| 
						
						Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun 
						təşəbbüsü ilə Əmmandakı səfirliyimizdə müxtəlif illərdə, 
						o cümlədən sovet dövründə Azərbaycanın ali məktəblərində 
						təhsil almış iordaniyalılarla birinci görüş olmuşdur. 
						
						Görüşdə ictimai xadimlər, dövlət qurumlarının 
						nümayəndələri, professorlar və həkimlər, habelə 
						səfirliyin əməkdaşları iştirak etmişlər. 
						
						Azərbaycanın İordaniyadakı səfiri S.Ağabəyov təbrik 
						nitqi ilə çıxış edərək istər müstəqillik illərində, 
						istərsə də Sovet İttifaqı dövründə Azərbaycanın ali 
						məktəblərində təhsil almış bütün iordaniyalı məzunları 
						bir yerə toplamaq məqsədi daşıyan bu təşəbbüsü 
						dəstəklədiklərinə görə görüş iştirakçılarına 
						minnətdarlığını bildirmişdir. Onun sözlərinə görə, bu 
						səviyyədə daha sıx ünsiyyət və əlaqələr ölkələrimiz 
						arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və 
						inkişafına kömək edəcək, bir-birimizi daha yaxından 
						tanımağa və xalqlar arasında dialoqu davam etdirməyə 
						imkan verəcəkdir. 
						
						S.Ağabəyov demişdir ki, onun informasiyasına görə, 
						təxminən 700 iordaniyalı Azərbaycanın ali məktəblərini 
						bitirmiş və bu rəqəm təkcə təhsildə deyil, həm də 
						dövlətlərarası səviyyədə ölkələrimiz arasında ənənəvi 
						sıx əlaqələrin göstəricisidir. Ölkələrimiz arasında 
						qardaşlıq münasibətlərinin möhkəmlənməsinin təcəssümü 
						olan İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin 
						fəaliyyətindən də söz açan diplomat ümidvar olduğunu 
						bildirmişdir ki, bu görüş Azərbaycan Ali Məktəblərinin 
						İordaniyalı Məzunları Cəmiyyətinin yaradılmasının 
						başlanğıcı olacaqdır. 
						
						Filadelfiya Universitetinin professoru, doktor Əmir Əbu 
						Əli Azərbaycan ali məktəblərinin iordaniyalı məzunları 
						adından çıxış edərək iki xalq arasında əlaqələrin 
						inkişafı ideyasına xidmət edən belə təşəbbüsə görə 
						səfirə dərin minnətdarlığını bildirmişdir. O, xüsusi 
						vurğulamışdır ki, iordaniyalı məzunların hamısı 
						Azərbaycana bağlıdır və ölkəmizi hədsiz sevirlər, çünki 
						burada aldıqları təhsili öz ölkələrinin rifahına 
						yönəldirlər. 
						
						Ə.Ə.Əli demişdir ki, bu gün Azərbaycan bütün dünyada 
						böyük nüfuzu olan, dinamik inkişaf edən dövlətdir. Natiq 
						xüsusi vurğulamışdır ki, görüş iştirakçıları bu 
						təşəbbüsü həyata keçirməyə, tədbirlərdə yaxından iştirak 
						etməyə, birgə planlar qurmağa və bu istiqamətdə səmərəli 
						işləməyə hazırdırlar. Ə.Ə.Əli sonda demişdir: "Biz 
						mümkün olan hər şeyi etməyə, məzunların bu görüşdə 
						iştirak etməyən hissəsini cəlb etməyə çalışacaq, gələcək 
						cəmiyyətimizin təsis qurultayına hazırlaşacağıq". 
						
						Ölkəmizə səmimi məhəbbət hisslərini ifadə edən natiqlər 
						iki ölkənin rifahı naminə Azərbaycan səfirliyi ilə fəal 
						işləməyə hazır olduqlarını bildirmişlər.  
						
						
						AzərTAc  |