilirəm 
						ki, təhsilin keyfiyyətinə təsir edən amillər sırasında 
						ailə birinci yeri tutur. Düşünürəm ki, məhz buna görə də 
						məktəbin fəaliyyətinin təşkilində, idarə olunmasında, 
						təlim-tərbiyə prosesində biz valideynlər fəallıq 
						göstərməliyik. Bir valideyn kimi öz təcrübəmə 
						əsaslanaraq əminliklə söyləyə bilərəm ki, hər bir 
						valideyn öz övladının gələcəyinə xüsusi diqqət 
						göstərərək məktəblə, müəllimlərlə əlaqələrini daha sıx 
						və daha möhkəm qurarsa, bu onun övladının  yüksək savad 
						almasında, ölkəmiz üçün layiqli bir vətəndaş kimi 
						formalaşmasında mühüm rol oynayar. Şəxsən mənim özümün 
						övladımın təhsil aldığı məktəblə, onun müəllimləri ilə 
						sıx əlaqələrim buna bir əyani nümunədir.     
						
						Təhsil naziri Mikayıl Cabbarov  mətbuata verdiyi ilk 
						geniş müsahibəsində  Azərbaycanın təhsil sisteminin və 
						təhsil infrastrukturunun inkişaf səviyyəsinin dünyanın 
						aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılmasının 
						əsas məqsədlərdən biri olduğunu qeyd edib. Onu da 
						vurğulayıb ki, təhsil sistemi milli dəyərlərə və peşəkar 
						kompetensiyalara malik Azərbaycan vətəndaşı 
						yetişdirməlidir.  
						
						Biz də bir valideyn olaraq öz övladlarımızın məhz belə 
						bir vətəndaş kimi formalaşmasını arzu edirik.  | 
					
								| 
								
						 Mehriban 
						Xanbəyli (55 nömrəli tam orta məktəb): 
						
						- Son illər respublikamızda təhsil sahəsində bir çox 
						islahatlar aparılır. Bir vətəndaş kimi bu islahatların 
						keçirilməsini yüksək qiymətləndirirəm. Yeni məktəb 
						binaları tikilir və bu biz valideynləri çox sevindirir. 
						Dövlət tərəfindən təhsilə xüsusi diqqət və qayğı var. 
						Təhsil naziri Mikayıl Cabbarov nazir təyin edildikdən 
						sonra təhsilimizdə yeni bir canlanma hiss olunur. Mən 
						onun vətəndaşları müxtəlif bölgələrdə qəbul edərək 
						problemlərini dinləməsini və qanun çərçivəsində həmin 
						problemlərin həllinə çalışmasını təqdirəlayiq hal hesab 
						edirəm. Hazırda təhsilimizdə olan bir sıra neqativ 
						halların aradan qaldırılmasına, şagirdlərin intellektual 
						səviyyəsinin artmasına zəmin yaradılır. Məsələn, bu 
						yaxınlarda mətbuatdan təhsil nazirinin məktəblərdə 
						şagirdlərin qidalanması barədə verdiyi tapşırıqları 
						oxudum. Bu, çox ciddi məsələdir. Bir çox məktəblərdə 
						mənşəyi məlum olmayan yeyinti məhsulları satılırdı ki, 
						bu da şagirdlərin sağlamlığına ciddi ziyan vururdu. 
						Şübhəsiz ki, təhsilimizdə bir sıra problemlər də 
						mövcuddur. Bunlardan ən əsası isə şagirdlərin dərslərlə 
						çox yüklənməsidir. Ümid edirik ki, yeni nazirimiz bu 
						kimi problemlərə də nəzər yetirəcək.    | 
					
								| 
								
						 Rəna 
						Qurbanova (55 nömrəli tam orta məktəb): 
						
						- Səmimi olaraq demək istəyirəm ki, hazırda təhsilimiz 
						yeni bir dövrə qədəm qoyur. Bu da biz valideynləri çox 
						sevindirir. Hər bir valideyn öz övladının gələcəyini 
						düşünərək onun yaxşı təhsil alması üçün çalışmalıdır. 
						Biz valideynlər məktəblə daim sıx əlaqədə olmalı, mövcud 
						problemlərin həlli istiqamətində öz üzərimizə düşən 
						vəzifələri yerinə yetirməliyik. Hazırda Təhsil Nazirliyi 
						fəaliyyətini daha da gücləndirərək ciddi addımlar atır 
						ki, bu da valideynlər tərəfindən müsbət qarşılanır. 
						Problemlərin həllinə çalışan təhsil naziri Mikayıl 
						Cabbarov şagirdlərin cəmiyyətimizə yararlı bir vətəndaş 
						kimi yetişdirilməsi yolunda məktəblərə ciddi nəzarət 
						edir. Onun son vaxtlar imzaladığı əmrlərdən biri də 
						məktəblərdə "Şahmat" fənninin tədrisinə xüsusi diqqət 
						verilməsidir.  "Şahmat" oyunu şagirdlərin əqli 
						inkişafında və intellektual səviyyəsinin yüksəlməsində 
						əhəmiyyətli rol oynayır. Məni narahat edən məsələlərdən 
						biri isə şagirdlərin həm fiziki, həm də mənəvi cəhətdən 
						verilən tapşırıqları yerinə yetirməkdə çətinlik 
						çəkmələridir. Düşünürəm ki, şagirdlərin üzərindən bu 
						yükü götürmək üçün verilən tapşırıqlar 
						azalmalıdır.             |