| 
								
						 Sentyabrın 
						21-də Beynəlxalq Mətbuat Mərkəzində Kaspi Təhsil 
						Mərkəzinin ənənəvi illik yekun hesabatının təqdimatı 
						olmuşdur. 
						
						AzərTAc xəbər verir ki, tədbirdə mərkəzin ötən tədris 
						ilində fəaliyyəti, qazandığı nailiyyətlər barədə məlumat 
						verilmiş, vəzifə və planlardan danışılmışdır. 
						
						Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva əldə 
						olunan nailiyyətlərdən danışaraq bildirmişdir ki, 
						mərkəzin məqsədi, ilk növbədə, təhsil sahəsinə 
						yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən 
						bir təhsil sistemi yaratmaqdır. 
						
						Mərkəzdə "Kaspi Poliqlot" xidməti üzrə beynəlxalq 
						sertifikat imtahanlarına (TOEFL, IELTS) hazırlıq 
						kursları keçirilir. Bu proqram çərçivəsində tələbələr 
						yüksək nəticələr əldə edirlər. 
						
						Mərkəzin xaricdə təhsil xidmətlərini təklif edən "Kaspi 
						Qlobal" gənclərin xaricdə təhsil almaları və ya 
						təhsillərini xaricdə davam etdirmələri, tələbə-gənclərin 
						xaricdəki müxtəlif təhsil proqramlarında iştirakını 
						təmin edir. Bu proqram, həmçinin dövri olaraq hər il 
						Bakıda beynəlxalq təhsil sərgilərini keçirən yeganə 
						təhsil mərkəzidir. 
						
						S.Vəliyeva qeyd etmişdir ki, dünyanın tanınmış 
						universitetləri ilə əlaqə quran təhsil mərkəzi daim 
						aktual və novator layihələri ilə müstəqil təhsil 
						məkanında tamamilə fərqlənir. Artıq "Kaspi Qlobal"ın 
						350-dək məzunu həmin universitetlərdə təhsil alır. Bu il 
						isə proqram üzrə müvəffəqiyyətlə imtahan vermiş 80-dək 
						tələbə dünyanın nüfuzlu universitetlərində oxuyacaqdır. 
						
						Kaspi Təhsil Mərkəzi magistr hazırlığında Tələbə Qəbulu 
						üzrə Dövlət Komissiyasının (TQDK) tələblərinə tam cavab 
						verən kompleks proqramdan istifadə edir. Mərkəzin "Kaspi 
						Professional" magistraturaya hazırlıq bölməsi xətti ilə 
						respublikamızda yüzlərlə məzunumuz magistraturaya daxil 
						olmuşdur. 
						
						Mərkəzin "Kaspi Kids" məktəbəqədər hazırlıq üzrə xidməti 
						barədə danışan S.Vəliyeva demişdir ki, bu proqram uşağın 
						məktəbə və cəmiyyətə tam hazırlanmasını əhatə edir. 
						
						Qeyd olunmuşdur ki, "Kaspi Abituriyent" xidməti IX-XI 
						sinif şagirdlərinin və məzunların bütün ixtisas qrupları 
						üzrə kompleks şəkildə ali məktəblərə hazırlığını təşkil 
						edir. Proqram çərçivəsində 550-dək məzun ölkəmizdə 
						fəaliyyət göstərən universitetlərə qəbul olunmuşdur. Bu 
						il daha iki Kaspi tələbəsi TQDK-nın qəbul imtahanlarında 
						yüksək bal yığaraq Prezident təqaüdünə layiq 
						görülmüşdür. Qulu Quluyev 680 balla, Vəfa Qəmbərova isə 
						674 balla Bakı Ali Neft Məktəbinə daxil olmuşlar. 
						
						Təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verən Kaspi 
						Təhsil Mərkəzinin direktoru Elnur Əliyev layihələrin 
						uğurla həyata keçirildiyini diqqətə çatdırmış, gələcək 
						planlar barədə danışmışdır. 
						
						Tədbirdə Kaspi Təhsil Mərkəzinin yeni "Elektron təhsil" 
						layihəsinin təqdimatı olmuşdur. 
						
						Qeyd olunmuşdur ki, Kaspi elektron təhsil sistemi 
						Azərbaycanda bu qəbildən tamamilə fərqli bir sistem və 
						imkanlar təqdim edir. 
						
						Sonda builki qəbul imtahanlarında yüksək nəticə 
						göstərmiş tələbələrə hədiyyələr təqdim olunmuşdur.
						 |