Rusiyada yeni təhsil qanunu qüvvəyə minmişdir |
Sentyabrın
1-dən Rusiya Federasiyasında yeni təhsil qanunu
qüvvəyə minmişdir. RF Təhsil və Elm Nazirliyinin
məlumatına görə, "Rusiya Federasiyasında təhsil
haqqında" yeni qanun ölkənin bütün
vətəndaşlarının maraqlarını əks etdirir. Bu
sənəd üzərində 4 il iş aparılmışdır. Yeni
qanunla ibtidai peşə təhsili səviyyəsi təkfif
edən peşə texniki məktəblər və kolleclər ləğv
olunur, orta peşə təhsil səviyyəsi iki proqram
növü - peşəkar işçilərin və orta səviyyəli
mütəxəssislərin hazırlığını təklif edir.
Qanunda "ailə təhsili" və "ailə uşaq bağçası"
kimi məsələlərin dəqiq izahı verilmişdir.
Uşaqları evdə oxuyan ailələrə bəzi xərclər üzrə
kompensasiyaların ödənməsi nəzərdə tutulmuşdur.
Məktəbəqədər təhsil yeni qanunla müstəqil
təhsil səviyyəsi hesab olunur və artıq qəbul
olunmuş, Təhsil və Elm Nazirliyinin saytında
yerləşdirilmiş federal dövlət standartları ilə
tənzimlənir. Bununla belə, məktəbəqədər təhsil
uşaqlara "qulluq və nəzarət"dən ayrı fəaliyyət
göstərir. Bu cür dəqiqləşdirmə qeyri-dövlət uşaq
bağçaları qruplarının imkanlarını daha da
genişləndirir.
Qanunda "məktəb mühitinin təhlükəsizliyi" kimi
yeni anlayış əksini tapmışdır. Eyni zamanda orta
təhsil və peşə təhsili verən təhsil
müəssisələrinə və xüsusi məktəblərə müsabiqə
əsasında istedadlı uşaqları seçmək hüququ
verilir. Buraxılış zamanı isə məzunlara həm
attestat, həm də peşə təhsili haqqında diplom
verilməsinə icazə verilir. Yeni qanunla
müəllimlərin region üzrə orta səviyyədən az
olmayaraq əməkhaqları təmin olunur, kənd
müəllimlərinə isə kommunal xərclərin
ödənilməsində güzəştlər sistemi qorunub
saxlanılır. Qanuna görə, kəndlərdə məktəblər
yalnız sakinlərin ümumi yığıncağının qərarı
əsasında bağlana bilər. Əgər kəndlilər etiraz
edərlərsə, yerli hakimiyyət orqanları məktəbin
fəaliyyətinin davam etməsi üçün mümkün olan
bütün tədbirləri görməlidir. Yeni təhsil qanunu
ilə aspirantura təhsilini ciddi dəyişikliklər
gözləyir. Aspirantura ayrıca təhsil səviyyəsi
hesab olunur. Buna görə də qəbulun təşkili və
keçirilməsi nəzərdə tutulur. Sağlamlıq
imkanları məhdud uşaqlar üçün elə bir təhsil
müəssisələri yaradılmalıdır ki, onlar
ayrı-seçkilik olmadan keyfiyyətli təhsil ala
bilsinlər. Qanunda xüsusi bəndlə inklüziv
təhsildən bəhs olunur. Bu bənd regionlara
sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi
proqramlar təklif edən uşaq bağçaları, məktəblər
və kolleclər üçün əlavə maliyyə vəsaitləri
ayırmağa imkan verir.
Yeni qanunun qəbulundan sonra ali məktəblərə
qəbul qaydaları da dəyişmişdir. Əgər əvvəllər
əsas güzəşt müsabiqədənkənar qəbul idisə,
hazırda ali məktəblərin pulsuz şöbələrində
oxumaq təkfif olunur. Lakin büdcə hesabına
pulsuz təhsil yalnız bir dəfə mümkün olacaq.
Qanunda ilk dəfə olaraq bütün təhsil
səviyyələrində istifadəsi mümkün olan elektron
təhsil anlayışının izahatı verilmişdir. Lakin
bəzi proqramlar üçün istisnalar mövcuddur.
