Azərbaycan Texniki Universitetinin (AzTU) Ukrayna Milli
Texniki Universiteti ilə müştərək hazırladığı,
"Texnologiyalar transferi menecmenti üzrə tədris
proqramının MDB dövlətlərində - Azərbaycan, Qazaxıstan,
Moldova və Özbəkistanda yayılması" mövzusunda beynəlxalq
layihə Ukrayna Elm-Texnologiya Mərkəzinin keçirdiyi
müsabiqədə qalib gəlib.
AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki,
ABŞ Dövlət Departamenti və Avropa İttifaqının
maliyyələşdirdiyi bu layihə bir il müddətində yerinə
yetiriləcəkdir. Layihə çərçivəsində görüləcək işlərə
Ukrayna Elm-Texnologiya Mərkəzi nəzarət edəcəkdir.
Layihə intellektual mülkiyyət hüquqları, biznesin
təşkili və həyata keçirilməsi, texnologiyaların
yayılması menecmenti üzrə tədris-məsləhət mərkəzlərinin
yaradılmasını nəzərdə tutur.
Azərbaycan Texniki Universitetində layihənin həyata
keçirilməsi ilə bağlı treninqlərə başlanılıb.
Layihə ilə bağlı keçirilən ilk iclasda layihənin rəhbəri
- Azərbaycan Texniki Universitetinin prorektoru,
professor Mustafa Babanlı bu sənədin qarşıya qoyduğu
məqsəd və vəzifələrdən danışıb. |