Sentyabrın
26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və
Arzu Əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr
evi-uşaq bağçası binasının yenidənqurmadan sonra
açılışında iştirak etmişlər.
Mehriban xanım Əliyevaya, Leyla xanıma və Arzu xanıma
gül dəstələri təqdim edildi.
Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını
bildirən lenti kəsdi.
Heydər Əliyev Fondunun prezidenti məktəbəqədər təhsil
müəssisəsinin yenidənqurma işlərindən əvvəlki
vəziyyətini əks etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov Mehriban xanım Əliyevaya bağçada aparılan
əsaslı yenidənqurma işləri barədə məlumat verdi.
Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1971-ci
ildən fəaliyyət göstərir və bağçanın əsaslı təmirinə
ehtiyac yaranmışdı. "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair" Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma
işlərinə 2012-ci ilin iyul ayında başlanmışdır.
Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil
müəssisəsində uşaqlar üçün yüksək şərait yaradılmışdır.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında
yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2
yaşdan 6 yaşadək olan 240 uşağın təlim-tərbiyəsi ilə 31
nəfərdən ibarət pedaqoji heyət məşğul olacaqdır. Üç
korpusdan ibarət bağçada on iki qrup fəaliyyət
göstərəcəkdir. Uşaqların zövqünə uyğun qurulan otaqlar
onların rahatlığını, istirahətini və ilkin biliklərə
yiyələnmələrini təmin etmək üçün oyuncaqlar, kitablar və
digər zəruri ləvazimatlarla təchiz olunmuşdur. Bağçanın
ətrafı abadlaşdırılmış, yaşıllıqlar salınmışdır.
AzərTAc |