Qanunda özlərinin təhsil standartlarını müəyyən
etmək hüququ qazanmış Moskva Dövlət
Universiteti və Sankt-Peterburq Dövlət
Universitetinin yüksək statusu təsbit
olunmuşdur. Bütün ali məktəblər, həm dövlət,
həm də özəl təhsil müəssisələri təhsilin
keyfiyyətinin monitorinqində iştirak
etməlidirlər. Monitorinqin nəticələri isə şəffaf
olacaq və İnternetdə yerləşdiriləcək. Əgər
əvvəllər bu prosesdə ölkənin bir neçə özəl ali
məktəbi iştirak etmişdirsə, indi bütün
qeyri-dövlət təhsil müəssisələrinin
monitorinqdə iştirakı məcburidir.
Qanunla 2020-ci ildə ən azı 5 ali məktəb dünyann
100 ən nüfuzlu universitetlərinin reytinq
cədvəlində təmsil olunacaq, tələbələrin 30 faizi
prioritet istiqamətlər üzrə təhsil alacaq,
kollec və ali məktəblərin 25 faizi əlillərin
təhsil alması üçün uyğunlaşdırılacaq.
|
|
Amerikada təhsil səviyyəsi aşağı düşmüşdür |
Amerikada
təhsil sahəsinə ayrılan xərclər ildən-ilə artsa
da asiyalı tələbələr bir sıra kriteriyalar üzrə
amerikalı yaşıdlarını üstələyir. Prezident Barak
Obama bildirmişdir ki, ölkə iqtisadiyyatının
çiçəklənməsi üçün Amerika özünün təhsil
sisteminin bütün dünyada üstünlüyünü bərpa
etməlidir. "USA Today" agentliyinin məlumatına
görə, Amerikanın təhsil sahəsinə ayırdığı
xərclər gözlənilən nəticələri vermir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
tərəfindən tərtib olunmuş reytinq cədvəlində
amerikalılar orta təhsil səviyyəsinə görə 22-ci
yerdə qərarlaşmışdır. Amerikalıların yalnız 77
faizinin orta təhsili vardır. Ali təhsilin
səviyyəsinə görə isə 18 ölkə arasında Amerika
sonuncu yerdədir. Ölkə əhalisinin yalnız 53
faizi ali təhsil almışdır.
Honq-Konq Universitetinin professoru Con
Sprinksin sözlərinə görə, təhsil sosial mobillik
üçün gözəl şərait yaradır. Amerika hələlik bu
sahədə birincidir, lakin Koreya, Sinqapur və
Yaponiya ABŞ-ı sürətlə təqib edir. Asiyalı
tələbələrin xüsusiyyəti onların spesifik
mentaliteti ilə izah olunur. Əvvəllər Asiya
əhalisi yalnız fabrik və zavodlarda əmək
fəaliyyəti ilə məşğul olmuşdur. Qloballaşan
dünya maliyyə, texnologiya və energetikanın
inkişafını dəyişmişdir. Asiyalı tələbələr
anlayırlar ki, gələcək həyatları aldıqları
biliklərin keyfiyyəti ilə bağlıdır. Kənd
yerlərində təhsil isə onlar üçün dünyaya açılan
pəncərədir. Asiya ölkələrində kolleclərə qəbul
Amerikada olduğundan daha əlçatandır. Müqayisə
üçün deyək ki, Asiyada nüfuzu ilə seçilən Tokio
Universitetində illik təhsil xərcləri 5,3 min
dollar, Harvard Universitetində isə 39 min
dollar təşkil edir.
Lakin ekspertlər onu da qeyd edirlər ki, Asiyada
təhsil səviyyəsi qeyri-bərabər inkişaf edir.
Qlobal testlər göstərmişdir ki, Filippin,
Tailand və Vyetnam gənclərin təhsili sahəsində
öz qonşularından kifayət qədər geridə qalır. |
|
Almaniyanın ən yaxşı universitetləri |
Almaniyanın
ən yaxşı universitetlərinin reytinq cədvəli
açıqlanmışdır. Ölkənin müxtəlif ali
məktəblərində təhsil alan tələbələr arasında
keçirilmiş sorğular əsasında tərtib olunmuş
siyahıya Köln Universiteti başçılıq edir.
