Bakıdakı 267 nömrəli məktəb-liseydə keçirilən Bilik Günü
mərasimində ilk zəng çalındıqdan sonra Azərbaycanın
Dövlət bayrağı himnin sədaları altında qaldırılmışdır.
Təhsili millətin gələcəyi hesab edən ümummilli lider
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi yolunda sonsuz fədakarlığından
danışan tədbirin aparıcıları məktəb kollektivi adından
təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı
İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirmişlər.
Mərasim iştirakçılarını salamlayan məktəb-liseyin
direktoru Adilə Orucova sentyabrın 15-nin möhtərəm
Prezidentimizin sərəncamı ilə Bilik Günü elan
edildiyini, bu günün ölkəmizin hər yerində böyük təntənə
ilə qeyd olunduğunu söyləmişdir. Direktor Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə
olunan nailiyyətlərdən, xüsusilə təhsilimizin inkişafı
üçün görülən işlərdən danışmışdır. A.Orucova Bilik Günü
münasibətilə rəhbərlik etdiyi təhsil ocağının pedaqoji
kollektivini, şagirdləri, xüsusən də birinci sinfə yeni
qədəm qoyanları, onların ata və analarını, baba və
nənələrini, gənc ailələri ürəkdən təbrik etmişdir.
Aparıcılar bildirmişlər ki, məktəb-lisey məzunlarının
ali məktəblərə daxil olması göstəricilərinə görə
ölkənin öncül təhsil ocaqları sırasındadır. Hər il
məzunların xeyli qismi ölkənin və bir sıra xarici
dövlətlərin ən nüfuzlu universitetlərinə qəbul olunur.
Bu il liseyi bitirmiş 83 gəncin 80-i ali məktəblərə
sənəd vermiş, 57-si yüksək balla qəbul olunmuşdur.
Onlardan 7-si Türkiyə və Rusiyanın nüfuzlu
universitetlərində ali təhsil alacaq. Qəbul imtahanında
lisey üzrə ən yüksək - 666 bal toplamış Aygün Səmədli
isə Bakı Dövlət Universitetinin tələbəsidir.
Tədbirdə iştirak edən Binəqədi Rayon İcra
Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndələri birinciləri təbrik etmiş, onlara və
müəllimlərə uğurlar arzulamışlar.
Rəşad ZİYADOV |