Sentyabrın
25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun
Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq
bağçasının yeni binasının açılışında iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya gül
dəstələri təqdim edildi.
Mehriban xanım Əliyeva 246 nömrəli körpələr evi-uşaq
bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanın birinci xanımına məlumat verildi ki,
bağçanın əvvəlki binası 1985-ci ildə tikilmişdir. Bina
son illər yararsız vəziyyətə düşmüş və əsaslı təmirə
ehtiyac yaranmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə bu binanın yerində yeni körpələr evi-uşaq bağçası
inşa edilmişdir. Tikinti işlərinin qısa zamanda və
yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi
tədbirlər görülmüşdür. Nəticədə 246 nömrəli körpələr
evi-uşaq bağçasındakı şərait ən müasir tələblərə
uyğunlaşdırılmışdır.
Mehriban xanım Əliyevanın diqqətinə çatdırılmışdır ki,
bağçada Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də
fəaliyyət göstərəcəkdir. Burada ümumilikdə 220 uşağın
təlim-tərbiyəsi
ilə peşəkar heyət məşğul olacaqdır. On bir qrup üzrə
fəaliyyət göstərəcək bağçada uşaqların hərtərəfli və
sağlam böyümələri üçün lazımi şərait yaradılmışdır. Bu
uşaq müəssisəsi balacaların zövqünə uyğun olaraq bütün
zəruri avadanlıq, o cümlədən oyuncaqlarla təchiz
edilmişdir. Bağçaya Heydər Əliyev Fondu tərəfindən də
inventarlar hədiyyə edilmişdir. Həyətyanı sahə
abadlaşdırılmış, 4 min 500 kvadratmetr sahədə
yaşıllaşdırma işləri aparılmış, oyun meydançaları və
köşklər qurulmuşdur.
AzərTAc |