Bu universitet əcnəbi tələbələr arasında daha
çox populyarlıq qazanmış ali məktəbdir.
Tələbələr "şəhər və mədəniyyət", "müəllim
tərkibi" və "xərclər və yaşayış səviyyəsi" kimi
kriteriyalar üzrə Köln Universitetinə 1-10 şkala
həddində ən yüksək - 9,7 bal vermişlər.
İkinci yerdə Bamberq şəhərindəki Otto Fridrix
adına Universitet, üçüncü yerdə isə Maynts
şəhərindəki İohann Quttenberq adına Universitet
qərarlaşmışdır.
"Sorğunun nəticələri göstərmişdir ki,
universitetdə təhsil üçün yaxşı şərait yaratmaq
səylərimiz hədər getməmişdir" - deyə Köln
Universitetinin rektoru, professor Aksel Fraymut
qeyd etmişdir. Sorğunun nəticələrinə görə, ən
böyük əcnəbi tələbə kontingenti Köln
Universitetindədir. |
|
Ukraynada elektron tələbə biletləri tətbiq
olunacaq |
Ukraynanın Təhsil və Elm Nazirliyi elektron
tələbə biletlərinin tətbiq olunması təklifi ilə
çıxış etmişdir. Söhbət nazirliyin rəsmi saytında
yerləşdirilmiş "Dövlət nümunəli tələbə (şagird)
biletləri haqqında Qaydaların təsdiqinə dair"
sərəncamın layihəsindən gedir.
Qaydalara müvafiq olaraq dövlət nümunəli tələbə
(şagird) biletləri elektron sənəd hesab olunur.
Bu sənəddə ali məktəbin tələbəsi və ya texniki
peşə məktəbinin şagirdi barədə fərdi məlumatlar
əksini tapmışdır. Qismən plastik kart şəklində
hazırlanmış sənəddən tələbənin (şagirdin)
şəxsiyyətinin identifikasiyası məqsədilə, onun
güzəştlərə olan hüquqlarının təsdiq olunması və
eləcə də ödəmə vasitəsi kimi istifadə oluna
bilər. Bu cür biletdə tələbənin rəqəmsal şəkli,
adı, soyadı, atasının adı, fərdi kodu, tələbə
biletinin seriyası və nömrəsi, verilmə tarixi və
qüvvədə olduğu tarix, təhsil forması, eləcə də
təhsil müəssisəsinin adı göstərilə bilər.
|
|
Dünyada 100 milyon uşaq məktəbə getmir |
Bu barədə 8 sentyabr - Beynəlxalq Savadlılıq
Günü (International Literacy Day) münasibəti
ilə BMT-nin baş katibi Pan Gi Munun
müraciətində bildirilmişdir. Müraciətdə qeyd
olunmuşdur ki, dünyada əhalinin ümumi savadlılıq
səviyyəsi dəhşətli dərəcədə aşağıdır: "Böyük
əksəriyyəti qadınlar olmaq şərti ilə təxminən
860 milyon yetkinlik yaşına çatmış insan
yazıb-oxumaq və hesablamaq bacarığına malik
deyil. 100 milyon uşaq məktəbə getmir və hətta
məktəbə getməyə başlayanlar arasında təhsilini
dayandıranların sayı həddindən artıqdır.
Bununla belə, hazırda mövcud olan dəhşətli
vəziyyəti dəyişmək üçün çox şey tələb olunmur".
Bütün dünyada məktəbli yaşında 67 milyon uşaq
ilkin təhsilə malik deyil. Bundan başqa, 72
milyon yeniyetmə də təhsilsizdir.
BMT-nin baş katibi qeyd etmişdir ki, bu il
fəaliyyətində əsas diqqəti savadlılığın ümumi
səviyyəsinin artırılmasına yönəldəcək.
"Savad həyat səviyyəsinin yüksəlməsi,
cəmiyyətdə lazımi qərarların qəbulunda iştirak,
sağlamlıq və digər zəruri məlumatların əldə
olunması üçün insanlara böyük imkanlar verir.
