| 
								
								
						 Sentyabrın 
						26-da Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) 
						təşkilatçılığı ilə "Hyatt Regency" otelinin "Quba" 
						zalında işgüzar görüş keçirilmişdir. 
						
						Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri 
						Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev, 
						ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes 
						qurumlarının nümayəndələri iştirak etmişlər. 
						
						Azərbaycan Respublikasının təhsil naziri Mikayıl 
						Cabbarov tədbir iştirakçılarını salamlamış, təhsil 
						sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin 
						perspektiv inkişafına dair fikirlərini bildirmişdir. 
						Nazir qeyd etmişdir ki, təhsilin bütün pillə və 
						səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında 
						duran əsas vəzifələrdəndir. İnsanların gələcək 
						professional karyera qurması üçün əlverişli zəmin 
						yaradılması təhsil sisteminin prioritet hədəfləri 
						sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes 
						qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca 
						əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik 
						prinsiplərinə sadiq qalaraq gənclərin gələcək 
						professional inkişafına dəstək vermək məsələsində də 
						fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür. 
						
						Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən nəzəri 
						biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq 
						baxımından əhəmiyyətinə toxunmuş, yalnız nəzəriyyə ilə 
						praktikanın vəhdətinin uğura apardığını bildirmişdir. 
						AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd 
						verilməsi, yay təcrübə proqramlarının təşkili 
						məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil 
						naziri tələbələrin təlim imkanlarının artırılması, 
						işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin 
						olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış 
						etmişdir. 
						
						Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir 
						tələblər səviyyəsində inkişafına nail olmaq üçün 
						kompleks tədbirlər həyata keçirdiyini bildirən nazir bu 
						baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi 
						çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata 
						keçirildiyini söyləmişdir. Təhsil naziri demişdir ki, 
						ilk peşə-ixtisas təhsili sahəsində qabaqcıl təcrübəyə 
						malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq 
						peşə təhsili müəssisələrində mühüm yeniliklərin 
						tətbiqinə başlanmışdır. Təhsil Nazirliyi biznes 
						dünyasının da bu layihələrə qoşulmasının və 
						texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır. 
						
						Biznes qurumları ilə əməkdaşlığa cəlb olunmuş 
						insanların, ilk növbədə, təhsilinə yardım edilməsi 
						ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan 
						nazir onu da qeyd etmişdir ki, nazirlik biznes 
						qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər 
						zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirir. |