Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə
sentyabrın 23-dən-25-dək III Bakı Beynəlxalq Kitab
Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-Yarmarkada 16
xarici ölkədən 20-dən çox nümayəndə iştirak edəcək.
Azərbaycanda isə 88 nəşriyyat və kitab işi ilə məşğul
olan qurumun qeydiyyatı aparılmışdır. İştirakçı
ölkələrin, nəşriyyatların sayının artacağını nəzərə
alaraq bu il sərgiyə ciddi hazırlıq işləri
görülmüşdür. Sərgi-yarmarka çərçivəsində ulu öndər
Heydər Əliyevin 90 illiyinə həsr olunmuş
ekspozisiyanın, həmçinin yubileylə bağlı hazırlanmış
albomun təqdimatı da keçiriləcək. Bundan əlavə, "Çağdaş
ədəbiyyat və nəşriyyat" mövzusunda "dəyirmi masa"nın,
"Uşaqlara kitab oxu" adlı tədbirdə uşaq yazıçıları ilə
görüşün təşkili də nəzərdə tutulmuşdur.
Tədbirdə eyni zamanda, bu il 900 illiyi qeyd olunan
görkəmli Azərbaycan şairi Məhsəti Gəncəviyə həsr olunmuş
təqdimatın, müasir dövrdə ədəbi əlaqələr və tərcümə
məsələlərinə həsr olunmuş mərasimin, "Qızıl-kəlmə-2013"
müsabiqəsinin qalibləri ilə görüşlərin təşkili
planlaşdırılmışdır. Sərginin yekununda maraqlı nəşr
layihələrinin qiymətləndirilməsi də nəzərdə tutulmuşdur.
Münsiflər heyəti poliqrafiya qurumları arasından ən
yaxşı nəşriyyat evini müəyyənləşdirəcək, ən yaxşı kitab
seçiləcək və mükafatlar təqdim olunacaq.
Sifai SƏFƏROVA |