Sentyabrın
25-də Bakının Xəzər rayonu Binə qəsəbəsində 285 nömrəli
körpələr evi-uşaq bağçası üçün tikilmiş yeni binanın
açılışı olmuşdur.
Açılışda Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya gül
dəstələri təqdim edildi.
Birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq
bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki,
bağçanın binası 1985-ci ildə tikilmişdir. Sonralar
binanın yararsız hala düşməsi burada uşaqların
təlim-tərbiyəsinə imkan vermirdi. Heydər Əliyev Fondunun
təşəbbüsü ilə 2013-cü ilin martında bağçanın binası
sökülərək yerində yenisi inşa edilmişdir.
Mehriban xanım Əliyeva və Leyla xanım Əliyeva bağçanın
əvvəlki və indiki görünüşünü əks etdirən fotostendlə
tanış oldular.
Bağçanın foyesində ümummilli lider Heydər Əliyevin və
onun adını daşıyan Fondun uşaqlara diqqət və qayğısı
istiqamətində gördüyü işlərdən bəhs edən fotoguşə
yaradılmışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bağçanın
yeməkxanası ilə tanış oldu. Burada balacaların isti
yeməklərlə təmin olunması üçün bütün lazımi şərait
yaradılmışdır. İki yüz iyirmi yerlik körpələr evi-uşaq
bağçasında Azərbaycan və rus qrupları fəaliyyət
göstərəcəkdir.
Mehriban xanım Əliyeva uşaqların istirahəti üçün
yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki,
bağçada musiqi və idman zalları fəaliyyət göstərir.
Mehriban xanım Əliyeva idman zalında yaradılmış şəraitlə
tanış oldu.
Heydər Əliyev Fondunun prezidentinə körpələr evi-uşaq
bağçasının ətrafında aparılan abadlıq işləri barədə də
məlumat verildi.
AzərTAc |