Hər şeydən əvvəl isə savad insanlara bir
vətəndaş kimi öz hüquqlarından istifadə etməyə
imkan yaradır", - deyə Pan Gi Mun bildirmişdir.
Dünyanın 12 ölkəsində - Benin, Burkina-Faso,
Qambiya, Haiti, Mali, Nigeriya, Seneqal,
Sierra-Leon, Çad və Efiopiyada yaşlı insanların
50 faizi savadsızdır. Dünyada savadsız
insanların yarıdan çoxu Cənubi Asiyada yaşayır.
48,5 milyon uşaq müharibə zonalarında
yaşadıqlarına görə təhsil ala bilmir. Hətta
həyat səviyyəsi daha yaxşı olan Avropa Birliyi
ölkələrində gənclərin 14 faizi orta məktəbin
yalnız ibtidai mərhələsində təhsil alır.
Qeyd edək ki, Beynəlxalq Savadlılıq Günü BMT
çərçivəsində qeyd olunan beynəlxalq günlərdən
biridir. Bu il Beynəlxalq Savadlılıq Gününün
mövzusu "XXI əsrdə savadlılıq"dır.
|
|
İsveçrə əcnəbi tələbələri vergidən azad edir |
İsveçrənin
Təhsil və Elm Komissiyası dövlət şurasının
yaxından dəstəyilə Milli Şuranın (parlamentin
aşağı palatası) xarici tələbələrin məcburi
qaydada vergi ödəmələrinə cəlb olunmasına dair
təklifini rədd edib. Bu təklifə görə, əcnəbi
tələbələr yerli tələbələrdən fərqli olaraq üç
dəfə artıq vergi ödəməli idilər. Əcnəbi
tələbələrin xeyrinə olan qərar İsveçrə
parlamentində böyük səs çoxluğu ilə qəbul
olunmuşdur. Qərar həm istedadlı tələbələrin
ölkədə qalmasının, həm də təhsil müəssisələri
arasında rəqabətin əsasını təşkil edəcək.
Bundan əlavə, texniki məktəblərin federal Şurası
da 2015-ci ilin qışından başlayaraq vergilərin
iki dəfə artırılması barədə əvvəlki qərarından
imtina etmişdir. |
|
Rusiya Federasiyasında ali məktəblərin yeni
keyfiyyət monitorinqinə start verilmişdir |
Rusiyanın Təhsil və Elm Nazirliyi ali
məktəblərin yeni keyfiyyət monitorinqinə start
vermişdir. "Uçitelskaya qazeta"nın yazdığına
görə, monitorinqdə dövlət universitetləri ilə
yanaşı özəl ali məktəblər də iştirak edir. Ali
təhsil müəssisələrinin ilk keyfiyyət
monitorinqi 2012-ci ilin payızında
keçirilmişdir. Monitorinq gedişində 30 dövlət
ali məktəbi və onların 262 filialı
qeyri-effektiv elan olunmuş və onların yenidən
təşkilinin zəruriliyi bildirilmişdir. Sentyabrın
16-dək bütün ali məktəblər öz fəaliyyətlərinə
dair məlumatları Təhsil və Elm Nazirliyinə
təqdim etmişlər. Ali təhsil sahəsində dövlət
siyasəti Departamenti daxil olmuş məlumatlar
əsasında təhlil aparacaq və noyabrın 20-dən gec
olmayaraq Təhsil və Elm Nazirliyinə nəticələr
barədə hesabat verməlidir.
Ötən monitorinqlərdə olduğu kimi ali məktəblər
həyata keçirdikləri proqramlar, bütün təhsil
səviyyələri üzrə tələbələrin sayı, təhsil
forması, birinci kursa vahid dövlət
imtahanlarında əldə olunmuş orta qiymət balı,
öz elmi fəaliyyəti, ixtisaslaşma, əməkdaşların
yaşı və əməkhaqları, eləcə də maddi-texniki baza
və gəlirlər barədə məlumatlar təqdim
etməlidirlər.
