Göyçay rayonunun ümumtəhsil məktəblərində Bilik Günü
münasibətilə toplantı keçirilmişdir. Göyçay Rayon Təhsil
Şöbəsinin müdiri Asif Nəbiyev bildirmişdir ki,
tədbirlərdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin
nümayəndələri iştirak etmişlər. Bu il ilk dəfə birinci
sinfə gedəcək şagirdləri, o cümlədən bütün məktəbliləri,
müəllimləri və valideynləri təbrik edən, natiqlər ölkədə
təhsilin inkişafına göstərilən dövlət qayğısından, əldə
olunan uğurlardan danışmışlar. Qeyd olunmuşdur ki,
Heydər Əliyev Fondunun dəstəyi ilə və regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq
son illərdə Göyçayda 11 yeni məktəb binası tikilmiş, 10
məktəb isə əsaslı təmir olunmuşdur. Nəticədə 10 minə
yaxın şagirdin təhsil şəraiti yaxşılaşmışdır.
342 nəfər məzun ali məktəblərə, 101 nəfər isə orta
ixtisas təhsili müəssisələrinə qəbul olunmuşdur.
Məzunlardan 19 nəfəri 600-dən, 64 nəfəri isə 500-dən
yuxarı bal toplamışdır. Ali məktəblərə qəbul olanlardan
3 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.
Tədbirdə müəllim və şagirdlər, kənd ağsaqqalları çıxış
edərək təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya
görə ölkəmizin başçısı İlham Əliyevə və Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə birinci sinif şagirdlərinə Heydər Əliyev
Fondunun hədiyyəsi olan çanta və məktəbli ləvazimatları
verilmişdir.
Qeyd olunmuşdur ki, yeni dərs ilinə hazırlıq
çərçivəsində rayonun bütün təhsil müəssisələrində cari
təmir işləri aparılmış, məktəblər İnternet şəbəkəsinə
qoşulmuşdur.
Şakir DAYANDUROĞLU |