| 
								
								
						 Sumqayıt 
						Dövlət Universiteti, "Azərikimya" İstehsalat Birliyi və 
						Petkim Petrokimya Holdinq A.Ş. tərəfindən imzalanmış 
						əməkdaşlıq haqqında niyyət protokoluna müvafiq olaraq, 
						SDU-nun kimya və biologiya fakültəsinin kimya 
						mühəndisliyi, ekologiya mühəndisliyi, kimya müəllimliyi 
						və kimya ixtisaslarında  təhsil  alan  bir  qrup  
						tələbəsi  avqustun 12-dən sentyabrın 6-na kimi  Türkiyə  
						Cümhuriyyətinin İzmir şəhərində Petkim Petrokimya 
						Holdinq A.Ş.-də istehsalat təcrübəsi keçib. 
						
						SDU-nun mətbuat xidmətindən aldığımız məlumatda 
						bildirilir ki, dünyanın ən müasir kimya müəssisələrindən 
						biri olan Petkim Petrokimya Holdinq A.Ş.-də təşkil 
						olunan istehsalat təcrübəsi tələbələrin həm 
						universitetdə aldıqları nəzəri biliklərin təcrübə yolu 
						ilə daha da möhkəmləndirilməsi, həm də müasir 
						qloballaşma dövründə dünyagörüşlərinin formalaşması 
						baxımından böyük əhəmiyyət kəsb edib.  
						
						Petkim Petrokimya Holdinq A.Ş.-də istehsalat təcrübəsi 
						olduqca yüksək səviyyədə təşkil olunub. Təcrübənin ilk 
						iki günü ərzində müəssisənin yüksək ixtisaslı 
						mütəxəssisləri İnsan qaynaqları və Petkim Akademiyasında 
						tələbələrə müəssisə, onun strukturu, 16 əsas və 7 
						yardımçı fabriki, bu fabriklərdə istehsal olunan 
						məhsullar və onların fiziki-kimyəvi xarakteristikaları, 
						təhlükəsizlik texnikası tədbirləri və müəssisənin iş 
						rejimi barədə ətraflı məlumatlar veriblər. İstehsalat 
						təcrübəsinin üçüncü günündən başlayaraq tələbələr 
						təcrübələrini ixtisasları üzrə müəssisənin bir sıra 
						fabriklərində davam etdiriblər. 
						
						Təcrübə müddətində Petkim Petrokimya Holdinq A.Ş.-nin 
						rəhbərliyində  çalışan azərbaycanlı mütəxəssislərlə 
						tələbələrimizin görüşlərinin və həmin mütəxəssislərin 
						faydalı məsləhətlərinin də gənclərin gələcək 
						həyatlarında önəmli iz buraxacağı şübhəsizdir. 
						 
						
						Petkim Petrokimya Holdinq A.Ş.-də tələbələrin asudə 
						vaxtının səmərəli keçməsi üçün də yüksək səviyyədə 
						hazırlıq təşkil olunub. Şənbə və bazar günləri İzmir 
						şəhərinin və Türkiyənin Efes, Quşadası, Berqama, Cunda 
						adası, Məryəm ana ziyarətgahı kimi tarixi və istirahət 
						yerlərinə təşkil olunmuş səyahətlər tələbələrin marağına 
						səbəb olub. 
						
						İstehsalat təcrübəsinin son günündə Petkim 
						Akademiyasında təşkil olunmuş yığıncaqda tələbələrə 
						sertifikatlar və hədiyyələr təqdim olunub. Gələcəkdə 
						qardaş Türkiyədə keçiriləcək istehsalat təcrübələrinin 
						digər ixtisaslar üzrə təhsil alan tələbələrə də şamil 
						edilməsi və tələbələrin sayının artırılması nəzərdə 
						tutulur.   
						
						
						Şakir CƏFƏROV |