Builki monitorinqdə əvvəlkindən fərqli olaraq
ali məktəbin spesifik xüsusiyyətləri nəzərə
alınacaq. Bunlar hərbi və güc, tibb, kənd
təsərrüfatı, yaradıcı, idman və nəqliyyat
sahələri ilə bağlı olan ali məktəblərdir. Hər
bir belə qruplar üçün monitorinqin əlavə və
korrektə olunmuş baza göstəriciləri işlənib
hazırlanmışdır. Monitorinqlər gedişində tətbiq
olunacaq daha bir əhəmiyyətli yenilik
məzunların ali məktəbi bitirmələrindən sonra
işlə təmin olunması göstəriciləri ilə bağlıdır.
|
|
Qazaxıstan 12 illik təhsil sisteminə hazırlaşır |
Astanada
Qazaxıstan təhsil işçilərinin avqust
müşavirəsində ölkənin ümumtəhsil məktəblərinin
12 illik təhsil sisteminə keçidi ilə bağlı
məsələ müzakirə olunmuşdur. Müşavirədə
bildirilmişdir ki, 2003-cü ildən başlayaraq
paytaxt Astanada 12 illik təhsil üzrə 8 məktəb
eksperiment rejimində fəaliyyət göstərir.
Eksperimentdə 100-dən artıq şagird iştirak
etmişdir. Onlara paytaxtın 147 müəllimi dərs
keçmişdir. Bu il məktəblərin layihəyə
qoşulmasının 10 ili tamam olmuşdur. 2015-ci ildə
bütün məktəblərin 12 illik təhsil sisteminə
keçməsi nəzərdə tutulmuşdur. "12 illik təhsil
sisteminin dəstəklənməsi mərkəzi"nin direktoru
Baxıt Tulukbayevin sözlərinə görə, 2015-ci ildə
birinci siniflərə 6 yaşlıların qəbulu nəzərdə
tutulmuşdur. Bundan əlavə, 2015-ci ildə ibtidai
siniflər 5 günlük tədrisə keçəcək. 6-cı gün
uşaqların müstəqil inkişafı üçün nəzərdə
tutulmuşdur, uşaqlar öz arzularına müvafiq
olaraq musiqi dərslərinə qatılacaq, idmanla
məşğul olacaq və ya əlavə olaraq sevdikləri
fənləri öyrənəcəklər.
Qazaxıstan təhsil və elm nazirinin müavini
Murat Abenov 12 illik təhsilə keçidlə bağlı
çıxışında məktəb direktorlarının seçki yolu ilə
təyin olunması məsələsinə toxunmuşdur. "Bu cür
sistemdə (12 illik təhsil) məktəb rəhbərinin
böyük səlahiyyətlərə malik olması vacibdir, bunu
isə məktəb direktorunun seçki yolu təyin
olunması ilə həyata keçirmək olar. Qəyyumlar
şurası yaradılacaq, ona məktəb direktorlarını
seçmək səlahiyyəti veriləcək. Bununla da məktəb
direktoru təkcə təhsil sistemi rəhbərliyi, yerli
orqanlar qarşısında deyil, həm də ictimaiyyət
qarşısında öz fəaliyyətinə dair hesabat
verməlidir. Çünki qəyyumlar şurasına
valideynlər, alimlər, məktəbə bu və ya digər
profil üzrə işləməkdə kömək edən müxtəlif iri
şirkətlər daxildir", - deyə təhsil nazirinin
müavini bildirmişdir. O qeyd etmişdir ki,
müəllimlərin və təhsil yönümünün seçilməsi, bu
və ya digər mütəxəssisin dəvət olunması üçün
məktəblərə müəyyən muxtariyyət və müstəqillik
verilməlidir.
12 illik təhsil sisteminin tətbiqi ilə bağlı
XI və XII siniflər 6 profilə -
fizika-riyaziyyat, kimya-biologiya,
sosial-iqtisadi, tarix-hüquq, filologiya,
özünüdərk və sosial-pedaqogikaya bölünəcək.
Uşaqlar XII sinifdən sonra xüsusi imtahan
gedişində bu profillərdən birini seçəcəklər.
Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV |
|