| 
						
						Sentyabrın 26-da təhsil naziri Mikayıl Cabbarov Təhsil 
						üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin 
						"Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud 
						vəziyyəti" mövzusunda "dəyirmi masa"nın açılış 
						mərasimində iştirak etmişdir. 
						
						Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
						Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən 
						tədbirin iştirakçılarını salamlayan təhsil naziri 
						ölkəmizin sürətli inkişafının davamlılığının təmin 
						edilməsində insan kapitalının rolundan danışmışdir. 
						Təhsil naziri Azərbaycan Respublikasının Prezidenti 
						cənab İlham Əliyevin irəli sürdüyü "qara qızılın insan 
						kapitalına çevrilməsi" fikrinin fəaliyyət proqramı kimi 
						qəbul edildiyini vurğulamışdır. 
						
						Təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislər 
						hazırlamaq imkanlarının ölkənin rəqabətliliyinə birbaşa 
						təsir etdiyini bildirən nazir bunun milli təhlükəsizlik 
						məsələsi kimi qəbul edilməli olduğunu söyləmişdir. 
						Təhsil naziri qeyd etmişdir ki, təhsil sistemi 
						mütəxəssisləri mövcud imkanlar səviyyəsində deyil, tələb 
						olunan səviyyədə hazırlamalıdır. 
						
						Daha sonra nazir təhsildə keyfiyyətin yüksəldilməsi üçün 
						stimullaşdırıcı mexanizmlərin yaradılması, bütün təhsil 
						pillələri üzrə adambaşına maliyyələşdirmə prinsipinin 
						tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün 
						maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə 
						modelinin yaradılması, təhsil müəssisələrinin 
						müstəqilliyinin artırılması, təhsil sahəsində müasir 
						qiymətləndirmə sisteminin yaradılması məsələlərindən 
						söhbət açmışdır. Peşə təhsilinin infrastrukturunun 
						əsaslı şəkildə müasirləşdirilməsinin zəruriliyinə 
						toxunan təhsil naziri müəllim hazırlığının keyfiyyətinin 
						artırılmasının, nəticəyə əsaslanan diferensial əməkhaqqı 
						və mükafatlandırma sisteminin tətbiqinin nəzərdə 
						tutulduğunu bildirmişdir. 
						
						Azərbaycanda həyata keçirilən təhsil islahatlarının 
						gedişi barədə qonaqlara məlumat verən nazir dünyanın 
						istənilən ölkəsində təhsilin ən həssas və əhəmiyyətli 
						sahələrdən biri olduğunu nəzərə çatdırmışdır. Təhsil 
						naziri bütün dünyada təhsil sahəsi üzrə qarşıya çıxan 
						problemlərin əksər hallarda oxşarlığını nəzərə alaraq, 
						"dəyirmi masa" iştirakçılarını yalnız problemləri deyil, 
						həmçinin onların mümkün həlli yollarını da müzakirə 
						etməyə, müvafiq təklif və tösiyələrini bir-biri ilə 
						paylaşmağa çağırmışdır. |