Sentyabrın
25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva və Fondun
vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun
Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq
bağçasının binasının yenidənqurmadan sonra açılışında
iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya gül
dəstələri təqdim edildi.
Azərbaycanın birinci xanımı bağça binasının əsaslı
yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən
fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov məlumat verdi ki, bu bağça 1976-cı ildən
fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt
əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı
şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada
əsaslı yenidənqurma işlərinə 2012-ci ildə başlanmışdır.
Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil
müəssisəsində uşaqlar üçün yüksək şərait yaradılmışdır.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında
yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2
yaşdan 6 yaşadək olan 120 uşağın təlim-tərbiyəsi ilə
peşəkar mütəxəssislər məşğul olacaqdır. İkimərtəbəli
bağçada 6 qrup vardır.
Mehriban xanım Əliyeva Buzovnadakı bağçaların sayı və
oradakı vəziyyətlə maraqlandı. Məlumat verildi ki,
qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir
olunmuş və yenidən qurulmuşdur. 289 nömrəli
məktəbəqədər təhsil müəssisəsində yaradılmış şərait də
uşaqlara ən yüksək səviyyədə təlim-tərbiyə keçməyə geniş
imkan verir. Bağçanın ətrafı abadlaşdırılmışdır.
AzərTAc |